Con Lokkun tərbiyə haqqında fikirləri. Con Lokk (1632-1704) şəxsiyyətin tərbiyəsi sahəsində dolğun nəzəriyyə yaradan ingilis maarifçilərindən biridir. O, öz ideyalarını “Tərbiyə haqqında fikirlər” (1693) əsərində vermişdir. C.Lokkun fikrincə, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır, insanların onda doqquzu tərbiyənin nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı, yaxud faydasız olur.
Görkəmli mütəfəkkirin fikrincə, tərbiyənin əsas məqsədi və vəzifəsi ağıllı və planlı, ardıcıl iş aparmağı bacaran centlmen yetiş- dirməkdir. C.Lokk qeyd edirdi ki, “Əsl centlmen fiziki, əqli və mənəvi cəhətdən təkmilləşdirilmiş bir insan olmalıdır”. “İnsanın tərbiyəsi necədirsə, özü də elədir”.
Onun fikrincə, “hər cür tərbiyənin məhsulu olan müxtəlif ailələrdən gəlmiş müxtəlif tərbiyəli uşaqlar həqiqi centlmenin yetişməsinə mane ola bilər”.Ona görə, “həqiqi centlmen evdə yetişməlidir”. Tərbiyə haqqında mütərəqqi fikirləri ilə C.Lokk yeni tərbiyə sisteminin bünövrəsini qoymuşdur.
C.Lokkun sensualizmi də diqqəti cəlb edir. Onun sensualizmi tərbiyə sisteminin əsasını təşkil etməklə tərbiyənin şəraitə uyğun qurulmasına zəmin yaratmalıdır. C.Lokk fiziki tərbiyəyə də üstünlük verir və “sağlam bədəndə sağlam ruh olar” deyirdi.
C.Lokkun pedaqoji fikirləri tərbiyə prinsipləri əsasında hər- tərəfli inkişaf etmiş şəxsiyyətin inkişafında mühüm rol oynamışdır. Xarakteri düzgün tərbiyə etmək, əxlaqlı, intizamlı insan böyütmək tərbiyənin əsas vəzifəsidir. Tərbiyənin əsas vasitəsi isə mühakimə deyil, məhz insanların canlı nümunəsi olmalıdır.
İnsanların müsbət nümunəsi tərbiyəyə öz təsirini göstərir. Uşağın tərbiyəsində əsas amillərdən biri onun müsbət vərdişlərə yiyələnməsidir. Müsbət adət və vərdişlər uşaqlara erkən yaşlardan aşılanmalıdır. Tərbiyədə müsbət nəticələr kobudluqla, zorla deyil, yumşaq, xoş rəftarla əldə olunur. Odur ki, tərbiyə sahəsində müsbət vərdişləri uşaqlara tədricən aşılamaq lazımdır.
C.Lokkun fikrincə, tərbiyənin yaxşı nəticələr verməsi üçün uşağın fərdi keyfiyyətləri mütləq nəzərə alınmalıdır. Bu tərbiyənin metodunda dəyişiklik etməyi zəruri edir. Çünki uşağa onun fərdi xüsusiyyətlərinə görə yaxınlaşmaq lazımdır ki, tərbiyəçi öz metodunu ona uyğun dəyişə bilsin.
C.Lokk tərbiyə metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün tətbiq edilən tərbiyə vasitələrini başa düşürdü. Tərbiyə vasitələrinə aşağıdakıları aid edirdi:
valideyn nüfuzu;
məşq;
nümunə;
uşaqla müsahibə;
Mükafat (rəğbətləndirmə) və cəzalandırma.
C.Lokk qeyd edirdi ki, yaxşı tərbiyə almış işgüzar insanlar cəmiyyət üçün böyük alimlərdən də çox xeyir verə bilərlər. Fiziki və əxlaqi kamillik əldə etmək, habelə elmlərin öyrənilməsinin əxlaqa və tərbiyəyə təsiri alimi düşündürən mühüm məsələlərdən idi.
Con Lokka görə, əmək tərbiyəsi ona görə zəruridir ki, o, uşağı pis adətlərdən uzaqlaşdırır, habelə onu işgüzar gələcəyə hazırlayır. Uşağı əməyə və sənətə hazırlayarkən onun maraqları da mütləq nəzərə alınmalıdır. Uşaq üçün maraqsız olan, zorla yerinə yetirilən iş heç bir yaxşı nəticə verməz.
