İstehsal xammaldan hazır məhsul alınması prosesidir. İstehsal prosesində işçi qüvvəsi əmək alətləri vasitəsilə xammal və avadanlıqlara təsir etməklə maddi nemətlər yaradırlar. Başqa sözlə desək, istehsal prosesi işçilərin köməyi ilə texnoloji əməliyyatların icra ardıcıllığıdır.
Məhsul istehsalı və satışının artım templəri gəlirlərin artması, maliyyə imkanlarının genişləndirilməsi, fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üçün zəmin yaradır. Bazar münasibətləri şəraitində istehsal müəssisələrinin başlıca məqsədi bazarın tələblərinə uyğun əmtəəlik məhsul istehsal etməkdir. Təsərrüfat sistemlərinin idarə edilməsi, hər şeydən əvvəl, məhsul istehsalı və satışına dair bir çox variantlarda idarəetmə qərarlarının işlənib hazırlanmasını tələb edir. Məhsul istehsalı ilə bağlı həyata keçiriləcək fəaliyyət istehsal planlarında öz əksini tapır.
İstehsalın təşkili zamanı bir sıra prinsipləri nəzərə almaq lazımdır:
İstehsalın səmərəliyi.
İstehsalın fasiləsizliyi.
İstehsal texnologiyalarının ardıcıllığı.
İstehsalın ahəngdarlığı(müntəzəmliliyi).
İstehsalın resurs təminatı.
Əmək bölgüsü.
Əməyin təhlükəsizliyi.
İş vaxtından səmərəli istifadə olunması.
İstehsalın səmərəliyinin artırılması aşağıdakı vəzifələrin yerinə yetirilməsini tələb edir:
Rəqabətə dayanaqlığı təmin etmək üçün istehsalın təkmilləşdirilməsi.
Yeni texnologiyaların tətbiqi.
İstehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması.
Yeni növ məhsulların istehsalını həyata keçirmək.
Məhsulun keyfiyyətini yüksəltmək.
Əmək məhsuldarlığını artırmaq.
Materiallardan yanacaq və elektrik enerjisindən istifadənin yaxşılaşdırılması.
Əmək məhsuldarlığı 3 parametr üzrə hesablanır.
Əmtəəlik məhsulun 1 manatına çəkilən əmək sərfi.
Vaxt vahidi ərzində məhsul buraxılışı.
Vaxt vahidi ərzində yerinə yetirilən iş.
İstehsal prosesini və əməliyyat sistemlərini həyata keçirmək üçün menecerin qarşısında aşağıdakı vəzifələrin həyata keçirilməsi vacibdir:
İstehsal prosesinin layihələndirilməsi.
Əmtəələrin layihələndirilməsi.
İstehsal prosesinin təşkili.
İstehsal prosesinin həyata keçirilməsi.
İstehsala nəzarətin həyata keçirilməsi.
İstehsal prosesinin layihələndirilməsi geniş təkrar istehsal prosesinin həyata keçirilməsi üçün ən vacib məsələlərdən və şərtlərdən biridir. İstehsal prosesinin layihələndirilməsi istehsal texnologiyasının müəyyən olunması, elmi-texniki tərəqqinin nailiyyətlərinin, müasir texnikanın istehsala tətbiq edilməsi, istehsalın səmərəli şəkildə qurulması və s. ilə əlaqədar fəaliyyətin qabaqcadan planlaşdırılmasıdır.
Əmtəələrin layihələndirilməsi əmtəələrlə bağlı olub, istehsalın layihələndirilməsi ilə üzvi surətdə əlaqədardır. Əmtəələrin layihələndirilməsinin aşağıdakı xüsusiyyətləri nəzərə alınır:
1. Əmtəələrin dəyəri.
2. Əmtəələrin keyfiyyəti.
3. Müasir və mütərəqqi əmtəələrin istehsalı.
4. Əmtəələrlə bağlı servislərin və xidmətlərin genişləndirilməsi və s.
