10.4. İnvestisiya menecmenti
İnvestisiya ingilis sözü olub, sərmayə, kapital mənasında işlədilir. İnvestisiyaların mahiyyəti, məqsədi bir sıra ədəbiyyatlarda müxtəlif mənalarda işlədilir. Məsələn bəzi ədəbiyyatlarda investisiyalar kapital qoyuluşu ilə eyniləşdirilir. Bəzi ədəbiyyatlarda gəlir əldə etmək məqsədi ilə uzun müddətli kapital qoyuluşu şəklində həyata keçirilən məsrəflərin məcmusu kimi izah edilir. Bəzi ədəbiyyatlarda isə, investisiyalar istehsal vasitələrinə əlavələr kimi dəyərləndirilir.
Əsaslı vəsait qoyuluşu istehsal və qeyri – istehsal sahələrində əsas fondların yaradılması, onların genişləndirilməsi və yenidən qurulması, istehsalın texniki cəhətdən silahlandırılmasına yönəldilmiş vəsaitlərin məcmusudur. İnvestisiya qoyuluşları isə maddi, əmək və maliyyə məsrəflərindən ibarətdir.
İnvestisiyalar əsas fondların yaradılmasına və genişləndirilməsinə, həmçinin dövriyyə vəsaitlərinin alınmasına sərf edilən kapitalın məcmusudur.
İnvestisiyalar aktiv və passiv təyinata malikdirlər. Aktiv təyinatlı investisiyalar avadanlıqlar və dəzgahların, texnikanın, texnologiyanın alınmasına çəkilən məsrəflərdir. Passiv təyinatlı investisiyalara isə binaların, mənzillərin, kommunikasiyaların tikintisinə, yol tikintisinə çəkilən xərclər aiddir.
İnvestisiya qoyuluşları həm maddi, həm də intellektual sərvətlərdən ibarətdir. Bunlara aşağıdakıları aid etmək olar.
Pul vəsaitləri, səhmlər, paylar və digər qiymətli kağızlar.
Daşınar və daşınmaz əmlak, həmçinin onlardan istifadə hüququ.
Elmi–təcrübi, texniki, texnoloji biliklərin məcmusu.
Xammal və materiallar, yanacaq və s.
İnvestisiyaların praktik olaraq həyata keçirilməsi prosesi investisiya fəaliyyəti, onları həyata keçirənlər isə investorlar adlanır.
İnvestisiyaların idarə edilməsi aşağıdakı funksiyalarının həyata keçirilməsini tələb edir:
Məqsədlərin qoyuluşu. İdeyanın yaranması.
Ətraf mühitin öyrənilməsi.
Tikinti quraşdırma işlərinin planlaşdırılması.
İnvestisiya qoyuluşunun həcminin müəyyən olunması.
Maliyyə mənbələrinin müəyyən olunması.
İnvestisiya layihələrinin həyata keçilməsi;
İnvestisiya fəaliyyətinə nəzarət, nəticələrinin qiymətləndirilməsi.
Planlaşdırılan və həyata keçirilən kapital qoyuluşları investisiya layihəsi formasını alır. Bu zaman layihənin səmərəlilik nöqteyi-nəzərdən təhlili və qiymətləndirilməsi olduqca önəmlidir. Layihənin təhlili layihənin gəlirliyinin əsaslandırılmasıdır. Başqa sözlə desək, bu cür təhlillər nəticəsində layihəyə çəkilən xərclərlə əldə edilən gəlirləri müqayisə etmək mümkündür.
Layihənin tərtib olunması zamanı fəaliyyətə təsir edəcək xarici amillərin öyrənilməsi, onların təsir dərəcələrinin müəyyən olunması vacibidir. Bu cür amillərə aşağıdakıları aid etmək olar: əlverişli coğrafi şərait, ölkənin iqtisadi inkişaf səviyyəsi (vergi, gömrük siyasəti), inflyasiya səviyyəsi, xüsusi valyuta rejimi, bank xidməti, sığorta xidməti, nəqliyyat, rabitə xidmətləri və s. İnvestorlar layıhənin tərtibi zamanı investisiya risklərinə ciddi diqqət yetirirlər. Bu cür risklərə siyasi, iqtisadi, maliyyə, xarici ticarət fəaliyyətindəki riskləri aid etmək olar.
İnvestisiyalar müxtəlif mənbələr hesabına həyata keçirilə bilər.
investorun şəxsi vəsaiti;
borc vəsaiti;
cəlb olunmuş vəsait (səhmlər və ya qiymətli kağızların satışından əldə edilən gəlirlər;
büdcə və qeyri – büdcə fondlarının vəsaitləri.
İnvestisiya layihələrinin həyata keçirilməsi dedikdə, layihənin bölmələr üzrə konkret müddəalarının yerinə yetirilməsi başa düşülür. Layihənin müddəaları aid olduğu şöbələr və ya struktur bölmələri üzrə təsnifləşir və icra olunur.
İnvestisiya fəaliyyəti üzərində nəzarət layihədə göstərilən məsələlərin, vəzifələrin, öhdəliklərin lazımı səviyyədə, tələb olunduğu formada həyata keçirilməsini təmin edir. Düzgün nəzarət məqsədə nail olunmasının ehtimalını artırır. Nəticədə mənfəət müəyyən olunur, rentabellik göstəricisi hesablanır, qarşıya qoyulmuş məqsədə nail olunması, öhdəliklərin yerinə yetirilməsi səviyyəsi ölçülür.
Layihələrin tərtib edilməsi və həyata keçirilməsində müəssisənin struktur vahidləri və kənar təşkilatlar çıxış edirlər.
Kənar təşkilatlara:
sponsorları;
biznes portnyorları;
müştərilər.
Daxili struktur vahidlərinə:
müəssisənin rəhbəri;
layihənin idarəetmə ofisi;
layihə meneceri;
proqram meneceri daxildir.
İnvestisiyalar aşağıdakı kimi təsnifləşir:
1.Xarici investisiyalar. (Xarici şirkətlər, Beynəlxalq Konsersiumlar və s. tərəfindən)
2.Beynəlxalq maliyyə-kredit institutları. (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı və s.)
3.Dövlətin birbaşa investisiyaları.
4.Yerli hüquqi və fiziki şəxslər.
Dostları ilə paylaş: |