Demokratik üslub Demokratiya yunan sözü olub demos–xalq, kratos–hakimiyyət sözlərindəndir, xalqın hakimiyyəti mənasını ifadə edir.
Demokratik üslub idarəetmədə işçilərin hüquq bərabərliyini, onların öz mövqeyini ifadə etmək, danışmaq, azad surətdə fikrini bildirmək hüquqlarını və imkanlarını nəzərdə tutur.
Demokratik üslubda əsas qərarlar kollegial qaydada qəbul edilir. Bu üslubda aşağıdakı prinsiplər əldə rəhbər tutulur:
Qərarları kollegial qaydada qəbul etmək;
Yuxarı vəzifələrə seçmək və seçilmək hüququ;
Müstəqil surətdə informasiya əldə etmək;
Vəzifələrin yerinə yetirilməsi zamanı yuxarıda gələn diktələrə deyil, qanunlara riayət etmək;
Müəssisədə insan hüquqlarını qorumaq.
Demokratik təbiətli rəhbər hakimiyyəti kollektivlə və ya onların nümayəndələri ilə bölüşür, idarəetmənin kollegiallıq, demokratik mərkəziyyət, bərabər hüquqluluq prinsiplərini tətbiq edir, sosial metodların tətbiqinə daha çox üstünlük verir.
Avtokrat üslub Avtokrat sözü latın dilində hakimiyyət, təsir deməkdir. Avtokratiya yunan dilində avto özü, kratiya hakimiyyət deməkdir. Avtokratizm əsasən hakimiyyətin siyasi formasıdır. Bu cür idarəetmə forması müəssisə və təşkilatlar üçün də xarakterik olur. Avtoritar hakimiyyəti aparan subyekt şəxs və ya qrup ola bilər. Yəni hakimiyyət bir nəfərin və ya qrupun əlində cəmləşir. Avtokrat rejimdə qərarları təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı sferaları yalnız icraçı kimi çıxış edirlər. Avtokrat rejim özü də totalitar və avtoritar rejimlərdən ibarətdir.
Avtokrat üslubda rəhbərlər bütün hakimiyyəti əlində cəmləşdirməklə idarəetmənin vahid rəhbərlik (və ya tək başına) prinsipinin tətbiqinə üstünlük verirlər. Bu cür rəhbərlər işçinin motivə olunmasında inzibati üsullara daha çox üstünlük verir, onları məcbur etməklə, hədələməklə, cəza tədbirləri tətbiq etməklə işləməyə məcbur edirlər. Avtokrat üslubda qeyd etdiyimiz kimi, bəzən rəhbər hakimiyyətin idarə edilməsinə hər hansı bir şəxsi və ya qrupu cəlb edir. Lakin yenə də həmin rəhbər özünü hakim şəxs kimi təqdim edir.