Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə101/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   97   98   99   100   101   102   103   104   ...   175
1 Multikulturalizmə giriş 2019

Ortaq dil.
Millətin formalaşmasında ortaq dil mühüm əhəmiyyət kəsb edir. 
Ünsiyyət vasitəsi kimi ortaq dil milli dil statusuna yüksəlir. Milli dil millətin 
hər bir üzvünün danışdığı dil olaraq tədricən ədəbi dilin formalaşmasına 
səbəb olur. Ədəbi dilin formalaşması isə öz növbəsində cəmiyyətdə siyasi, 
iqtisadi və mədəni inteqrasiya proseslərini sürətləndirir. Ortaq dil millətin 
adət-ənənələrinin, psixiki davranış tərzinin, mentalitetinin, mədəniyyətinin 
inkişafına müsbət təsir göstərir. Lakin millətin digər əlamətləri kimi ortaq 
dilin də millətin formalaşmasında rolunu mütləqləşdirmək düzgün deyil. 
Belə ki, eyni dil bir neçə millətin milli dili ola bilər (məsələn, ingilis dili 
ingilislərin, şimali amerikalıların, avstraliyalıların, yeni zellandiyalıların; 
alman dili almanların, avstriyalıların, bəzi isveçrəlilərin; ispan dili 
ispanların, meksikanların, bir çox çənubi Amerika xalqlarının; potuqal dili 
portuqallıların, braziliyalıların milli dilidir). Buna görə də milli dil yalnız 
ərazinin ümumiliyi və digər əlamətlərlə birlikdə götürüldükdə, milləti 
formalaşdıran əlamət hesab oluna bilər;
3. 
İqtisadi həyatın ümumiliyi. İqtisadi həyatın ümumiliyi milləti formalaşdıran 
əsas amillərdən biridir. İqtisadi həyatın ümumiliyinin əhəmiyyəti millət 
tərəfindən eyni məhsulun istehsalında deyil, ölkə daxilində təsərrüfat 
ixtisaslaşmasının yaranmasındadır. Başqa sözlə desək, iqtisadi həyatın 
ümumiliyi ölkə daxilində istehsalçılar arasında əmək bölgüsü yaradaraq 
onlar arasında mübadilə əlaqələrinin inkişafına səbəb olur. Bu isə öz 
növbəsində ölkənin iqtisadi həyatının birliyinin yaranmasına səbəb 


233
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
olur. İstehsalçıların bir-birindən artan asılılığı eyni zamanda millətin 
möhkəmlənməsinə, onun konsolidasiyasına səbəb olur.
4. 
Psixi davranış tərzi
. Millətin formalaşma prosesində mühüm rol oynayan 
ərazinin ümumiliyi, ortaq dil və iqtisadi həyatın ümumiliyi kimi amillərin 
əsasında bu prosesə təsir edəcək daha bir əlamət yaranır. Bu, xalqın 
mədəniyyətində möhkəmlənən psixi davranış tərzidir. Millətin psixi 
davranış tərzi onun iqtisadi və siyasi inkişafının xüsusiyyətlərini, digər 
xalqlarla qarşılıqlı münasibətlərini, eləcə də yaşadığı konkret coğrafi 
şəraiti əks edir. Millətin psixi davranış tərzi onun adət-ənənələrində, 
folklorunda, bədii ədəbiyyatında, incəsənətində, ümumiyyətlə, onun 
etnik-mədəni dəyərlərində özünü büruzə verir.
5. 
Dövlət birliyi
. Sovet rəsmi ədəbiyyatı millətlərin formalaşması və inkişafının 
olduqca mühüm bir amilini bilərəkdən nəzərə almırdı, çünki bu hakim 
siyasi, ideoloji baxışlara uyğun gəlmirdi. Söhbət bu proseslərdə misilsiz rol 
oynamış bir amildən-milli dövlətlərin meydana gəlməsindən gedir. 
Dövlətin tarixi çox qədim dövrlərə gedib çıxsa da, milli dövlətlərin 
meydana gəlməsi sivilizasiya inkişafının bəlli bir mərhələsi ilə-Yeni dövr 
adlandırılan dövrlə bağlıdır.
