Əmək tərbiyəsi müəssisədə istehsalın təkmilləşdirilməsini, əl əməyinin yüngülləşdirilməsini, əmək şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bunun üçün əmək fəaliyyətinin aktivləşdirilməsi, kollektivdə əməyə məhəbbət hissinin aşılanması, əməyə vicdanlı münasibətin formalaşdırılması müəssisə rəhbərliyinin daim diqqət mərkəzində olmalıdır.
Nizami Gəncəvi demişdir:
Nə xəzinə yığanam, nə də tirmə geyənəm, Öz halal zəhmətimin çörəyini yeyənəm.
Kərpickəsən kişinin dastanında Nizami əməyə münasibətini belə tərənnüm etmişdir.
Onunçün öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Fiziki tərbiyə insanların sağlamlığı üçün olduqca vacibdir. Bundan ötrü müəssisə və təşkilatların maddi-texniki bazasının tərkibində sağlamlıq mərkəzləri, stadionlar, idman zalları, tibb məntəqələri fəaliyyət göstərir. Hətta bəzi təşkilatlar bu sahəyə daha da böyük diqqət yetirməklə, özlərinin idman cəmiyyətlərini yaratmaqla bu sahədə daha səylə çalışır və fəaliyyət göstərirlər. Məsələn Azərbaycan Dövlət Neft Şirkətinin bazasında “Neftçi” İdman Cəmiyyətini, Dəmir Yol İdarəsinin bazasında “Lokomotiv” İdman Cəmiyyətini, Rabitə Nazirliyinin bazasında “Rabitəçi” İdman Cəmiyyətini misal göstərə bilərik.
Estetik tərbiyə insanların dincəlməyi, mədəni istirahəti üçün vacib amillərdən biridir. Estetik tərbiyə insanın fiziki və əqli enerjisinin bərpa olunması üçün olduqca əhəmiyyətlidir. Kollektivin estetik tərbiyəsinə onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə mədəni - kütləvi tədbirlərin, konsertlərin, teatr proqramlarının təşkili, kollektivin tərkibində özfəaliyyət dərnəklərinin (mahnı və rəqs dərnəklərinin) yaradılması və onların potensialından istifadə olunması aiddir. Bunun üçün bəzi müəssisə və təşkilatlarda kollektivin tərkibində bədii-özfəaliyyət dərnəkləri fəaliyyət göstərir, həmin dərnəklərdə kollektivin üzvlərinin çıxışları təşkil olunur, işçilərin mədəni-kütləvi tədbirlərdə (kinoteatr, konsertlərə) iştirakı təmin olunur.