Con Lokk “Ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır. O, həmin nəzəriyyəsini “Təcrübələr” adlı əsərində belə ifadə edir: insan qəlbi ağ lövhə kimidir. Bu nəzəriyyənin öz dövrü üçün böyük əhəmiyyəti vardır. Bu nəzəriyyə ilə Con Lokk feodalizm cəmiyyətinə, onun qayda və qanunlarına böyük zərbə vurmuşdu. O, bununla fitri qabiliyyətlər nəzəriyyəsini rədd edirdi. V.Q.Belinski Lokk nəzəriyyəsinin çatışmayan cəhətlərini tənqid etmişdi. O yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı olan toxumdur. Uşaq dünyaya müəyyən təbii imkanlarla gəlir, həmin təbii imkanlar həyatda inkişaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri istedadı inkar edirdi.
Lokk “Əqlin tərbiyəsi” əsərində göstərir ki, heç bir xalqın övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz doğulmur. Avropa və zənci qəbilələri bir-birindən fərqləndirən tərbiyədir, ictimai mühitdir..
Con Lokkun fikrincə uşaqlarda olan bəzi zərərli keyfiyyətlər cəmiyyətdən gəlir. Ona görə də hər bir valideynin uşağını evdə tərbiyə etməsi yaxşı olardı.
Onun pedaqoji görüşlərində ailə tərbiyəsi mühüm yer tutur. C.Lokk tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini öyrənməyi tələb edirdi. O, insan xarakterində bir sıra mənfi və müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb edirdi ki, uşaqda müsbət keyfiyyətlərin inkişafına imkan yaratsın. Pis adətləri lap kiçik vaxtdan yerindəcə boğmaq lazımdır.
Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı. Ona görə uşağın fərdi xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pedaqoji təsirin gücü ilə uşaq psixikasını dəyişdirmək olmaz. Con Lokkun fikrincə, uşaq xarakteri axan çaya bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqamətini, məcrasını dəyişdirmək mümkün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar.
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər şey hesab edən nəzəriyyənin başında durur, onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi də onun nəzəriyyəsindən qidalanmışdır.
Jan Jak Russonun tərbiyə haqqında fikirləri. XVII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1778). O, təbii hüquq, təbii tərbiyə və təbii din nəzəriyyələrini irəli sürmüşdür:
I. Təbii hüquq nəzəriyyəsi. J.J.Russoya görə, əmək adamlarını, onların uşaqlarını tərbiyə etməyə ehtiyac yoxdur. Onlar onsuz da tərbiyəlidirlər. Dövlətlilərin uşaqlarını tərbiyə etmək lazımdır. O zaman dünya başqa şəkil alar. Ona görə də J.J.Russo Emili varlı ailədən götürmüşdü. O, deyirdi ki, pozulmuş cəmiyyət insanları da pozur, belə cəmiyyətdə Emili tərbiyə etmək olmaz. Ona saf təbiətdə, təbiətə uyğun tərbiyə vermək lazımdır. Təbiətə imkan vermək lazımdır ki, uşaqları tərbiyə etsin. Bitkini becərməklə, insanı tərbiyə etməklə formalaşdırmaq olar.
II. Təbii tərbiyə nəzəriyyəsi. Russoya görə, uşağın tərbiyəsi təbiətə uyğun olmalıdır. Russo azad tərbiyə tərəfdarı idi. Russo tərbiyənin psixoloji cəhətdən əsaslandırılmasını müdafiə edir, uşağın yaş xüsusiyyətləri ilə bərabər, həm də fərdi xüsusiyyətlərinin nəzərə alınmasını zəruri hesab edirdi.
J.J.Russonun nəzəriyyəsinə görə, təbii tərbiyə tərbiyəçinin uşağı dərindən bilməsi, onun şəxsiyyətinə yüksək dərəcədə hörmət etməsi nəticəsində onu pis təsirdən qoruya bilər. J.J.Russo deyirdi ki, uşaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır:
1. Təbiət vasitəsi ilə tərbiyə insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir;
2. Əşya və hadisələrlə tərbiyə uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir. Məsələn: uşaq əlini oda vurur, əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və buradan da təbii olaraq əşyalar vasitəsilə uşaq tərbiyə olunur.
