Kontaminasiyanı şərtləndirən amillər hansıdır? Söyləyici hansı zərurətdən süjetləri birləşdirməyə ehtiyac hiss edir? A.N.Veselovskiyə görə, kontaminasiya əsas hekayənin unudulması nəticəsində baş verir: “İstənilən söyləyicini və nağılçını eyni bılinanı və ya nağılı fərqli zamanlarda bir neçə dəfə və ən yaxşı şəkildə söyləməyə məcbur edin. Görəcəksiniz ki, o hər dəfə öz hekayəsinə nəsə yeni, hansısa təfsilat və ya əlavə gedişlər artırır. Səriştəsiz söyləyicilərdə bu qarışıqlıq ona gətirib çıxarır ki, söyləyici unutduğundan və ya nağılı qeyri-şüuri o qədər qarışdırır, nəticədə nağıl tanınmaz şəkil alır (Veselovskiy, 110).
N.M.Vedernikova bunu söyləyicinin daim eyni auditoriya qarşısında çıxış etməsi ilə izah edir. Onun fikrincə, nağılçının repertuarı məhdud sayda süjetlərdən təşkil olunur. Hər dəfə eyni auditoriya qarşısında çıxış etdiyindən dinləyiciləri ələ almaq, onlarda maraq oyatmaq üçün söyləyici repertuarını yeniləməyə, məlum nağılları dəyişməyə ehtiyac hiss edir. Bu amil də onları improvizasiyaya sövq edir: “Yeni element və motivlərin gətirilməsi, ənənəvi obrazların özünəməxsus izahı hər dəfə təhkiyəni canlandırır, dinləyicilərin diqqətini cəlb edir. Ənənəvi hekayəni canlandırmaq, söyləyicinin ustalığını nümayiş etdirməyin vasitələrindən biri də kontaminasiyadır. Söyləyici məlum süjetləri bir nağılda birləşdirməklə ənənəvi material əsasında yeni bir əsər yaradır. Dinləyici sevimli qəhrəmanlarını, ayrı-ayrı epizodları asanlıqla tanısa da, bütövlükdə fəaliyyətin qeyri-adi inkişafı auditoriyanın marağına səbəb olur (Vedernikova 1972, 161)”.
R.P.Matveyevaya görə, kontaminasiya nağılın yaşadığı, mövcudluğunu sürdürdüyü mühitin, daha dəqiq desək təsərrüfat fəaliyyətinin təsiri ilə baş verir. Bunu Şimali və Şərqi Sibirin timsalında izah etməyə çalışan müəllif yazır ki, Şərqi Sibirdə ağır sənayenin üstünlük təşkil etməsi orada nağılçılıq ənənəsinin inkişafına müsbət təsir göstərmiş, çoxsüjetli nağılların meydana çıxmasına səbəb olmuşdur. Amma Qərbi Sibirdə əhalinin əsasən əkinçiliklə məşğul olması nağılın auditoriyasını daha da daraltmış, nağılın ailə ortamı, ən çox da qadın və uşaq auditoriyası ilə məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də burada kontaminasiyaya o qədər də ehtiyac duyulmur, rast gəlinən süjet birləşmələri də gedişlərin unudulması, fantaziya oyunu nəticəsində yaranır “Matveyeva, 78”.
Kontaminasiya hadisəsinin yaranmasını bir amillə şərtləndirməyin qəti əleyhinə olan İ.Rüstəmzadə söyləyicilərin müxtəlif səbəblər üzündən bu yola baş vurduğunu qeyd edir. Onun fikrincə, sadalanan amillərdən əlavə, söyləyici həm də obrazı, personajı açmaq, ona məxsus müəyyən xüsusiyyəti daha qabarıq şəkildə çatdırmaq məqsədilə də süjet birləşmələrindən istifadə edir. Araşdırıcıya görə, “Verilən cavab oğrunu ələ verir” (976A) + “İtmiş dəvə” (925**) + “Ağıllı qardaşlar” (925*A) + “Kim mərhəmətlidir” (976) süjetlərindən təşkil olunmuş “Ləlin nağılı”nda qardaşların bilicilik, uzaqgörənlik qabiliyyəti, “Tülkü Həccə gedir” (113B*) + “Gəlinin zinət əşyalarının oğurlanması” (1B*) + “Qurdun balıq tutması” (2) + “Tülkü pinəçilik edir” (38A*) + “Tülkü səbət toxuyur” (38B*) birləşmələrindən təşkil olunan “Tülkü” nağılında isə tülkünün hiyləgərliyi qabardılmağa, üzə çıxarılmağa çalışılmışdır (Rüstəmzadə, 52).
