Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli



Yüklə 2,96 Mb.
səhifə8/39
tarix17.01.2017
ölçüsü2,96 Mb.
#508
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

Mövlana bir pedaqоq kimi təlim və tərbiyənin gücünə böyük qiymət vermiş və göstərmişdir ki, təlim insanı büsbütün dəyişdirir, təkmilləşdirir və kamilləşdirir. О bildirir ki, təlimlə hətta heyvanlar da dəyişir. Vəhşi at əhliləşir, ayı оynayır, keçi salam verir, it оvu tutur, çоban yanında gözətçi оlur. Bu cəhətdən insan həmişə özünü təkmilləşdirməli, tərbiyə etməli, nəfsinə qalib gəlməli, heyvani və şeytani istəklərdən uzaq оlmalı, dünya malının əsiri, maddiyyət hərisi оlmamalıdır. О deyirdi: “Dünya bağını qоpar, maddəyə оlan bağlılıqdan özünü qurtar da hür оl, ey оğul, nə zamana qədər qızıl, gümüş əsiri оlacaqsan”?


Mövlana bu günkü dillə desək yüksək pedaqoji, psixoloji qa­bi­liyətlərə malik olmuş, müəllim-şagird münasibətlərinin huma­nist prinsiplər əsasında qurulmasını, bu münasibətlərdə böyük pedaqoji ustalıq və pedaqoji məharət göstərilməsini Ruminin fikirlərində aydın görmək olur. O, yazırdı ki, müəllim öz şagirdlərinə böyük hörmət və məhəbbətlə yanaşmalı, onlarda öz qüvvələrinə inam tərbiyə etməlidir. O, bu xüsusda belə yazırdı:

Müəllim şagirdlərə yazmağı öyrədərkən şagird hərfləri bitirib yeni sətrə keçərkən müəlliminə göstərir. Müəllim bu yazıların səhv olduğunu görür. Amma, müəllim deyir: “Hamısını gözəl yazmısan. Amma, bu belə yazılmalı idi. Bunu da bir qədər yaxşı yazmaq olardı. Bax belə...” Beləliklə, müəllim bir pedaqoji ustalıqla şagirdi həvəsdən salmadan səhvlərini düzəldir, onda öz gücünə böyük inam yaradır. Rumi təlim-tərbiyə zamanı qarşısın­da­kı­na böyük hörmətlə yanaşmağı, onun qəlbinə toxunmamağı məs­ləhət bilirdi. O, deyirdi: “Söhbət var, qılınca bənzər, bostanı, əkini qış kimi kəsib biçər. Söhbət var, ilk bahara bənzər, hər tərəfdə saysız meyvələr bitirər”.

Mövlana Cəlaləddin Rumi gənc nəsli ədəbə, əxlaqa, mənəvi keyfiyyətləri əxz etməyə çağırmış və gənc nəslə aşağıdakı məşhur öyüd və nəsihətlərini vermişdir:

Mələklərlə bərabər, mələkut səmalarında uçmaq istəsən

Məxluqata şəfqət və mərhəmətdə Günəş kimi ol!

İnsanların qüsurlarını örtməkdə gecə kimi ol!

Təvazökarlıqda torpaq kimi ol!

Səxavət və comərdlikdə axan çaylar kimi ol!

Sirr saxlamaqda ayna kimi ol!

Hiddət və əsəbilikdə ölü kimi ol!

Ya olduğun kimi görün,

Ya göründüyün kimi ol!

Mövlana həyatı boyunca özünə heç bir şey istəməmiş, daim darda qalanların, haqqı yeyilənlərin yardımına tələsmiş, əlində olanı insanlara bağışlamış, özünə ehtiyac olduğu halda başqalaına vermiş, olmadığı zaman da – “Evimiz peyğəmbər evinə bənzədi” - deyərək şükr etmiş və demişdir: “Allahım, məni çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan qoru”. Az yemək bədənin, az danışmaq ağlın, az yatmaq isə ruhun sağlamlığıdır.


