Kollektiv bir-biri ilə qarşılıqlı əlaqədə olan, müəyyən təşkilat və birlikdə ictimai faydalı fəaliyyət göstərən insanların sosial birliyidir.
kollektiv birgə fəaliyyətə əsaslanır;
kollektivdə fəaliyyət eyni istiqamətli olur;
kollektivlərin üzvləri bir struktur daxilində olub, onlar arasında hüquq, vəzifə, səlahiyyət bölgüsü aparılır;
kollektivdə mütəşəkkillik mövcud olur;
kollektivə yeni üzvlər daxil ola və çıxa bilir.
Kollektivin formalaşması üçün vacib olan əsas amillərdən biri sosial–psixoloji mühitdir. Kollektivin sosial–psixoloji mühitinə idarəetmə səviyyəsi, iş şəraiti, insanların qarşılıqlı münasibəti təsir göstərir. Müəssisədə sosial–psixoloji mühitə kollektiv üzvlərinin xarakterlərinin uyğunluğu, psixoloji əlaqələri, psixoloji durumu, insanlar arasında xoş münasibətlər, onların bir-birlərinə rəftarları, maraq və meyləri, sosial vəziyyətləri, kollektivdə abu-hava və s. aiddir.
Kollektivdə sosial–psixoloji gərginlik isə qrupda münaqişələrə gətirib çıxarır. Münaqişənin əsasında insanların qarşıdurması, fikirlərin və mövqelərin, xarakterlərin, maraqların toqquşması baş verir. Münaqişə zamanı ilk öncə həm özünümüdafiə, həm də emosional reaksiyalar yaranır. Bu mərhələdə məsələnin həllinin sülh yolu seçilməzsə, növbəti mərhələ münaqişəli davranış mərhələsi kimi cərəyan edir. Məsələnin həllində aqressivlik artır, kollektivdə baş vermiş emosional vəziyyət əmək fəaliyyətinə mənfi təsirlərini göstərir. Üçüncü mərhələdə ya tərəflər kompromisə getməli, ya da münaqişənin digər həlli yolunu tapmalıdır. Əks təqdirdə rəhbərlər tərəfindən münaqişənin həllinin inzibati metodlarına əl atılır.
Kollektivin idarə olunması kollektiv münasibətlərin öyrənilməsini tələb edir. Hər bir kollektiv sosial qrupdur. Lakin hər bir qrupu kollektiv kimi qiymətləndirmək olmaz. Məsələn Menecerlər İttifaqı sosial qrupdur. Bu qrupa respublikada çalışan bütün menecerləri aid etmək olar. Lakin menecerlərin o hissəsi kollektivin üzvləri hesab olunur ki, onlar birgə fəaliyyətin ümumi məqsədlərinə tabe olsunlar. Məsələn bir müəssisədə çalışan menecerlər, maliyyə meneceri, satış meneceri, layihə meneceri kollektivin üzvləri hesab edilirlər.
Kollektivin bir məqsəd naminə birləşməsi və çalışması idarə etmədə rəhbərin qarşısında duran əsas prioritet vəzifələrdən biridir. Onlar illərlə bir yerdə işləyir, bir-birlərini anlamağa başlayır, hərəkətlərini, davranışlarını, müraciətlərini qəbul edirlər, onların işində özünəməxsus ahəng yaranır.