3. İnsanlarla tərbiyə uşaq şəxsiyyətinə müəyyən məqsədlə edilən pedaqoji təsirdir. Russoya görə, alınan bilik və vərdişlər insanlar tərəfindən verilən tərbiyəyə daxildir.
Bu üç təsir istiqamətdə, vəhdətdə həyata keçirilərsə, tərbiyə düzgün gedər, qarşıya qoyulmuş məqsədə nail olmaq olar. Tərbi- yədə ən böyük səhv həddindən artıq tələsməkdir. J.J.Russo uşağın təcrübəsini həddindən artıq yüksək qiymətləndirirdi. Təbiətin verdiyi bizdən asılı deyildir. Russonun təbii tərbiyə nəzəriyyəsi onu azad tərbiyəyə gətirib çıxarırdı. O deyirdi: “Təbiət tələb edir ki, uşaqlar böyük olmazdan əvvəl, uşaq olsunlar!”
Tərbiyənin vəzifələrinə J.J.Russo xoşbəxtliyi, həm də ləyaqəti inkişaf etdirməyi, arzuları məhdudlaşdırmağı, qüvvələri inkişaf etdirməyi daxil edirdi. Belə tərbiyə olunan şəxsiyyət ləyaqətli, xoş- bəxt, rəhmdil olmaqla sözün əsl mənasında insan kimi yetişir.
J.J.Russonun fikrincə, kamil tərbiyə təbii tərbiyə olmalı, tərbi- yə olunanın təbiətinə tamamilə cavab verməlidir. Tərbiyə zamanı heç bir zor, təzyiq işlədilməməlidir.
III. Təbii din nəzəriyyəsi. J.J.Russo Allahın varlığını qəbul edirdi. O, tərbiyədə uşağın yaş xüsusiyyətlərini nəzərə almaq tələ- binə müvafiq olaraq insanın inkişaf dövrlərini müəyyənləşdirməyə nail olmuşdur.
O, “Emil və ya tərbiyə haqqında” adlı pedaqoji əsərində Emilin inkişafını dörd dövrə bölür. Əsər özü beş hissədən ibarətdir. Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə qadın tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir.
Beləliklə, J.J.Russonun fikrincə, kamil tərbiyə təbii öyrənmə ilə olmalı və tərbiyə olunanın təbiətinə tamamilə müvafiq olmalıdır. Tərbiyə zamanı heç bir zor, təzyiq işlədilməməlidir.
Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb edirdi ki, söz aydın deyilməli və əşya uşağa göstərilməlidir. Uşaq nitqinin inkişafında Russo hər cür tələskənliyin əleyhinədir. Sözlərin təhrif edilərək tələffüz olunması Russoya görə uşaqda pəltəklik yaradır.
Russoya görə iki yaşa qədər uşaqlar həqiqi əqli qabiliyyətlərə malik olmurlar. Onlarda təfəkkür, hətta yaddaş belə yoxdur. Onlar yalnız səsləri, obrazları, duyğuları, rabitələri yadda saxlaya bilirlər. Onların bilikləri yalnız duyğularda əks olunur, təfəkkürə keçmir. Bu dövr əqlin yuxu dövrüdür. Madam ki, belədir, onda uşaqlara əqli məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur.
Russoya görə fiziki inkişaf, əqli inkişafla sıx bağlıdır. Fiziki inkişaf əqli inkişaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir.
Uşağın ağıllı və düşüncəli olması üçün onun möhkəm, sağlam olmasına çalışın. Qoyun o işləsin, hərəkət etsin, qaçsın, qışqırsın, həmişə fasiləsiz hərəkətdə olsun. Qoyun o, güclü və qüvvətli adam olsun. Onda onun əqli də inkişaf edəcəkdir. Bədəni fiziki möhkəmləndirməyə gəldikdə Russo burada uşağın həddən artıq əzizlənməsi və qəyyum edilməsinin əleyhinə çıxır. Uşağın ilk addımlarından müstəqilliyə öyrədilməsi vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inanmalıdır. Russo qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoruyucu papağı, təkərlərə bərkidilmiş səbəti olmayacaqdır. O, özü yeriməyi öyrənəcək, yıxılacaq, duracaq, lakin, öyrənəcəkdir. Qoy uşaq müstəqil addım atarkən yıxılsın, dizi əzilsin, əti göyərsin – bütün bunlar bu yaşda təhlükəli deyil. Çünki, əzab çəkmək ilk şeydir ki, uşaq ona alışmalı, öyrənməlidir.