Bu elə bir dövrdür ki, möhtəşəm Roma imperiyasından miras qalan 
Vatikan və Qərbi Avropanın bütün ərazilərini vahid dövlət kimi saxlamağa 
çalışan Müqəddəs Roma imperiyası öz hakim mövqelərini itirir. Ərazilərdə 
imperator hakimiyyətinin təmsilçiləri olan krallıqlar daha imperatora tabe olmaq 
istəmir və özləri güclü ərazi dövlətləri yaradır. Beləliklə də kilsə və imperiya 
Avropada dominant siyasi qüvvə kimi sıradan çıxır. Onların yaratdıqları 
ictimai münasibətləri tədricən yeni münasibətlər əvəz edir. Buna uyğun olaraq 
öz etnosundan ayrı düşub Qərbi Avropa elitası kimi formalaşmış zadəganlıq 
zümrəsi tənəzzülə uğrayır. Ticarətin, sənətkarlığın, daha sonralar isə sənaye 
istehsalının inkişafı ilə tarix səhnəsinə yeni bir zümrə - öz işgüzarlığı, insanlara 
rifah gətirməsi ilə tarixi təşəbbüsü ələ alan burjua zümrəsi gəlir. Onun azad 
insan, azad yaradıcılıq, azad mübadiləyə nail olmaq səyləri cəmiyyətdə rəğbətlə 
qarşılanır. Universitetlərdə yaranan elmi biliklər tədricən kilsənin ehkamlarını 
üstələməyə başlayır. Humanizm, insan haqları, vətəndaş cəmiyyəti kimi yeni 
ideallar, onları dəstəkləyən böyük mütəfəkkirlərin baxışları, intibah ədəbiyyatı, 
incəsənəti tədricən mənəvi həyata nüfuz edir.


MULTİKULTURALİZMƏ GİRİŞ
234
Baş verən bu köklü sosial transformasiyalar insanların yeni tarixi birliyinin 
meydana gəlməsinə münbit zəmin yaradırdı. Tarixin yeni səhifəsi yazılırdı. 
Hüquqi dövlətin simasında artıq yalnız etnik cəhətdən deyil, həm də hüquqi 
cəhətdən təşkil olunmuş yeni tipli tarixi birlik-millət meydana gəlirdi. 
Zaman bunun üçün bir növ sınaq meydanı kimi İtaliyanı seçdi. XIV-XVI 
əsrlərdə Şimali və Mərkəzi İtaliyada tarixdə ilk dəfə olaraq kapitalist münasibətləri 
formalaşır. Bu isə tək iqtisadi deyil, həm də mədəni yüksəliş üçün yeni imkanlar 
açır və möhtəşəm İntibah mədəniyyəti meydana gəlir. Avropanın digər ölkələri 
ilə müqayisədə iqtisadi və mədəni üstünlük İtaliyada siyasi proseslərin də 
inkişafına təkan verir. Siyasi cəhətdən İspaniyadan, Fransadan, Habsburqlardan 
asılı vəziyyətdə olan ayrı-ayrı italyan şəhər-dövlətləri birləşərək mərkəzləşmiş 
müstəqil dövlət yaradır və bu məkanda tarixin həm ilk milli dövləti, həm də 
ilk milləti meydana gəlir. Sonralar isə bu proses özünəməxsus formada Fransa, 
Hollandiya, Almaniya, İngiltərədə cərəyan edir. O vaxtadək Avropa xalqları 
yalnız şəhər dövləti və polietnik (çoxetnoslu) imperiya dövlətləri, bu imperiyalara 
tabe olan krallıqlar və kral hakimiyyətinə tabe olan feodal idarəçiliyini tanıyırdı. 
İndi isə Avropa bu dövlətlərdən imtina edir, hökmdar dövlətindən konkret bir 
ərazi, yeni bir istehsal üsulu və sosial prioritetlərlə bağlı olan yeni tipli dövlətə - 
hüquqi dövlətə, ərazi dövlətinə keçirdi. 30 illik müharibəyə və bununla da Orta 
əsrlər nizamına son qoymuş və eyni zamanda faktiki olaraq bu günədək davam 
edən yeni dünya nizamına start vermiş Vestfal sülhü və 1789-cu il Fransa burjua 
inqilabi bu prosesə güclü təkan vermişdir.
Vestfal sülh müqaviləsi dini identiklik (katolik və protestant dini 
mənsubluğu) əsasında konkret ərazi ilə bağlı olan əhalinin və onun siyasi 
hakimiyyət iddiasında olan qüvvələrinin müstəqil dövlət yaratmaq hüququnu 
təsbit etdi. Təbii ki, bu ərazilərdə yaşayan insanlar feodal qapalılığına 
baxmayaraq etnik cəhətdən eyni və ya yaxın insanlar idi və bu da fransızların 
“Etat-Nation”, ingilislərin “State-nation” adlandırdıqları milli dövlət meydana 
gəlməsini asanlaşdırırdı. 
