3.2. İqtisadi inteqrasiya proseslərində Avropa modelləri.
Dünya təsərrüfat sistemindəki iqtisadi inteqrasiya proseslərindən danışarkən, şübhəsiz, bu proseslərdə mühüm əhəmiyyət kəsb edən Avropa modelləri, ilk növbədə qərbi Avropa iqtisadi inteqrasiya istiqamətləri və onun xüsusiyətləri diqqəti cəlb edir.
Qərbi Avropa - ticarət iqtisadi inteqrasiya münasibətləri üzrə dünyanın ən güclü təşkilatlanmış və təkmilləşdirilmiş strukturlarından birinə - Avropa Birliyinə malikdir.
Bu birliyin əsasında Qərbi Avropa ölkələrinin bir-biri ilə fəal qarşılıqlı ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və ölkələrarası inteqrasiya proseslərinin dərinləşdirilməsi istəkləri dayanmışdır.
Avropa Birliyinin - yaranma və fəaliyyətə başlanması prosesləri 1951-ci ildən başlanmışdır. O qədər də iri olmayan ölkələrin - Belçika, Lüksemburq və Niderlandın təşəbbüsləri ilə 1951-ci ilin aprelində Kömür və metall üzrə Avropa Birliyi müqaviləsi imzalandı və bu müqavilə Belçika, Lüksemburq Niderlandla yanaşı, bir sıra iri Qərbi Avropa ölkələri, AFR, İtaliya da qoşuldular.
Bu müqavilədən sonra Qərbi Avropa ölkələri arasında inteqrasiya proseslərinin sürətlənməsi daha da artdı və bu tendensiyalar daha iri iqtisadi inteqrasiya bloklarının və təşkilatlarının yaranmasına əlavə stimullar verdi.
1957-ci ildə Avropa iqtisadi Cəmiyyəti və Atom enerjisi üzrə Avropa Cəmiyyəti yaradıldı.
Bu dövrdən başlayaraq, Qərbi Avropa dövlətlərinin iqtisadi inteqrasiya prosesləri daha yüksək templərdə artmağa başladı və 1960-1980-ci illərdə bu ölkələrdə bir çox mühüm inteqrasiya prosesləri üzrə ümumi normativlər, qaydalar, ticarət rejimləri və digər vacib institusional strukturlar yaradılmışdır:
gömrük ittifaqı;
vahid aqrar bazarı və s.
Bu dövrdə Qərbi Avropa Ölkələrinin inteqrasiya proseslərində Böyük Britaniya, Danimarka, İrlandiya da qoşulmuş və bu ölkələr arasında «ümumi bazar» prinsipi əsasında vahid inteqrasiya məkanı yaradılmışdır. Bu inteqrasiya proseslərinin əsas xüsusiyətləri aşağıdakilardır:
iştirakçı ölkələr arasında sərbəst ticarətin genişləndirilməsi üzrə məhdudlaşdırılmanın aradan qaldırılması:
üçüncü ölkələrlə ümumi gömrük tarifi siyasətinin formalaşması və tariflərin müəyyənləşdirilməsi;
kapitalın, insanların və xidmətlərin sərbəst hərəkəti üzrə məhdudiyətlərin ləğv edilməsi;
nəqliyyat və kənd təsərrüfatı sahəsində ümumi siyasətin hazırlanması və həyata keçirilməsi;
valyuta ittifaqının yaradılması;
vergi sisteminin eyniləşdirilməsi;
qanunvericilik aktlarının yaxınlaşdırılması;
İqtisadi siyasət razılaşmalarının prinsiplərinin hazırlanması.
Bu prinsiplərin və prioritet istiqamətlərin gerçəkləşdirilməsi üçün bir çox idarəetmə strukturları yaradılmışdır. Bunlara Avropa İqtisadi Birliyinin Nazirlər Şurası, Avropa Birliyi Komisiyası, Avropa Şurası, Avropa Məhkəməsi, Avropa Parlamenti daxildirlər. Bütün bu silsilə iqtisadi, hüquqi və idarəetmə tədbirləri bu ölkələr arasında iqtisadiyyatın bütün sektorları, xüsusilə sənaye və aqrar sahələrdə güclü inteqrasiya proseslərinə səbəb oldu. Bu proseslər nəticəsində Qərbi Avropa ölkələrində monopolizm elementləri iflasa uğradı, transmilli kompaniyaların genişlənməsi gücləndi və milli iqtisadiyyatların vahid inteqrasiya məkanında sürətli inkişafı mümkün oldu.
Qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələrinin surətli inteqrasiyasına ən güclü təsir göstərən amillərdən biri - Gömrük İttifaqının fəaliyyəti ilə bağlıdır.
Dostları ilə paylaş: |