7.5. Münaqişələr və onların idarə edilməsi
Münaqişələr tərəflərin mövqelərinin və mənafelərinin toqquşmasından irəli gələn ziddiyyətlərdir. Münaqişələr sırf şəxsi zəmində baş verərkən kollektivdə dağıdıcı xarakter daşıyır. Münaqişələr istehsal, maliyyə, satış və qiymətqoyma proseslərində də baş verə bilər. Bu cür münaqişələr, əsasən konstruktiv xarakter daşıyır.
Münaqişələr rəhbərlərin işçilərlə qeyri–etik, qərəzli davranışları və ya əksinə işçilərin rəhbərə qarşı tabesizlik, məsuliyyətsizlik hallarının nəticəsində baş verə bilər. Münaqişələr, əsasən, qrupdaxili və qruplararası, şəxsiyyətdaxili və şəxsiyyətlərarası olur.
Müəssisədaxili münaqişələr bir müəssisənin ayrı-ayrı təşkilatı struktur vahidləri arasında, idarə edən və idarə olunanlar arasında, həmçinin əmək kollektivinin öz aralarında baş verir. Müəssisədaxili münaqişələrin yaranması əmək bölgüsünün düzgün həyata keçirilməməsi, əmək kollektivi arasında sağlam ünsiyyətin formalaşmaması, işçilər arasında ziddiyyətlər yaranarsa onların vaxtında aradan qaldırılmaması, nəzarətin lazımi səviyyədə aparılmaması nəticəsində baş verir. Münaqişələr işçilər və kollektiv arasında ünsiyyətin pozulmasına gətirib çıxarır ki, nəticədə təşkilatda əmək və idarəetmə münasibətlərinin pozulması halları müşahidə olunur. Bütün hallarda münaqişələrin baş verməsi idarəetmədə zəif tərəflərin olmasına işarədir. Bu məqsədlə rəhbər münaqişənin baş verməsi səbəblərini araşdırarkən, birinci növbədə nöqsanı özündə axtarmağı bacarmalıdır. Çünki münaqişənin baş verməsinin başlıca səbəblərindən biri, münaqişələrin lazımi səviyyədə idarə olunmamasıdır. Münaqişənin idarə olunmamasının məsuliyyətini isə təşkilatın rəhbəri daşıyır.
FƏSİL VIII. İDARƏETMƏDƏ İNFORMASİYA TƏMİNATI
8.1. İnformasiya və onun mahiyyəti
İnformasiya latınca “informatsio” sözündən götürülmüşdür. İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların xassələri haqqında xəbərdir. İnformasiyalar iki cürdür:
Təhrikedici informasiyalar.
Müəyyənedici informasiyalar.
Təhrikedici informasiyalar əmr, məsləhət, qərar, xahiş, sərəncam, göstəriş, tapşırıqlar formasında təzahür edir. O, insanı hər hansı fəaliyyətə və ya hərəkətə sövq edir.
Müəyyənedici informasiyalar məlumat və ya xəbər xarakteri daşıyır.
İnformasiyaları aşağıdakı kimi təsnifləşdirmək olar:
informasiyalar formasına görə yazılı və şifahi informasiyalardan ibarətdir;
istifadə olunma müddətlərinə görə: cari və strateji informasiyalar;
Dostları ilə paylaş: |