Maddi-texniki təchizat istehsalı maddi-texniki resurslarla təmin edir. Maddi-texniki təchizat istehsaldan qabaq həyata keçirilir. Yəni istehsala lazım olan əsas vəsaitlər və xammal-material resursları lazım olan vaxtda və həcmdə təmin olunmalıdır.
Maddi-texniki təchizat 2 formada həyata keçirilir:
Birbaşa (tranzit) təchizat.
Anbar təchizatı.
Birbaşa təchizat resursların istifadə olunduqca tədarük olunaraq təmin olunması formasıdır. Bu forma dövriyyədə olan vəsaitlərin dövriyyə sürətinin yüksəldilməsinə xidmət edir. Yəni maddi-texniki resurslar gətirildikcə istehsala yönəldilir. Elə xammal - materiallar var ki, onların saxlanma müddətləri bir necə gündür. Məsələn kərə yağı, xama, kəsmik istehsalı üçün istifadə olunan süd məhsulunun saxlanma müddəti çox qısa müddət təşkil edir. Buna görə də, istehsalçılar həmin məmulatların təchizatını elə təşkil etməlidirlər ki, süd məhsulu hər gün müəssisəyə daxil olan kimi istehsala yönəldilsin.
Amma elə sahələr də vardır ki, xammal və materialları il boyu daxil etmək çətinlik yaradır. Məsələn broyler müəssisələri üçün istifadə olunan buğda və digər dənli bitkilər yay mövsümündə daha ucuz olur. Çünki taxılın biçin vaxtı mövsümü xarakter daşıyır. Buna görə də broyler müəssisələri illik normanı müəyyənləşdirir, biçin vaxtı buğda ehtiyatını anbarlara tədarük edir və ondan il boyu istifadə edir.
Müəssisədə xammal və materialların təmin olunması ilə maddi- texniki təchizat şöbəsi məşğul olur. Maddi-texniki təchizat şöbəsi əvvəlcə öz fəaliyyətini planlaşdırır. Təchizat planı istehsal, maliyyə, satış və s. planları ilə əlaqəli şəkildə tərtib edilir. Maddi-texniki təchizat planları əsasən cari xarakter daşıyır. Çünki təchizat fəaliyyəti faktiki bağlanmış müqavilələr və ya dövrü müraciətlər əsasında həyata keçirilir. Lakin müəssisə maddi təchizat sahəsində hansısa tədarükçü təşkilat ilə strateji əməkdaşlıq edə bilər.
Maddi-texniki təchizatın idarə edilməsinin funksiyaları aşağıdakılardan ibarətdir.
Maddi-texniki təchizatın planlaşdırılması. tələb olunacaq resursların növlərinin və həcminin müəyyən olunması;
onların qiymətlərinin müəyyən olunması;
resursların təchiz olunma formalarının müəyyən edilməsi;
təchizat müddətlərinin müəyyən olunması;
təchiz olunacaq resursların yerləşdirilməsi (anbar təsərrüfatı) məsələlərinin qabaqcadan həll edilməsi;
hazır məhsulun satış obyektlərinə daşınmasını planlaşdırmaq.
Təchizat planının reallaşdırılması. tədarükçülərlə müqavilələrin bağlanması;
resursların alınması və anbarlarda saxlanılması;
resursların istehsal sexlərinə verilməsi;
hazır məhsulun satış obyektlərinə daşınması.
Təchizat işinin həyata keçirilməsinə nəzarət etmək.
Tədarükçülər seçilərkən təchizatçılar bu məsələyə kompleks yanaşmalıdırlar. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:
tədarükçünün yaxın və ya uzaq məsafədə yerləşməsi;
tədarükçünün təqdim edəcəyi məhsulların həcmi, çeşidi, qiyməti, keyfiyyəti;
tədarükçünün göstərəcəyi xidmətlər;
tədarükçünün etibarlılığı;
tədarükçünün verdiyi mala zəmanəti.
Maddi-texniki təchizat şöbəsi bu tələbləri nəzərə alarsa, istehsalın xammal-materiallarla təmin olunması prosesi səmərəli formada, vaxtında və lazımi səviyyədə yerinə yetirilə bilər. Bu da geniş təkrar istehsalın ahəngdar həyata keçirilməsi üçün olduqca əhəmiyyətlidir.