Bundan sonra isə istehsal prosesinin ünsürlərinin (maşın və avadanlıqlar, xammal və materiallar, işçi qüvvəsi və əmək ehtiyatları) cəld edilməsi və onların yerləşdirilməsi ilə əlaqədar istehsala hazırlıq dövrü sayılan təşkiletmə mərhələsi başlayır. Bu mərhələ haqqında biz menecmentin təşkiletmə funksiyasında söhbət açmışıq.
İstehsal prosesində işçi qüvvəsi əmək alətləri vasitəsilə xammal və materiallara təsir etməklə maddi nemətlər yaradırlar.
Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşağıdakı funksiyaları yerinə yetirməlidirlər:
1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi.
2. Müəssisənin istehsal gücünün artırılması ilə əlaqədar texniki-təşkilati işlərin yerinə yetirilməsi.
2.Təşkiletmə mərhələsində istehsalın çevikliyinin nəzərə alınması .
3.Dövriyyə vəsaitlərinin cəlb edilməsi.
4. Maliyyə kapitalının cəlb edilməsi və maliyyə imkanlarının genişləndirilməsi.
5.İşçi qüvvəsinin cəlb edilməsi və onların yerləşdirilməsi.
6.Təhlükəsizlik və ekoloji tələblərin təmin olunması və s.
İstehsal prosesi başa çatdıqdan sonra məhsulun satışının həyata keçirilməsi tələb olunur. Çünki satışdan əldə olunan vəsaitləri yenidən istehsala qoymaq lazım gəlir. Bu da təkrar istehsalın təmin olunması üçün əsas şərtdir.
Bu şərtlərin lazımı səviyyədə olması istehsal prosesinin yüksək formada təşkil edilib həyata keçirilməsi üçün imkan yaradır.
İstehsal fəaliyyəti həcminə, dövrünə və ardıcıllığına görə 3 qrupa bölünür.
1) Fərdi istehsal.
2) Kütləvi istehsal.
3) Seriyalı istehsal.
Fərdi istehsal əsasən sifarişlər əsasında həyata keçirilir. Bu zaman sifarişçinin tələbləri nəzərə alınır. Məhsul sifariş olunarkən onun görünüşü, rəngi, ölçüləri, material tərkibi ilə əlaqədar müştərinin istəkləri qabaqcadan nəzərə alınır.
Kütləvi istehsal məhsulun bazar üçün kütləvi surətdə istehsalı ilə əlaqədardır. Kütləvi məhsul istehsalı marketinq araşdırmaları əsasında müəyyən olunmuş bazar tələbatına uyğun həyata keçirilir.
Seriyalı istehsal müxtəlif zaman kəsiyində məhsulun ayrı-ayrı çeşidlərinin fasiləli və ya dövrü istehsalı kimi başa düşülür. Seriyalı istehsal bazarda alıcıların həmin çeşidlərə olan tələbatının dövrlər üzrə dəyişməsi ilə əlaqədar həyata keçirilir. Məsələn ayaqqabı istehsalçıları bazara hər fəslə uyğun ayaqqabı kolleksiyaları təqdim edirlər. Bu zaman istehsal mövsümü xarakter daşıyır.
İstehsal zaman və məkan baxımından həyata keçirilir.
Zaman baxımından istehsalın həyata keçirilməsi dedikdə, müəyyən vaxt vahidi ərzində məhsul istehsalının həcmi, məhsulun istehsal tsikli, istehsal planlarının yerinə yetirilməsinin ardıcıllığı və müddətləri başa düşülür.
İstehsalın məkan baxımından həyata keçirilməsi dedikdə isə, istehsal obyektlərinin hansı ərazidə yerləşdirilməsi başa düşülür. İstehsal obyektlərinin yerləşdirilməsi aşağıdakı amillərin nəzərə alınmasını tələb edir:
1) İstehsal obyektlərinin xammal mənbələrinə yaxınlığı. Istehsal obyektlərini təşkil edərkən onun xammal mənbələrinə yaxınlığı nəzərə alınmalıdır. Çünki xammalın daşınması və təchiz olunması nə qədər ucuz başa gələrsə, bu istehsal olunacaq məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olar.