Russo əmək tərbiyəsinə xüsusi əhəmiyyət verir və deyirdi: “Əlini işsiz başını fikirsiz qoyma”! Oğlu Emilə məsləhət görərək deyirdi “Emil kəndli kimi çalışmalı, filosof kimi düşünməlidir”. Russo sənətkarlıq əməyinə xüsusi qiymət verərək deyirdi ki, “Sənətkar heç kimdən asılı deyildir”.
Uşağa hansı peşəni öyrətməli? Hər şeydən əvvəl daim faydalı olan peşəni öyrətmək lazımdır. Bu peşələr dəbdən, dövlətli adamlardan asılı olmayaraq mövcuddur. Buna görə də Emil özünə şərəfli, faydalı bir peşəni seçməlidir. Russoya görə peşələr içərisində ən şərəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir.
Fransız materalist filosoflarının görkəmli nümayəndələrindən biri Klod Adrian Helvetsidir (1715-1771). Helvetsi fitri ideyaları rədd edərək tərbiyənin rolunu yüksək qiymətləndirir və deyirdi: “Tərbiyə hər şeyə qadirdir!”. Onun fikrincə tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək mümkündür. Bu isə onun idealist – “dünyanı rəylər idarə edir” baxışından irəli gəlirdi. Helvetsi yazırdı ki, insan biliyi onun duyğularının məhsulu olduğundan, tərbiyənin əsas vəzifəsi hiss orqanlarını tərbiyə və inkişaf etdirməkdən ibarətdir. Həqiqətlər nə qədər yüksək olursa olsun hamı tərəfindən qavranıla bilər - deməklə insanlar arasında olan təbii fərqləri inkar edirdi. Helvetsinin fikrincə din xadimlərini məktəbdən qovmaq, köhnə sxolastik feodal məktəbini kökündən dəyişmək, məktəbləri dünyəvi etməklə dövlətin ixtiyarına vermək lazımdır. Helvetsi ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəb tərbiyəsinə böyük əhəmiyyət verirdi. “Ağıl haqqında”, “İnsan, onun əqli qabiliyyətləri və tərbiyəsi haqqında” əsərlərni yazmışdır.
Deni Didro (1713-1784), fransız materialist filosoflarından biridir. D. Didro “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlülərə nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edir, öz fikirlərində ardıcıl olaraq materiyanın məhv olmamasını və yaşamasını möhkəm müdafiə edirdi. O, duyğuları qiymətləndirərək deyirdi, ağlımız hakim, duyğularımız isə şahidimizdir. Didro tərbiyənin əhəmiyyətinə böyük qiymət verirdi, lakin Helvetsi kimi onu həddindən artıq şişirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi:
“Tərbiyə hər şeyə yox, çox şeyə qadirdir!”. O, insanlar arasında təbii imkanların və ona tərbiyənin təsirini izah edirdi. Didro köhnə məktəb sistemi və proqramlarını dəyişdirilib aradan götürülməsini tələb edirdi. O, öləndə belə öz materialist fikrindən dönməmişdir. 1773-cü ildə o, İkinci Yekaterina tərəfindən Rusiyaya dəvət edilmiş və ona yeni əsaslar üzrə maarif planı tərtib etmək tapşırılmışdır. O, «Rusiyanın universitet planı»nı tərtib etmişdir.
İohan Henrix Pestalotsinin tərbiyə haqqında fikirləri.
Görkəmli pedaqоq-demоkrat İоhan Henriх Pestalоtsi (1746-1827) ömrünün əlli ildən çохunu uşaqların tərbiyəsinə həsr etmişdir. О, 1746-cı ildə yanvarın 12-də Isveçrənin Süriх şəhərində anadan оlmuşdur. Beş yaşında atası ölmüş, anası və qulluqçuların himayəsində tərbiyə almışdır. Atasının ölümündən sоnra ailələrinin maddi çətinlik çəkmələrinə baхmayaraq, о, yaхşı təhsil almağa müvəffəq оlmuşdur.
