[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
8.2. Hiss üzvlərinin və reseptorların təsnifatı Hiss üzvləri və reseptorlar bədənin anatomik (morfoloji) strukturlarında yerləşməsi qaydalarına, xarici və daxili təsirləri, məsafədən və ya bilavasitə təmas nəticəsində qəbul etmək qabiliyyətinə, təsir edən amillərin təbiətinə görə təsnif edilir.
Sensor reseptorların bir neçə təsnifatı mövcuddur: modallığına görə; görmə, eşitmə, qoxu, dad, təcil, toxunma, təzyiq, isti, soyuq, oksigenin gərginliyi (PO2), PH, osmotik təzyiq.
Adekvat qıcığın növündən asılı olaraq reseptorları mexano-, termo-, xemoreseptorlar, ağrı və elektromaqnit reseptorları kimi təsnif edirlər. Digər təsnifata uyğun olaraq isə, distant (məsafədən siqnalları qəbul edən); eksteroreseptorlar (xarici mühitdən qıcıqları qədul edən); daxili mühitin qıcıqlarına reaksiya verən interoreseptorlar; bədənin məkanda vəziyyətindən məlumat alan proprioreseptorlar təsnif edirlər.
Hiss üzvləri və reseptorlar bədənin xarici səthində və ya daxilində lokallaşmasından asılı olaraq ekstro (xarici) və intero (daxili) hissi cihazlara ayırırlar. Birincilər sırasına görmə, eşitmə, müvazinət (vestibulyar), qoxu, dad və dəri hissi cihazlar aiddir.
347 Əzələ-vətər və oynaq (proprio və ya kinestezik) reseptorlar və daxili reseptorlar interoresepsiya növləri kimi xarakterizə edilir.
Resepsiya növlərinin təkamül inkişafı baxımından təsnifi hansı resepsiya növünün filogenezdə əvvəl və ya sonra yaranmasına görə aşağıdakı sıra üzrə yerləşdirmək olar: xemoresepsiya, mexanoresepsiya, fotoresepsiya (görmə resepsiyası), statosit (müvazinət-vestibulyar) resepsiya, fonoresepsiya (eşitmə resepsiyası), termoresepsiya, baroreseptorlar.
Hiss üzvləri və reseptorları distant və kontakt hissi cihazlara ayırmaq olar. Distant hiss üzvlərinin ən əsas təmsilçiləri görmə, eşitmə və qoxu üzvləridir. Dilin, dərinin, daxili (visseral) orqanların reseptorları və proprioreseptorlar təmas (kontakt) hissi cihazlar kimi xarakterizə edilir.
Ayrı-ayrı hiss üzvləri və ya reseptorlar orqanizmin həyat fəaliyyəti və reaksiyaları üçün müstəsna əhəmiyyət kəsb edir. Bununla belə, heyvan orqanizmlərinin təkamül inkişafından, yaşadıqları şəraitdən və həyat tərzindən asılı olaraq bu və ya digər hiss üzvləri onlar üçün az və ya çox əhəmiyyət kəsb edə bilər. Suda yaşayan bir sıra heyvanların (balıqlar, məməlilərin bu həyat tərzinə keçmiş bəzi növləri) həyatında statosit (müvazinət) və eşitmə orqanları xüsusi rol oynayır. Havada uçmağa daha çox alışmış quşların görmə qabiliyyəti və qravitasiya hissləri yüksək inkişaf etmişdir. Yırtıcı heyvanlar üçün eyni zamanda qoxu, eşitmə, görmə və kinestezik hissi aparatlar olduqca böyük əhəmiyyət kəsb edir. İnsan orqanizmi daha çox görmə, eşitmə, vestibulyar, kinestezik və temperatur hissi aparatları möhtacdır.
Somatik (bədən) və visseral (daxili) duyğular öz mənşəyinə görə 3 sinfə ayırmaq olar:mexanoreseptiv, temperatur və ağrı duyğuları.