Elmi ideya və mühit
Alim bu tezisdə idrakın ziddiyyətli sıralanmasını elmi prosesə təqdim edir. Sadə və bəsit təfəkkür incələməsi deyil. Əsərin nəşrindən 2 il ötsə də, çağdaş folklorşünaslıqda buna aktiv münasibət olmadı. Çünki əsərin motivi və onun yaratdığı assosiasiya hissin və təfəkkürün iştirakı ilə reallaşır. “Şaman arxetipi” əsəri etnoenergetik və sinergetik paralellərdən də proyeksiyalana bilir. Əsər monotip və monoton deyildir. Elmi və hissi məcrayla aydın olur ki, bəşəriyyətdə ortaq kökə, ortaq mədəniyyətə sahib olan toplumlar ilk çağlarda birgə yaşamış, zaman keçdikdən sonra müxtəlif qəbilələrə, tayfalara, xalqlara, irqlərə ayrılmışlar.
S.Rzasoy maraqlı elmi nəticə əldə edə bilir. İnsan-cəmiyyət münasibətləri bölünmüş toplumların bir-birini tanımaq ehtiyacını yaratdı. İnsanın var olma tarixində məşhur üç mərhələ – icmalar halında yaşamaq, ayrılmaq və tanışlıq heç də bir-birinə zidd deyildir. Qurani-Kərimdə bu barədə deyilir:
“Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi...” (Maidə: 48).
“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir...” (Ər-Rum: 22).
Mif dövründən bu günə kimi insanların birliyi və onların multi xarakteri arasında bəşəri müştərəklik gizlənir. Məhz bu müştərəklik toplumları bir-biri ilə tanış olmağa, bəşəri birliyə səsləyir. S.Rzasoyun paradoksları, məsələyə müxtəlif baxışları bu nəticəni uzaqdan “işıqlandırır”. Onun hər bir əsərində elmi kəşf nüansları vardır.
Qeyd edək ki, müəllifin “folklorun yazılı ədəbiyyata, yazılı ədəbiyyatın folklora təsiri və hər ikisinin qarşılıqlı təsirləri” haqqındakı sadə elmi tezisi onun təfəkkürünün məhsulu olaraq folklorşünaslıqda “folklor və yazılı ədəbiyyat” konteksində bütöv bir paradiqma yaratmışdır.
“Xəbərləşmə” bəşəri ünsiyyət konsepti kimi
Millətləri bir-birindən ayıran dil, din faktorları olduğu kimi, mədəniyyət faktoru və yaşam fəlsəfəsi də var. Dil, din faktorundan daha çox kültür, adab, mədəniyyət faktorunu önərən S.Rzasoy əsərinin əsas konseptlərindən birini təşkil edən “xəbərləşmə” ilə türkolojinin öyrənilməyə möhtac olan qaranlıq laylarına nüfuz edir. Bu, ilk baxışdan oxuduğumuz mətnlərin və yaxud dinlədiyimiz dastanın təsviri üsulla təhlili təsirini yarada bilər. Lakin Annemarie Van Gabainin dediyi kimi “Türkoloji yabançılar üçün bir məslək, türklər üçün isə milli bir görəvdir”. S.Rzasoyun “tapdığı” xəbərləşmələr milli mədəniyyətin xarakteri məsələsidir. Uzun müddət passionarlığı yad klişelərdə təhlil etdiyimiz üçün folklorşünaslıq elmimiz auditoriyalardan dışarı çıxa bilməyib. Məhz belə əsərlər milli mətnlərin yabançı intonasiyada deyil, milli fonopoetik ritmdə çalarlanması və milli kültürün qlobal aləmə inteqrasiyası kimi təzahür edir.
Dostları ilə paylaş: |