1769-cu ildə Pestalоtsi çох böyük ümidlərlə Süriхə yaхın bir yerdə “Neyqоf” (“Yeni həyat”) adlandırdığı kiçik bir malikanə alır. О, öz malikanəsində “Yохsullar üçün müəssisə” təşkil edir. Amansız bir surətdə istismar оlunan 8-15 yaşlı kəndli uşaqlarını buraya tоplayır. О, burada uşaqlara охumaq, yazmaq, saymaq öyrədir, cоğrafiyadan, təbiətdən, ibtidai məlumat verir, оnları həm də emalatхanalarda işlədirdi.
İ.Pestalоtsinin bu təcrübəsi çох davam etmədi. Müəssisə maddi çətinlik ucbatından bağlandı. İ.Pestalоtsi birinci uşaq evinin təcrübəsi əsasında “Rahibin aхşam saatları” və “Linqard və Gertruda” adlı əsərlərini yazdı. “Linqard və Gertruda” rоmanı nəşr оlunduqdan sоnra о, böyük müvəffəqiyyət qazandı. Rоmanda kənd yохsullarının həyatı, оnların dilənçiliyinin, cəhalətdə qalmasının, köməksizliyinin, istismar оlunmalarının səbəbləri, ailə-məişət məsələləri öz əksini tapmışdır.
Yetim və kimsəsiz uşaqlara məхsus yetimlər evi açıb оnlara rəhbərlik etmək üçün İ.Pestalоtsi Stans şəhərinə gedir. Оrada 80 nəfərlik yetimlər evi təşkil edib оna rəhbərlik edir. Burada da оnun fəaliyyəti uzun sürmür və uğursuzluğa düçar olur. O, 1799-cu ilin iyulunda Burqdоrf şəhərindəki ibtidai məktəbə təyinat alır. Оnun sоnrakı fəaliyyəti bu məktəblə bağlıdır. Burqdоrfda İ.Pestalоtsi gəlmə (şəhərdə vətəndaşlıq hüququ almayan) əhali üçün açılmış məktəbdə müəllim köməkçisi оlur. 1800-ci ilin payızında оnun başçılığı ilə Burqdоrf institutu – internatı оlan оrta məktəb təşkil оlunur. Bu məktəb müəllim hazırlayırdı. Qısa müddətdə institut Avrоpada geniş şöhrət qazanır. Rusiyadan, Almaniyadan, Fransadan, İngiltərədən, İtaliyadan, İspaniyadan buraya tələbə göndərilir. Pestalоtsi bu illərdə “Gertrudanın öz uşaqlarına təlim verməsi”, “Analara məхsus kitab”, “Müşahidələr əlifbası”, “Rəqəm haqqında əyani təlim” və ömrünün sоnunda “Qu nəğməsi” əsərlərini yazmışdır.
İ.Pestalоtsinin pedaqоji ideyalarının əsasını tərbiyənin təbiətə müvafiqlik prinsipi təşkil edir. Uşaqda bütün qüvvə və qabiliyyətlər rüşeym vəziyyətində оlur, təbii inkişaf təmrinlər yоlu ilə həyata keçirilir. Buna görə də tərbiyəçi uşaqların təbii qüvələrini düzgün istiqamətləndirməli, оnun inkişafına mane оlan hər cür təsiri aradan qaldırmalıdır. İ.Pestalоtsi deyirdi ki, təbiətəmüvafiq tərbiyə ailədən başlayır, əхlaq tərbiyəsinin əsası ailədə qоyulur. Əхlaqın sadə fоrması uşağın anaya оlan məhəbbətidir. Uşaq kiçik yaşlarından ana nəvazişi görür və оnqa görə də ana ilk tərbiyəçi оlur.
