Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev
10.3. Azərbaycanın beynəlxalq qurumlarda iştirakı və ticarət-iqtisadi əməkdaşlıq əlaqələri.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, dünya iqtisadi proseslərinə inteqrasiyanı genişləndirmək məqsədilə bir çox beynəlxalq təşkilatlara daxil olmuşdur:
Birləşmiş Millətlər Təşkilatı;
Avropa Təhlükəsizliyi və Əməkdaşlığı Təşkilatı;
Avropa Şurası;
İslam Konfransı Təşkilatı;
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı;
Müstəqil Dövlətlər Birliyi;
Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM);
Beynəlxalq Valyuta Fondu;
Dünya Bankı;
Avropa Yenidənqurma və İnkişaf Bankı;
İslam İnkişaf Bankı.
Azərbaycan beynəlxalq iqtisadi münasibətlərdə hazırda ən fəal əməkdaşlıq etdiyi beynəlxalq qurumların sırasına Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və İslam İnkişaf Bankıdır. Müasir dövrdə Azərbaycan Beynəlxalq Valyuta Fondunun kreditlərindən az istifadə edir və yaxud istifadə etmir. Bui lk növbədə ölkənin milli iqtisadi maraqlarının qorunması, milli istehsalın müdafiəsi ilə bağlıdır. Digər tərəfdən son 5 il ərzində Azərbaycanın iqtisadi qüdrəti artmış, maliyyə imkanları yüksəlmiş, ölkənin daxili investisiya yatırımları çoxalmış, valyuta ehtiyyatı və iqtisadi inkişaf tempi yüksəlmişdir. Təkcə son 5 il ərzində ölkə iqtisadiyyatı 2.6 dəfə artmışdır, ölkənin büdcəsi 10 dəfə yüksəlmişdir.
Azərbaycan İslam Konfransı Təşkilatı və İslam İnkişaf Bankı ilə bir sıra infrastruktur layihələri, xüsusilə magistral yol və körpülərin tikintisi həyata keçirir. Eyni əməkdaşlıq əlaqələri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də bağlıdır. Digər tərəfdən, Azərbaycan Avropanın ən güclü ölkəsi olan Almaniya ilə də texniki və iqtisadi əməkdaşlıq sahələrində fəal iqtisadi diplomatiya aparır.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlı proseslərə fəal qoşulmuşdur. Bu istiqamətdə bir sıra Avropa ölkələri ilə çoxtərəfli və ikitərəfli iqtisadi siyasi razılaşmalar mövcuddur. Yaxın illərdə Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxması ölkəmizin xarici-iqtisadi siyasətinin ən uğurlu nailiyyətləri kimi dəyərləndirilə bilər.
Azərbaycan keçmiş SSRİ ölkələrinin yaratdığı MDB-nin üzvü olsada bu qurumda iqtisadi əməkdaşlıq məsələləri prioritet bir konkret fəaliyyət sahəsinə çevrilə bilməmişdir. Bu qurum həmin ölkələrin siyasi məsləhətləşmələri baxımından daha çox əhəmiyyət kəsb edir. Azərbaycan GUAM ölkələri ilə strateji əməkdaşlıq, o cümlədən, iqtisadi əməkdaşlıq sahələrində fəaldır. Bu qurumun 2 üzvü Ukrayna və Gürcustan Azərbaycanın ticarət iqtisadi əlaqələri üzrə strateji partnyorlarındandır. Azərbaycanın müasir iqtisadi diplomatiyasında başlıca prioritet istiqamət ölkənin iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi və yaxın illərdə ölkəmizin inkişaf etməkdə olan ölkə statusuna nail olmasıdır.