Folklor əsərlərinin formalaşma (başlanğıc mərhələ), aktiv yaşama və tənəzzül olmaqla üç təkamül dövrü keçdiyini vurğulayan V.P.Anikinin fikrincə, kontaminasiya hadisəsi birinci və üçüncü dövrlər üçün xarakterikdir, folklor janrlarının çiçəkləndiyi, mətnlərini özlərinin aktiv həyatını yaşadığı ikinci mərhələdə isə çox nadir hallarda bu hadisəyə rast gəlinir (Anikin, 88). Süjet birləşmələrinin statistik təhlili əslində bu fikirlərin yanlış olduğunu, nağılların tənəzzül etdiyi müasir dövrdə kontaminasiyaların sayında artım deyil, azalmalar müşahidə olunduğunu göstərir. Folklor məclislərinin öz aktivliyini qoruyub saxladığı, nağıllar qızğın dövrünü yaşadığı keçən əsrin I yarısında yazıya alınmış hər üç nağıldan birində süjet birləşməsinə rast gəlinirdisə, son on-on beş ildə yazıya alınmış nağıllarda bu rəqəm 10-nun 1-ə münasibətindədir. Yəni hər on süjetdən yalnız birində kontaminasiya ilə qarşılaşırıq. Bu faktın özü onun göstərir ki, süjet birləşmələrinin nağılların tənəzzülü ilə heç bir əlaqəsi yoxdur, onlar nağılların ən aktiv dövrünü yaşadığı, insanların mədəni həyatının ayrılmaz parçası olduğu dövr üçün daha xarakterikdir.
Deyilənləri ümumiləşdirərək deyə bilərik ki, kontaminasiya dünənin, sırağa günün hadisəsi deyil, onun yaranması, meydana çıxması daha qədimlərə gedir, bəlkə də nağılın mərasimdən ayrılıb estetik maraqlara xidmət etdiyi dövrdən etibarən kontaminasiyaya ehtiyac duyulmuşdur. Beynəlxalq kontaminasiyaların mövcudluğunu nəzərə alsaq və onların xalqların böyük köçü, türk-monqol tayfalarının qərbə yürüşü zamanı ənənəyə daxil olduğunu ehtimal etsək, onda bu köçlərin baş verdiyi tarixdə artıq kontaminasiya mövcud idi. Özü də beynəlxalq kontaminasiyalar sadə deyil, kifayət qədər əsaslandırılmış və mürəkkəb birləşmələrdir. Onlar vahid bir əsər kimi o qədər bütövləşmişlər ki, bu gün də şifahi ənənədə həmin süjetlərin müstəqil variantlarından daha çox kontaminasiya olunmuş variantları geniş yayılmışdır. Təbii ki, bu cür üzvü kontaminasiyaların birdən-birə meydana çıxması mümkün deyil, bunun üçün zaman tələb olunur. Fikrimizcə, birləşmələr öncə sadə, mexaniki şəkildə baş vermiş, nağılçılıq ənənəsi inkişaf etdikcə, nağılların estetik funksiyası gücləndikcə birləşmələr daha da mürəkkəbləşmiş, üzvü hal almışdır. Buna dayanaraq, kontaminasiyaların yaranma tarixini xalqların böyük köçündən də xeyli əvvələ aparmaq mümkündür. Hər halda bir şey dəqiqdir ki, kontaminasiya estetik maraqlara xidmət edir və nağılların estetik funksiyasının güclənməsi ilə şifahi ənənədə özünə yer tapmışdır.
Dostları ilə paylaş: |