9.2. Menecment etikası
Etika yunan sözü olub əxlaq, ənənə mənasını verir. Etika fəlsəfənin bir hissəsi olub, insan mənəviyyatını əhatə edir. Aristotel fəlsəfəyə ilk dəfə olaraq etika adını vermişdir. Etika insan davranışları ilə bağlı elmdir. Etika mədəniyyətin bir sahəsi olub, insanların əxlaq və davranış sahəsində yaratdığı mənəvi dəyərlərin məcmusudur.
Etika əsasən bu suala cavab axtarır. Bu situasiyada mən necə davranmalıyam? Mən nə etməliyəm? Cavab isə etik normalar çərçivəsində axtarılır. Yəni nəyi etməyə icazə verilir, nəyi etmək olmaz. Rəhbərlər və vəzifəli şəxslər fəaliyyətlərini yerinə yetirərkən etik prinsiplərə riayət etməlidirlər.
Rəhbərlər vəzifələrini səmərəli, vicdanlı yerinə yetirməlidirlər.
Onlar insanlara və əşyalara münasibətdə səlahiyyət həddini aşmamalıdırlar.
Tənqidi mülahizələrdən qaçmamalıdırlar.
Peşəsinin nüfuzuna xələl gətirməməlidirlər.
İnsanların şərəf və ləyaqətinə, nüfuzuna hörmətlə yanaşmalıdırlar.
Digər işçilərə qarşı xeyirxah və diqqətli olmalıdırlar.
Digərləri haqda qərar qəbul edərkən qərəzsiz, humanist və ədalətli olmalıdırlar.
9.3. Streslərin idarə edilməsi
Fəaliyyətin səmərəliliyi motivləşmənin optimallıq səviyyəsindən çox asılıdır. Çünki insan məqsədinə nail olmaq üçün çalışır və ya mübarizə aparır. Bəzən elə psixoloji hallar baş verə bilir ki, fəaliyyətin icrasına mane olur. Bu cür hallara həyəcan, tələskənlik, emosiya, qorxu, təşviş, stress və s. aid etmək olar.
Stress ingilis sözü olub, gərginlik deməkdir. Stress insanda çətin və mürəkkəb amillərin yaratdığı psixi gərginlikdir. Stress insanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi psixoloji haldır. Məsələn müəssisədə yoxlama aparılarkən müfəttiş tərəfindən ciddi qanun pozuntusunun aşkar edildiyi təqdirdə, yaxud da hesabında külli miqdarda pulu olan təşkilatın hesablaşma hesabı yerləşən bankın müflis olması ilə əlaqədar məlumatın daxil olduğu təqdirdə təşkilat rəhbəri həmin halı keçirir.
Stress halında insanın davranış və psixoloji vəziyyəti pozulur. Lakin bəzən də, yüngül stress halı müvəqqəti olaraq, insanın gücünü və fəallığını artırır. Bu zaman insanın gücü və ya fəallığı artsa da, stres vəziyyəti onun düşüncə tərzinə, düşünülmüş qərarlar qəbul etməsinə mənfi təsir göstərir, baş vermiş hadisədən düzgün nəticə çıxarmağa imkan vermir. Yəni insan özünün fiziki və əqli imkanlarını birləşdirə bilmir. Belə olan halda çox vaxt nəticə yenə də ürək açan olmur.
Psixologiyada stresə mənfi hal kimi baxılır. Stress insanın həyat və iş qabiliyyətini məhdudlaşdıran gərginlikdir. Stress halında insan hadisələrə düzgün reaksiya verməyə bilir.
Streslər iki cürdür: informativ və emosional streslər.
1. İnformativ streslər rəhbərin və ya işçinin daha çox informasiyalarla və tapşırıqlarla yükləndiyi təqdirdə baş verir. Bu hal idarəetmədə qəbul edilməzdir. Çünki artıq yüklənmə insanda fikir çaşqınlığı yaradır, nitqində qüsur yaradır və onu əqli cəhətdən yorur. İdarəetmədə artıq yüklənmə tez bir zamanda funksiyaların bölüşdürülməsi ilə əvəz edilməlidir.
İnsan psixoloji cəhətdən hazır olmadığı bir hadisə ilə qarşı-qarşıya gəldiyi zaman psixoloji gərginlik yaşayır və emosional stress keçirir. Emosiya insanın münasibətlərinin (razılıq, narazılıq, gülmək, ağlamaq və s.) ifadə olunması prosesidir.
İstənilən streslər insanda fiziki, emosional sarsıntı və zədələr yaradır. Məsələn streslər ürəkbulanma, dizlərin və əllərin əsməsi, iştahın küsməsi və s. ilə nəticələnir. Streslər nəticəsində, həmçinin təngənəfəslik, müvəqqəti tənəffüs dayanması, qan təzyiqinin artması, dərinin ağarması və ya qızarması, tərləmə və s. halları baş verir.
Stressin hər iki halında insanın motivləşməsi prosesində dəyişiklik baş verir. Onun nitqində, hərəkətlərində və davranışında pozğunluq yaranır.
Emosional stressin fəsadı kimi frustrasiya vəziyyətini qeyd etmək olar. (Frustrasiya-əhval pozğunluğu deməkdir.) Bu bir proses olaraq insanda stressli vəziyyətin baş verməsi ilə əlaqədar olub, onda ruh düşkünlüyü və süstlük yaradır. Yəni insanın nəyəsə ehtiyacı yaranırsa, lakin ona nail ola bilmirsə, arzu və istəklərinə yetişə bilmirsə, onun emosional vəziyyəti dözüm vəziyyətindən üstün olur və onda özünə inamsızlıq yaranır. Bu cür hallar əksər vaxtlarda insanların sağlamlığında ağır fəsadlar törədir.
Stress vəziyyətində insanlar çox vaxt çaşqınlıq içində qalır, hafizələri dolaşır, özlərini itirirlər. Bəzən isə əksinə insanlar stresli vəziyyətdə ani olaraq qərarlar qəbul edir və operativ surətdə məsələnin həllini öz xeyirlərinə dəyişə bilərlər.
Dostları ilə paylaş: |