Operativ planlar fəaliyyət dövründə baş vermiş mənfi dəyişikliklərin və onun yaratdığı problemlərin dərhal aradan qaldırılmasına xidmət edir. Operativ tədbirlər planı aşağıdakı məsələlərin həllini özündə cəmləşdirir.
Dəyişikliklərin və onların yaranma səbəblərinin öyrənilməsi.
Dəyişikliklərin və onların yaranmasına təsir edən amillərin təhlil edilməsi və təsir dərəcələrinin minimuma endirilməsi.
Dəyişikliklərin və onların yaratdığı problemlərin nəticələrinin dərhal aradan qaldırılması.
Müəssisədə həmin dəyişiklik və problemlərin yaranmaması üçün profilaktik tədbirlərin görülməsi.
Planlaşdırmanın aşağıdakı prinsipləri mövcuddur:
Planların ardıcıllığı prinsipi. Qarşıya qoyulan məqsədə nail olmaq yollarının və müddətlərinin ardıcıllığı düzgün müəyyənləşdirilməlidir.
Planların reallığı prinsipi. Planda nail olunması nəzərdə tutulan göstəricilər və nəticələr reallığa uyğun olmalıdır.
Planların aydınlığı prinsipi. Planlar aydın, başa düşülən tərzdə tərtib edilməlidir. Çünki ayrı-ayrı şöbələr və bölmələr onun müddəalarını başa düşməli və fəaliyyətlərində tətbiq etməlidirlər.
Planların çevikliyi prinsipi. Planlar situasiyanın, yaranmış vəziyyətin tələblərinə uyğun olaraq çevik formada dəyişdirilmək imkanına malik olmalıdır.
Biznes-plan. Planlaşdırmanın həyata keçirilməsində biznes–planların əhəmiyyəti və mahiyyəti olduqca böyükdür. Biznes–planlar əsasən biznes sahələri üçün nəzərdə tutulan plan sənədidir. Biznes–planlar biznes sahələrinin inkişaf perspektivlərinin, iqtisadi səmərəliliyin göstəricisidir. Biznes-planlar müəssisənin sanki güzgüsüdür.
Biznes-planlar müəssisənin istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin geniş proqramıdır. Biznes-plan yeni ideyaların həyata keçirilməsini, mövcud istehsalın genişləndirilməsini əhatə edir. Həmçinin biznes-plan müəssisəsinin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış şərhidir.
Biznes-plan həm müəssisədaxili, həm də müəssisəxarici sənəddir. Biznes-plan ona görə müəssisənin xarici sənədidir ki, digər müəssisələr, rəqiblər, tərəfdaşlar, alıcılar, sifarişçilər müəssisə haqqında informasiya almaq istədikdə, onlar biznes-planın məlumatlarına istinad edə bilərlər. Biznes–plan ona görə müəssisədaxili sənəddir ki, müəssisənin daxili strukturları biznes-planın onlara aid olan bölmələrini əldə rəhbər tutaraq fəaliyyət göstərirlər. Biznes-plan bir neçə bölmələrdən ibarət olur. Biznes-planın ən çox istifadə olunan bölmələri aşağıdakılardır:
Biznes-plan haqqında qısa xülasə;
Müəssisə haqqında məlumat;
Təşkilati plan;(Təşkilati struktur)
Marketinq planı;
İstehsal planı;
Maddi-texniki təchizat planı;
Satış planı;
Maliyyə planı;
Mənfəət planı;
Layihənin iqtisadi səmərəliliyi.
Birinci bölmədə biznes-plan haqqında ümumi məlumat verilir. Yəni biznes-plan hansı məqsəd üçün tərtib olunub, fəaliyyətin hansı tərəflərini və hansı istiqamətlərini əhatə edir, hansı müddət üçün nəzərdə tutulur. Bu bölmə yeni layihə üçün lazım olan kapital qoyuluşunun həcmini də müəyyən edir.
İkinci bölmədə müəssisənin özü haqqında məlumat verilir. Burada müəssisənin fəaliyyət sferaları, onun mövcud vəziyyəti və iqtisadi durumu, əsas vəsaitləri, ehtiyac duyulan təmir və bərpa işləri haqqında informasiyalar və s. nəzərdə tutulur. Bu mərhələdə müəssisənin maliyyə imkanları, onun aktivləri və passivləri əks etdirilir.
Üçüncü bölmə təşkilati strukturun müəyyən olunmasını və biznes-planın həyata keçirilməsi üçün vəzifə bölgüsünü özündə əks etdirir. Bu bölmədə biznes-planın hansı tərəflərinin və müddəalarının təşkilati strukturun hansı bölmələri tərəfindən yerinə yetiriləcəyi qeyd edilir.
Dördüncü bölmə bazarın öyrənilməsini, bazarda məhsula olan tələbatın müəyyən edilməsini əks etdirir. Bu plan “hansı məhsuldan nə qədər və hansı keyfiyyətdə istehsal olunarsa və bazara hansı qiymətlə çıxarılarsa onu satmaq olar” sualına cavab verir. Həmçinin marketinq plan müəssisənin rəqabət qabiliyyətinin artırılması üçün böyük əhəmiyyət kəsb edir.
Beşinci bölmə istehsalla bağlı olub, marketinq plana istinad edərək məhsulun kəmiyyətini, növünü, çeşidini, keyfiyyətini, dəyərini planlaşdırır. Yəni bu bölmədə marketinq planında irəli sürülmüş müddəalara əsasən, məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə istehsal planlaşdırılır.
Altıncı bölmə istehsalın əsas vəsaitlərlə, xammal və materiallarla, yanacaq və enerji ilə təchiz edilməsini müəyyənləşdirir.
Satış planı satılacaq məhsulun həcmini, çeşidini, qiymətini müəyyən edir. Bu plan satışdan əldə olunacaq gəlirin müəyyən olunmasında əhəmiyyətli rol oynayır. Satış planları, həmçinin məhsulun satış bazarlarının müəyyən olunmasını, satışın həvəsləndirilməsi tədbirlərini özündə əks etdirir. Bəzən satış və marketinq planları bir plan bölməsində birləşdirilir.
Maliyyə planı yuxarıda sadalanan bütün proseslərin maliyyələşməsini və əldə ediləcək gəlirin həcmini özündə əks etdirir. Maliyyə planı iki hissədən ibarətdir. Gəlirlər və xərclər. Onların müqayisəsi nəticəsində mənfəət aşkar edilir.
Yeddinci bölmə isə mənfəətə həsr olunur. Bu bölmə maliyyə planı ilə birgə verilə bilər. Bu bölmədə mənfəətin bölüşdürülməsi və ondan hansı məqsədlər üçün istifadə olunması nəzərdə tutulur. Mənfəətin bölüşdürülməsi və istifadəsi müəssisənin gələcək strategiyasının formalaşmasının əsasını təşkil edə bilər.
Nəhayət, biznes-plana sərf olunmuş kapitalın nə vaxt geri qaytarılacağı və onun iqtisadi səmərəlilik göstəriciləri müəyyən olunur. Bu bölmədə təhlillər və müqayisələr aparılır, müəssisənin fəaliyyətinə iqtisadi qiymət verilir.