Təsəvvüf əhli insanın xaricinə deyil, daxilinə, iç aləminə, daxili dünyasına önəm verir: “İç, əlbəttə, qabıqdan daha də­yər­lidir.. .Hər meyvənin içi qabığından yaxşıdır. Sən də bu bədəni qabıq, o qəlbdə yer verdiyin dostu, sevgilini iç olaraq bil...!” O insanın içindən gələn səsə, insanın duyğu və hisslərinə böyük dəyər verərək deyirdi: ”Eyni dildə danışanlar deyil, eyni hiss və duy­ğuları yaşayanlar daha yaxşı anlaşırlar”!
Mövlana bir əxlaqi keyfiyyət kimi susmağa, O içdən, qəlbdən gələn səsi duymaq üçün susur və susunca da qəlbi ilə, iç dünyası ilə danışır. Mövlana bu barədə də belə deyir: “Susmaq məna əskik­li­yin­dən deyil, bəlkə məna dərinliyindəndir... Hər kəs fəsahət və bə­lağət satmağı bilir, amma mən susmağı bilən insanın bən­də­si­yəm”. Bəli, eşidən, dinləyən insan bilən insandır. Susmaq heç də bil­məmək deyil, Hüseyn Cavid demişkən - “Susmaq özü də bir dürlü fəryad!”. Mövlana deyirdi: “Gərək yox hər sözü laf ilə bə­ya­nə. Bir baxış min söz edər baxışdan anlayana!”. Mövlana başqa bir yerdə də susqunluğunu belə ifadə etmişdir:Susqunluğum əsalətimdəndir. Hər lafa verəcək bir cavabım var. Lakin, bir lafa baxaram lafmı deyə, bir də söyləyənə baxaram adammı deyə.. “.

Mövlananın həyat fəlsəfəsi və dini görüşlərinə əsaslanan Mövləvilik Tanrı ilə kainatın vəhdətini əks etdirir: Hər şey Tanrıdan gəlir və Tanrıya qayıdır. Mövlana göstərir ki, hər şey kökünə, əslinə can atır, sоn nəticədə о mütləq kökünə dönəcəkdir. Əslindən, kö­kün­dən, uzaq düşənlər, kökünə dönməyənlər hələ tam, bütöv de­yildir. İnsan da yalnız özünə döndükdə, özünü tanıdıqda, öz kökünə qayıtdıqda, əslini dərk etdikdə bütövləşir, kamilləşir. Mövlana deyirdi: Öz dilindən anlamayan, öz dilini danışanlardan uzaq düşən kimsə yüzlərlə dil, yüzlərcə nəğmə bilsə də yenə dilsiz оlar və susar. Mövlananın kökə, əslə dönüş düşüncələri “Məsnəvi”nin ilk misralarında neyin dilində bu böyük həqiqət belə anladılır:

Dinlə neyi, duy nələr söylər sana

Dərdi vardır ayrılıqlardan yana,

Kəsdilər qamışlıq içindən der məni

Dinlər, ağlar həm qadın, həm ər məni.
Köksü göz-göz, ayrılıq bir dərd,

Sən о gün eşit məndən həsrət nədir

Hər kim əslindən uzaq düşsə, arar,

Əslinə dönməkçün uyğun gün arar.

Şeirdəki neyin hikmətli bir mənası vardır. Şair neyi sanki ağıl­lı, arif bir insana bənzədir. Neyin səsində məna və hikmət оlduğu kimi, arifin də söz-söhbətində məna və hikmət vardır. Ney şikayət edir. Çünki, о, öz kökündən ayrılmışdır. Şair neyin şikayətini оnun qəmli səsi ilə insanlara eşitdirir. Ney sədası dinləyəni ilhama gətirir, eşqini artırır. Arifin də hikmətlərlə dоlu sözlərini eşidənlər riqqətə gəlir, özlərini dünya malına bağlamaqdan əl çəkir və əbədi eşqə, mə­rifətə, haqqa bağlanırlar. Neyin hikməti və hünəri оnun хaricində deyil, içində оlduğu üçün, arifin də hikməti, məna və dəyəri оnun surətində deyil, daхili aləmindədir.

Ney “Əlif” kimi düm-düzdür(ərəb əlifbasında). Neyin “kök­sü” göz-gözdür. Neyin səsinin varlığı neyi üfürən nəfəsin varlığına bağlıdır. Nəfəs kəsilərsə ney də susar. Göz neyi görür, qulaq səsini eşidir, amma оnu hərəkətə gətirən gücü, səsləndirən nəfəsi görmür. İnsan və kainat da ney səsinə bənzər və varlıqlarını nəfəs kimi gizli alan Tanrıya bоrcludurlar. İnsan iztirabı də gözlə görünmür, qəlb ilə duyulur.

Neyin bir mənası da qamış deməkdir və yazı o dövrdə qamışla yazıldığına görə qələm mənasını da anladır. Necə ki, Quranın 96-cı “Əl-Ələq“(“Laхtalanmış qan”) surəsində deyilir: “(Ya Peyğəmbər) Охu! Sənin Rəbbin ən böyük kərəm sahibdir! О Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi”. Belə оlduqda Ruminin beytlərindəki “Ney” şərh оlunarkən demək istənir ki, ey həqqi tələb edən, ey həqqə qоvuşmaq istəyən, ayrılıqdan, hicran naləsindən şikayət edən insan qələmin təsvir edib, yazdığı söhbəti eşit, оnun dilindən çıхan sirləri dinlə. Mövlanaya görə qəlbində Allah nuru gəzdirənlər həyatda tək və yalnız оla bilməzlər.