2) Istehsal obyektlərinin satış bazarlarına yaxınlığı. Obyektin yerləşdirilməsi zamanı məhsul satışı sahəsində səmərəliliyin və perspektivlərin nəzərə alınması vacib məsələlərdən biridir. Bu nöqteyi-nəzərdən obyektlərin satış bazarlarının, əhalinin çox olduğu yerlərdə yerləşdirilməsi məqsədəuyğun hesab edilir.
3) İstehsal obyektlərinin nəqliyyat yollarına yaxınlığı. Bu istehsal olunmuş malların satış obyektlərinə az bir müddətdə və çevik formada daşınması üçün əlverişlidir.
4) İstehsal obyektlərinin kommunikasiya xətlərinin yaxınlığında yerləşdirilməsi. Bu amilin nəzərə alınması müəssisə rəhbərini kommunikasiya xətlərinin (elektrik, qaz, telefon, su, kanalizasiya, istilik xətlərinin və s.) obyektə gətirilməsi ilə əlaqədar xərclərdən azad edir, mövcud kommunikasiya xidmətlərindən istifadəni tezləşdirir və yaxşılaşdırır .
5) Bir çox obyektlər isə əhalinin rahatlığı və təhlükəsizliyi, sanitariya və ekoloji təhlükəsizlik nöqteyi-nəzərdən şəhərdən və yaşayış məntəqələrindən kənarda yerləşdirilir.
İstehsal fəaliyyəti müəssisənin istehsal planlarında öz əksini tapır. İstehsal planlarının tərtib edilməsi və onun həyata keçirilməsi istehsal menecmentinin alt sistemlərindən biridir. İstehsal planları müəssisənin firmadaxili planlarının tərkib hissəsidir. İstehsal planları istehsalın təşkilindən tutmuş istehsal prosesi başa çatanadək bütün mərhələləri özündə əks etdirir. İstehsal planları istehsal olunacaq məhsulun həcmini, çeşidini, keyfiyyətini, tərkibini, maya dəyərini müəyyən edir.
İstehsal planları müəssisənin marketinq planları ilə üzvi surətdə bağlıdır. Çünki bazar üçün istehsal edilən məhsulun həcmi marketinq tədqiqatları və araşdırmaları əsasında müəyyən edilir. Marketoloqların sözləri ilə desək, biz istehsal edə biləcəyimizi deyil, sata biləcəyimizi istehsal etməliyik. Marketinq tədqiqatları bazarı öyrənir, məhsula, onun kəmiyyətinə, keyfiyyətinə olan tələbatı müəyyən edir. Bu məqsədlə istehsal planları marketinq planlardan bəhrələnir.
İstehsal planları bir sıra planların tərtib edilməsi üçün mənbə rolu oynayır. Məsələn maddi-texniki təchizat planları müəyyən dövrlər üzrə istehsalın əsas vəsaitlər (dəzgahlar, avadanlıqlar, maşınlar və digər texniki vasitələrlə) və dövriyyə vəsaitləri ilə təchiz olunmasını özündə əks etdirir. İstehsal planlarında nəzərdə tutulan istehsal prosesinin layihəsi və əmtəə layihələri maddi-texniki planlar üçün mənbə hesab olunur.
İstehsal planlarını tərtib etmədən müəssisə özünün nə satışdan əldə edəcəyi gəliri, nə də mənfəətini planlaşdıra bilməz. Çünki satışın həcmi istehsalın həcmindən asılıdır. Mənfəət isə məhsul satışından əldə olunan gəlirin və istehsal məsrəflərinin fərqindən ibarətdir. Deməli, istehsal planları satış və mənfəət planları ilə birbaşa əlaqədar olub, həmin planların tərtib edilməsində istifadə olunur.