Kapitalizmin inkişafı sonralar bu tarixi meyli tədricən dünyanın 
bütün guşələrinə daşımış və son imperiyaların çökməsi, xüsusilə də II dünya 
müharibəsindən sonra müstəmləkə sisteminin dağılması ilə çoxsaylı milli 
dövlətlər, eləcə də millətlər meydana gəlmiş və beləliklə də dünyanın yeni 
etnosiyasi mənzərəsi yaranmışdır. 


235
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
Hələ vaxtilə rus mənşəli məşhur amerikalı sosioloq Pitirim Corokin yazırdı 
ki, milli əlaqələr üçün vahid sosial sxem irəli sürmək mümkün deyildir. Həqiqətən 
də bu, belədir. Haqqında bəhs etdiyimiz ölkələrdə milli əlaqələrin yaranması 
bir-birindən çox fərqli formalarda baş tutmuşdur. Amma həmin müxtəlifliyin 
özünün araşdırılması belə bir hökmü verməyə tam əsas verir ki, millət etnosa 
məxsus bəzi keyfiyyətlərə malik olsa da, daha etnik birlik sayıla bitməz. Çünki 
artıq onun mahiyyətini müəyyən edən tək etnik əlamətlər deyil, həm də və daha 
çox Yeni dövrün iqtisadi, siyasi, hüquqi, elmi, etik, estetik dəyərləridir. Belə 
ki, əgər qəbilə, tayfa tarixi birlik forması olaraq xalqın yaranmasında bir növ 
“xammal” rolunu oynayırsa, onun içərisində əriyirsə, millətin yaranması üçün 
onun tərkibinə daxil olan etnik birliklərin öz xüsusiyyətlərini, etnik dəyərlərini, 
dilini, adət-ənənələrini itirərək millətin tərkibində əriməsi zərurət deyildir. 
Məlum olduğu kimi, tarixi ərazilər zaman-zaman bir xalqın əlindən 
çıxıb digərlərinin ixtiyarına keçmiş, həmin ərazilərdə yaşayan xalqlar bir-
birini əvəz etmiş və beləliklə də, eyni ərazidə bir çox tayfa, xalqa məxsus 
insanlar məskunlaşmişdır. Nəticədə demək olar ki, bütün ölkələrin ərazisində 
çoxsaylı etnik qruplar kompakt və ya pərakəndə halda yaşamış və bu gün də 
yaşamaqdadır. Ona görə də müasir dövrdə, xüsusilə də inkişaf etmiş ölkələrdə 
millətlərin etnik hüdudları ilə dövlət sərhədlərinin tam üst-üstə düşməsi faktı ilə 
rastlaşmaq qeyri-mümkündür və bu vəziyyət millətin öz tarixi missiyasını yerinə 
yetirməsi qarşısında keçilməz sədd yaratmır. Çünki millət üçün həlledici olan 
əsla onun etnik homogenliyi deyildir. Millət monoetnik də ola bilər, polietnik 
də. Məsələn, fransızların uzun illər, əsrlər ərzində millət kimi formalaşdığına 
heç kim şübhə etmir. Hələ müasir miqrasiya prosesləri başlanandan xeyli əvvəl 
- keçən əsrin sonlarında Fransa Prezidenti Fransua Mitteran Sarbonnadakı 
çıxışında “fransızlar kimdir?” sualına cavab olaraq deyirdi ki, fransızlar bir az 
qallar, bir az germanlar, iberiyalılar, italyanlar, yəhudilər və hətta ərəblərdir. 
Yaxud cəmi bir neçə il əvvəl amerikan mənbələri göstərirdi ki, ABŞ
əhalisinin təxminən üçdə biri, 5 yaşa qədərki uşaqların isə təxminən yarısı etnik 
və dini azlıqların nümayəndələridir. Amma bu, əsla amerikan milli birliyinin 
mövcudluğunu şübhə altına almır. Amerikan dövlətinə, vətəninə, vətəndaşlığına, 
amerikan dəyərlərinə, mədəniyyətinə mənsubluq, amerikan düşüncəsi və həyat 
tərzi bu dərəcədə etnik rəngarəngliyə malik olan əhalini birləşdirir və onu vahid 
bir millətə çevirir.


