FƏSİL III. MENECMENTİN FUNKSİYALARI
3.1. Planlaşdırma funksiyası. Biznes – plan
Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən müddət ərzində onlara nail olunması yollarına dair fikirləri və ideyaları özündə əks etdirir.
Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əlaqədar bir prosesdir. Planlaşdırma prosesi qərarların qəbul edilməsi və reallaşdırılması ilə əlaqədar təsəvvürlərin sistemləşdirilməsi mexanizmdir. Planlaşdırmanın idarəçilik fəaliyyəti baxımından aşağıdakı funksiyaları vardır:
Məqsədin müəyyən edilməsi.
Proqnozlaşdırma.
Layihələşdirmə.
Daxili koordinasiya.
Ehtiyatların bölüşdürülməsi.
Müddətinə görə planlar 3 növə bölünür:
1. Qısa müddətli planlar (Qısa müddətli planlar bir ilədək olan müddəti əhatə edir).
2. Orta müddətli planlar (Orta müddətli planlar iki ildən dörd ilədək olan müddəti əhatə edir).
3. Uzun müddətli planlar (Uzun müddətli planlar isə beş ildən yuxarı müddəti əhatə edir).
Planlar təsərrüfat fəaliyyətinin iqtisadi mahiyyəti və məzmununa görə aşağıdakı kimi təsnifləşdirilir:
Strateji planlar.
Taktiki planlar.
Cari planlar.
Operativ planlar.
Strateji planlar beş ildən yuxarı olan dövrü əhatə edir. Strateji planlar müəssisənin strategiyasının, onun fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur.
Strateji məqsədlərə aşağıdakılar aiddir:
Fəaliyyət istiqamətlərinin seçilməsi.
İstehsal olunacaq məhsul növünün seçilməsi.
Kapital qoyuluşunun həyata keçirilməsi.
Mövcud istehsalın təkmilləşdirilməsi.
Perspektivlərin müəyyən olunması.
Təşkilatın rəqabət qabiliyyətinin möhkəmləndirilməsi və s.
Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara cavab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini araşdırır, imkanları və gözlənilən təhlükələri müəyyənləşdirir. Strategiya xarici mühitdə dəyişkənliyə reaksiya verilməsinin vasitəsidir.
Strategiya uzun müddətli layihələr əsasında işlənilir. Həmin layihələrin işlənməsi zamanı düzgün ətraflı məlumatlar toplusundan istifadə etmək lazım gəlir.
Strateji planlar şirkətin hansı biznes fəaliyyəti ilə məşğul olacağını və bu istiqamətdə həyata keçiriləcək vəzifələri özündə əks etdirir. Bundan sonra biznes vahidinin daxilində daha dəqiq planlaşdırma baş verir. Strateji məqsədlər marketinq, maliyyə, informasiya, istehsal, nəzarət sahələr üzrə birgə işlənir.
Taktiki planlar strategiyaya nail olmaq üçün müəssisəni müxtəlif vaxtlarda müəyyən fəaliyyət mövqelərinə çıxarır. Taktiki planlar strateji plana nail olmaq üçün taktiki gedişləri, mərhələləri, dövrləri özündə əks etdirirlər.
Cari planlar isə bir illik cari dövrü əhatə edir. Həm taktiki, həm də cari plan strateji planlara nail olunmasına xidmət edir. Cari plan uzun müddətli maliyyə-təsərrüfat fəaliyyətini illər üzrə özündə əks etdirən aralıq plandır. Cari planlara bir illik istehsal, maliyyə, maddi-texniki təchizat, satış və s. planlar aiddir.
Dostları ilə paylaş: |