İohan Henrix Pestalotsinin əsərlərində, xüsusilə “Herbartın doqquz sualına cavab”, Oğlunun tərbiyəsi haqqında “Pestalotsinin gündəliyi”, “Analar üçün kitab”, “Qu quşunun nəğməsi” əsərində ailə tərbiyəsi məsələlərinə geniş yer vermişdir. Ailədə uşaqların ilk tərbiyəçisi anadır. Ana əvvəlcə uşaqların hisslərinə təsir etməli, sonra isə hisslərin bu cür tamamlanmış tərbiyəsində ağıla təsir etmək üçün bazis axtarmalı, uşağın rahatlığını təmin edən vasitələrdən istifadə etməyi bacarmalıdır. Məktəb yaşına çatmamış uşaqlar üçün Pestalotsi ailəni ilk tərbiyə məktəbi hesab edərək orada uşaqların hisslərinin, nitq və təfəkkür qabiliyyətlərinin inkişaf etdirilməsini, sağlamlıqlarının qorunmasını zəruri sayırdı. Pestalotsi deyirdi ki, ana kimi sevirsə uşaq da onu sevir. Ana kimə etibar edirsə, uşaq da ona etibar edir. Ana kimə inanırsa, uşaq da ona inanır.
Uşaq hiss orqanlarından istifadə etməyə başlayan andan ana onun hiss üzvlərinə təsir edərək əşyaları göstərməklə uşağın təsəvvürünü, görüş dairəsini genişləndirə bilər. Uşaq dil açarkən ana onu bədən üzvləri ilə tanış edir. Uşaq başı, iki gözü, iki qulağı, iki əli, iki ayağı olduğunu öyrənir. Bundan sonra uşaq əyninə geyindiyi paltarları, onu əhatə edən əşyaları adları ilə deyə bilir. Uşağın üç yaşı tamam olmamış ana ona ilkin hesab ünsürləri öyrədə bilər. Uşaq rəqəmləri tanıyır, şəkillərdə onları göstərə bilir. Uşaq 4 yaşa keçid dövründə düz xətt, üfüqi xətt, qapalı xətt çəkə bilir. Ana uşağa əşyaları yerdən yığışdırmağı, bir yerə toplamağı, aparıb yerinə qoymağı öyrətməlidir. Bu işləri yerinə yetirən uşaq bundan sevinc hissi keçirir.
Oğlunun tərbiyəsi haqqında “Pestalotsinin gündəliyi”ndə uşaqları erkən yaşdan ətrafda baş verən hadisələri müşahidə etməyi öyrətməyi zəruri sayırdı. O, qeyd edirdi ki, ən böyük sevinc yavaş, uzun axtarışlardan doğur. Uşağa başladığı işi sona çatdırmağa kömək etmək, şərait yaratmaq lazımdır. Tərbiyə işində heç vaxt tələsmək olmaz. Təbiət uşaq üçün ən yaxşı müəllim olur. Təbiətin azad auditoriyasında uşaq özünü daha sərbəst, azad hiss edir.
Uşağı bacara bildiyi işi görməsinə imkan verilməlidir. Uşaqları erkən yaşlarından işə, zəhmətə alışdırmadan ondan dəyərli insan tərbiyə etmək qeyri-mümkündür. Uşaq sevincli əməyə doğru getməlidir. Bağda, həyətdə işləmək, bitkilər toplamaq və s. ictimai həyata hazırlıqdır. Unutmaq olmaz ki, günahsızı cəzalandıran hər bir kəs məhəbbəti itirir.
Ana dilinin öyrədilməsindən danışarkən Pestalotsi deyir ki, ana dilinin və hər hansı bir dilin təbiətə müvafiq öyrənilməsi hissi qavrayış vasitəsilə əldə edilən biliklərlə əlaqədardır.
Nitq orqanları inkişaf etməyincə uşaq danışa bilmir. Təbiət körpəni danışmağa öyrədə biləcək ayrı bir yol tanımır. Uşağa danışmağı öyrətmək üçün ana təbiət özünə icazə verməlidir ki, uşağın eşitməsi, görməsi, duyması və s. üçün malik olduğu bütün gözəl imkanlarla ona təsir etsin. Uşaq özünün gördüyünü, eşitdiyini, duyduğunu, iy və dad bildiyini dərk etdikcə onda həmin təəssüratı ifadə edə bilən sözlərə bələd olmağa və öz fikrini həmin sözlər vasitəsilə ifadə etməyə başlayacaq.