MULTİKULTURALİZMƏ GİRİŞ
236
Hətta tarixən ən ilki olan və etnik cəhətdən daha homogen millət sayılan 
italyan millətinin tərkibində həmişə digər etnik elementlər - fransızlar, almanlar, 
sloveniyalılar, sardlar və başqaları yaşamışlar. Bu gün planetimizdə 5 minə 
yaxın etnik vahid cəmi 200-dən bir qədər çox dövlətin tərkibində yaşayır. Təbii 
olaraq dünyanın, eləcə də ayrı-ayrı ölkələrin belə mürəkkəb etnik struktura malik 
olması özündə böyük münaqişə potensialı daşıyır. Lakin bu potensial o halda 
reallaşır ki, ölkənin çoxsaylı etnosu özü üçün xüsusi imtiyazlar əldə etməyə 
yönələn milli ayrı-seçkilik siyasəti həyata keçirir və digər etnoslarda inciklik, 
yadlaşma, uzaqlaşma meylləri meydana gəlir. Digər bir təhdidsə xaricdən gələ 
bilər. Dünyanın müxtəlif bölgələrində bəzi dövlətlər öz rəqiblərini zəif salmaq 
məqsədilə həmin ölkələrin azsaylı etnoslarının nümayəndələrindən “beşinci 
kolon” kimi istifadə etməyə çalışır, oradakı separatizm meyllərini dəstəkləyir, 
belə meyllər olmayan yerlərdə isə onun toxumlarını səpməyə səy göstərirlər. 
Hələ bu azmış kimi, dünyanı get-gedə daha artıq dərəcədə öz toruna salan 
qloballaşma prosesinin bəzi subyektləri nəinki azsaylı etnik birlikləri, hətta irili-
xırdalı formalaşmış millətləri, bütöv sivilizasiyaları milli-etnik və sivilizasiya 
qovğalarına qoşmağa çalışır. Lakin dünya birliyi heç də etnik azlıqların tərkibində 
yaşadıqları dövlətdən ayrılaraq millət kimi təşkil olunmasını dəstəkləmir. Əksinə, 
son iki əsrdə, xüsusilə də II dünya müharibəsindən sonrakı dövrdə milli dövlətlər 
planetin intəhasız ərazilərində yaşayan milyardlarla əhalinin məskunlaşmasının, 
xalqların siyasi cəhətdən təşkil olunmasının ən etibarlı və təhlükəsiz formasına, 
ən optimal geosiyasi struktur vahidinə çevrilmişdir və buna görə də həmin 
dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı, onların daxili işlərinə kənardan 
müdaxilə edilməsinə yol verilməməsi müasir dünya nizamının başlıca norması 
olaraq qalmaqdadır. Bununla yanaşı dünya birliyi dövlətlərin ərazilərində 
millətlərin ayrılmaz tərkib hissəsi olan etnik azlıqların nümayəndələrinin siyasi, 
iqtisadi, mədəni hüquqlarının təmin edilməsini, habelə onların etnik dillərinin, 
adət-ənənələrinin, bütünlükdə mədəni müxtəlifliyin qorunub saxlanılmasını 
dəstəkləyir. Bu məqsədə BMT-nin müqavilə əsaslı qurumları sistemində, digər 
beynəlxalq və regional təşkilatlar çərçivəsində xüsusi mexanizmlər yaradılmışdır 
və onlar uğurla fəaliyyət göstərməkdədir.
Millətin etnik birlik kimi anlaşılması siyasi praktikada istər milli miqyasda, 
istərsə də beynəlxalq münasibətlərdə saysız-hesabsız problemlər yarada bilər və 
yaradır da. Buna görə də Qərb ölkələrinin siyasi-hüquqi leksikonunda “millət” 


237
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
anlayışı dövlət ilə, ərazi ilə, vətəndaşlıqla bağlı anlayış kimi işlədilir. Amma 
bu yanaşma elmi ictimaiyyət, bütünlükdə cəmiyyət tərəfindən çətinliklə qəbul 
olunsa da, son zamanlar postsovet məkanda, o cümlədən də Azərbaycanda 
tədricən özünə yol açmaqdadır.
Beləliklə, dövlət və ərazi ümumiliyi, ortaq dil, iqtisadi həyatın ümumiliyi 
və psixi davranış tərzi millətin mahiyyətini, onun insan birliklərinin digər 
formalarından fərqləndirici xüsusiyyətlərini göstərən əlamətlər sistemini təşkil 
edir. Həm də bu əlamətlərin hər biri ayrı-ayrılıqda deyil, yalnız birlikdə, sistem 
şəklində götürüldükdə millətin mahiyyətini açıqlayır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin