[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Qalxanabənzər vəzinin hipo və hiperfunksiyaları zamanı orqanizmdə baş verən funksional pozğunluqlar. Qalxanabənzər vəzi hormonunun molekulunda yodun varlığı vəzinin funksional fəallığı ilə qidadakı yod tərkibi arasındakı sıx əlaqəsini izah edir. Dəniz suyunun, dəniz mənşəli məhsulların, dəniz sahillərində bitən mədəni bitkilərin tərkibində külli miqdarda yod olur. Qidada və suda yodun çatışmaması zamanı zob kimi məlum olan endemik ur və ya zob xəstəliyi meydana çıxır (şəkil 7.8). Bu xəstəlik qalxanabənzər vəzi toxumasının çox böyüməsi zamanı müvafiq hormonal çatışmamazlığı ilə xarakterizə olunur. Zob xəstəliyini cərrahi yolla müalicə etmək olar. Endemik zob müəyyən coğrafi regionlarda, əsas etibarilə isə yüksək dağlıq sahələrdə və yaxud qitələrin ucqarlarında inkişaf edir. Hal-hazırda bu coğrafi sahələrin əhalisində zob və ya ur xəstəliyi inkişafı yodun xörək duzuna əlavə edilməsi ilə aradan qaldırılır. Böyümüş bu cür vəzi normal miqdarda hormon ifraz edir (şəkil 7.9).
287
Şəkil 7.9. Zoblu xəstə
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə müxtəlif pataloji hadisələr müşahidə olunur: bradikardiya, hipotoniya, istiliktəşkilinin azalması, ümumi zəiflik hissi, üzvi hipotermiya və maddələr mübadiləsinin, xüsusilə də yağlar mübadiləsinin pozulması. Vəzinin hormonal çatışmazlığı istifadə olunan yağın böyük hissəsinin istifadə olunmaması nəticəsində yağ qalığının çökməsi ilə nəticələnir.
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə tiroksin çatışmamazlığı nəticəsində normal maddələr mübadiləsinin pozulması ilə əlaqədar miksodema xəstəliyi inkişaf edir. Miksodema xəstəliyi zamanı dil böyüyür, dərialtına seliyəoxşar maye toplanır (şəkil 7.10) və ödemləşir, göz yarığı daralır, səs kobud və boğuq olur, maddələr mübadiləsi, ürək döyünməsi və zehni bacarıq zəifləyir. Cinsi fəaliyyət pozulur (qadınlarda aybaşı kəsilir). Müalicə tiroksin hormonunu qəbul etməkdən ibarətdir.
Uşaq yaşlarında qalxanabənzər vəzinin hipofunksiyası boyun, fiziki inkişafının geriyə qalması və əqli çatışmamazlıq ilə nəticələnir.