Pestalotsi oğlu haqqında yazdığı gündəlikdə məktəbəqədər yaşlı uşaqlarla aparılan təlim məşğələlərinə xüsusi əhəmiyyət verir. O, tərbiyəçilərə məsləhət görürdü ki, uşaqlar başladığı işi sona çatdırmayınca irəli getməyə tələsməsin, sən bununla boşboğazlığın və fikri azdırmağa səbəb olan huşsuzluğun qarşısını ala bilərsən. Təlimdə yersiz tələskənlik ziyan gətirər. İrəli getməli, daim işləməlisən. Lakin həmişə arxaya da, keçdiyin yola da nəzər salmalısan. Şöhrətpərəstliyə uymaq lazım deyil, yalnız həqiqəti axtarmaq lazımdır. İ.Pestalоtsi deyirdi ki, ailədən başlayan təbiətəmüvafiq tərbiyə sоnra məktəbdə davam edir. О, uşaqların təbii qüvvələrini inkişaf etdirməyən, оnu bоğmağa çalışan məktəbləri tənqid edirdi. О, deyirdi ki, uşaqların adamları sevməsi güclə və yaхud da оnu uzun-uzadı nəsihətlər vermək vasitəsilə deyil, təbii sevgi əsasında оlmalıdır. Ağıl meхaniki оlaraq başqalarının fikirlərini mənimsəmək əsasında deyil, müstəqil оlaraq fikirləşməklə inkişaf edə bilər. İ.Pestalоtsinin pedaqоji nəzəriyyəsində əqli təhsil məsələləri mühüm yer tutur. İnsanın ahəngdar inkişaf ideyasından çıхış edərək İ.Pestalоtsi əqli təhsili əхlaq təbiyəsi ilə sıх əlaqələndirmişdir. О, təlimin vəzifəsini yalnız müəyyən bilik tоplamaqda deyil, həm də uşağın düşünmək qabiliyyətini inkişaf etdirməkdə görürdü. Оnun fikrincə, ağla çох bilik vermək əvəzinə, ağlın bilik almaq qüvvəsini artırmaq lazımdır.
Pestalotsi nəsihətçilikdən uzaq olmağı məsləhət görür. Nəsihət uşağı bezdirir, həmin sözlər hər gün təkrar olunduqca onlar hiddətlənir. Azadlığa üstünlük verir. Azadlığın boğulması uşağın qəlbində müqavimət doğurur. Azadlıq uşağın qəlbini sakitliklə, təmkinliklə doldurur. Lakin, bu uşağı özbaşınalığa da gətirib çıxarmamalıdır.
Pestalotsi yazır, “vətəndaşı erkən yaşlarından işə alışdırmadan ondan dəyərli insan tərbiyə etmək olmaz”. Lakin əmək cəlbedici, sevinc gətirən olmalıdır.
Kiçik uşaqların təlimində və tərbiyəsində nümunə xüsusi əhəmiyyət kəsb edir. Uşaqlar hələ saymaq vərdişinə yiyələnmədən say haqqında sözləri öyrənirlər - bir, üç, beş, on və s. Burada uşaq heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri eşitdiyi kimi yadında saxlayır. Biz ikini bilməyən uşağa üçü öyrətsək, nə qədər səfeh iş olardı. Qoy uşaq əvvəlcə ikini yaxşı öyrənsin, sonra üçü öyrət. O zaman uşaq saymağı nə qədər təbii öyrənir.
Bədən tərbiyəsindən danışarkən tələb edir ki, bu oyun və məşğələ açıq havada keçirilməlidir. Çünki uşaq üçün bədəni möh-kəmlətməyin böyük əhəmiyyəti var. Eyni zamanda, tərbiyəçinin özü də bədəncə və ruhən sağlam olmalıdır.
İohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri. İ.F.Herbart (4 May, 1776 – 14 Avqust, 1841) tərbiyənin fəlsəfi və psixoloji əsaslarını işləyib hazırlayaraq elmi-nəzəri fikirlər irəli sürmüşdür.
İ.F.Herbart tərbiyənin məqsədini müəyyənləşdirməyə böyük əhəmiyyət vermişdir. İ.F.Herbart tərbiyənin məqsədini iki yerə bölürdü:
1. İmkan daxilində olan məqsədlər. Bu müəyyən ixtisas üzrə peşə seçməkdir;
2. Zəruri məqsəd. Bu insanın bütün fəaliyyət sahələri üçün lazımdır.
Birinci məqsəd insanda çoxtərəfli mürəkkəb maraq tərbiyəsi, ikinci məqsəd isə əxlaqi səciyyə daşımalıdır. İ.F.Herbart tərbiyə prosesini üç yerə ayırırdı: idarə etmək, təlim və əxlaq tərbiyəsi. İdarə dövrü uşağın gələcəyini deyil, mövcud vəziyyətini, tərbiyə prosesində müəyyən qayda və intizama tabe olmasını nəzərdə tutur. O, uşaqda “vəhşi şuxluğu” susdurmalıdır. İ.F.Herbart tərbiyənin məqsədini хeyirхah insanların yetişdirilməsində görürdü. Bu məqsədlə də о, mövcud əхlaqi nоrmalara və hüquqi qayda-qanunlara tabe оlan, оna hörmət edən, оna uyğunlaşmağı bacaran adamların tərbiyə оlunmasını nəzərdə tuturdu.
Məhz о, təlimin tərbiyəedici funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyəedici edən elementləri aydın surətdə göstərmiş, оnun mahiyyətini izah etmişdir. О, deyirdi ki, tərbiyəedici təlimin sоn məqsədi хeyirхah insan yetişdirməkdir. Əхlaq tərbiyəsi verməyən təlim yalnız məqsədsiz vasitədir, təlimsiz əхlaq tərbiyəsi vasitəsiz məqsəddir.
İ.F.Herbart ictimai və şəxsi əxlaq ideyasını şərh etmişdir. Onun əsaslandırdığı beş əxlaqi ideya “xeyirxahlıq” və “vətəndaşlıq borcu” anlayışlarının məzmununu ehtiva edir.
İ.F.Herbartın tərbiyənin məqsəd və vəzifələri ilə bağlı fikirləri bu əxlaqi ideyalara əsaslanır:
Daxili azadlıq ideyası şəxsiyyətin əql və iradəsinin, əxlaqi mühakimə ilə iradəsinin harmoniyasını nəzərdə tutur;
Kamillik ideyası bədən və ruhun sağlamlıq qayğısına qalmağı, həm bədəni, həm də ruhu qiymətləndirməyi, onları mü- kəmməlləşdirmək arzusuna malik olmağı, yüksək mənəvi dəyərlərə yiyələnməyi nəzərdə tutur;
Məhəbbət ideyası şəxsi iradə ilə digər fərdlərin iradəsi arasında harmoniyanı, yüksək səviyyəli müəllim-şagird münasibətlərini nəzərdə tutur;
Ədalət ideyası başqasına edilən hər bir hərəkət üçün mükafat, yaxud cəza verməyi nəzərdə tutur;
Hüquq ideyası fərdin öz hüquq və vəzifələrini başqaları ilə münasibətdə dərk etməsini, mübahisə zamanı hər iki tərəfin bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə tutur.
Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim əxlaqca güclü xarakterlərin formalaşmasına xidmət edir. Təlimi intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və iradəsinin inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil edir. İ.F.Herbarta görə, təlim çoxcəhətli marağa əsaslanmalıdır. O, yazırdı: “Təlimin son məqsədi-xeyirxahlıqdan ibarətdir”.
İ.F.Herbart tərbiyədə əqli təhsilə mühüm yer verir, təlimi tərbiyədə ən mühüm və əsas vasitə, şagirddə müstəqil xarakterin yaranmasında mühüm şərt kimi səciyyələndirirdi. Pedaqoji elmdə tərbiyəedici təlim ideyası Herbarta məxsusdur. Məhz o, təlimin tərbiyəedici funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyələndirici edən elementləri aydın surətdə göstərmiş, onun mahiyyətini şərh etmişdir.
İ.F.Herbarta görə, tərbiyə insanın iradəsi ilə onun çoxtərəfli maraqları arasında harmoniya yaratmalıdır. Bu harmoniyaya isə idarəetmə, təlim və əxlaq tərbiyəsi ilə nail olmaq olar. O, əxlaq tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi.
Lakin İ.F.Herbart cəzanı intiqam məqsədi ilə deyil, şagirdə xeyirxahlıq aşılamaq məqsədi ilə verilməsini məsləhət bilirdi. O deyirdi ki, uşağın öz hərəkətində sərbəst olmasına yol verilməməlidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur ki, ictimai həyatın təsiri tərbiyədən güclü olmamalıdır.
Dostları ilə paylaş: |