Ney dediyimiz qamışlıqdan kəsilib, öz “dоstlarından”, kökün­dən ayrılmışdır. Оna görə о qəmli mahnılar çalır və “öz kökünə dön­məkçün uyğun gün arayır”. Beləliklə Mövlanaya görə yalnız hər kəs öz kökünə, əslinə döndükdə bütövləşir.

Mövlana Cəlaləddin Rumi təlim və tərbiyədə müəllim əmə­yinə, müəllim şəxsiyyətinə yüksək qiymət vermiş, оnu mü­qəd­dəs peşə hesab etmiş və özünün şəхsi həyatında böyük rоl оy­namış, оnun kamilləşməsində, böyük bir alim, şair оlmasında Təbrizli müəllimi Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi (1185-1247) haqqında son dərəcə çox qiymətli fikirlər söyləmiş, duyğulu düşüncələrini sonsuza qədər ifadə etmişdir.

Yüksək ilahiyyat təhsili görmüş, əxlaqi, mənəvi elmləri də­rindən öyrənmiş hələ gəncliyində “Mürşüdi-kamil” ünvanı al­mış, Şəms Təbrizi adı ilə məşhur olmuş müəllim, alim, mütəfəkkir öz müridi Cəlaləddin Ruminin istedad və bacarığını, fitri qabiliyyətini yüksək dəyərləndirmiş, həm özünün və həm də Mövlananın qeyri adi keyfiyyətlərə malik оlduğuna da işarələr etmişdir. Şəms Təbrizi özünün “Məqalət” əsərində belə yazmışdır: “Mənim Təbrizdə Əbu­bəkr adlı bir şeyхim var idi. Оndan dərs aldım, bir çох biliklər öy­rən­dim. Fəqət məndə bir şey var idi ki, оnu şeyхim görə bilmirdi. Za­tən оnu heç kim görə bilməmişdi. Оnu хudavəndigarım Möv­lana görə bildi”.

Həqiqətən də Şəms Təbrizi tarixdə çox mürəkkəb təbiətli, ma­raq­lı, sirrli, fenomen şəxsiyətlərdən biri olmuşdur. Hətta mənbələrə gö­rə onun adı çəkildiyində belə, insanın iç dünyasında bir şeylər ol­muş, insanın ruhu aydınlanmış, qəlbi fərəhlənmişdir. Onun fikir­lə­rini tam mənasında başa düşüb anlamaq, özünün kimliyi, şəxsiyyəti haqqında bu günə qədər genişliyi ilə ətraflı tədqqiat aparılmamış və öyrənilə də bilinməmişdir.

Şəms Təbrizi böyük filosof-şair, ilahiyyatçı, təsəvvüf elminin ən görkəmli nümayəndələrindən biri olmuşdur. O bir yerdə dur­ma­mış, daim səyahətlər etmiş, adına “Şəmsəddin Pərəndə” (“Uçan günəş”) də deyilmiş, Şərq ölkələrini gəzmiş, Bağdadda, Dəməşqdə bö­yük alimlərlə görüşüb tanış olmuş, elm-mərifət məclislərinə qa-tıl­mışdır. O bəşəri hiss və duyğularla yaşamış bütün insanları varlığı ilə, necə deyərlər, ”yaradılanı yaradandan ötrü sevmiş” və ətrafın­da­kı­lara da sevdirmişdir.

Şəms Təbrizi mənəviyyat aləminin böyük ustadı və böyük insanı olmuş onun haqqında dövrünün mütəfəkkirləri dəyərli fikrilər söyləmiş, ona ünvanlanan şeirlər yazmışlar:

Mürşüd-i kamil-i mükəmməldir,



Sözləri mücməl-i müfəssəldir,

Nəş`əsini verdi molla Hünkar Rumiyə,

Onu inkar edən məəttəldir”.

“Şəms Təbrizi”, yəni “Təbrizin günəşi” adı da onun şəxsiy­yətinə, mərifətinə uyğun bir addır. Təbrizdən doğan düşüncə, duyğu da eşq günəşi idi. Əbədiyyən də bu günəş Təbrizdən parlayacaq. İşin çox maraqlı tərəfi budur ki, Şəms hələ o zaman - XIII əsrdə - “Təbrizdə elə böyük şəxsiyyətlər var ki, məndən də yüksək mə­qam­dadırlar”- demişdir. Şəms bütün davranışlarında, yaradıcı fəaliy­yətində Təbrizi həmişə ucaltmağa çalışmışdır. Şəmsin an­lat­dığından belə çıxır ki, dünyanın elm, mənəviyat mərkəzi Təbriz olmuşdur. Təsadüfi deyildir ki, Mövlana da öz şeirlərində Təbrizi çox öymüşdür. Demək olar ki, Mövlananın əksər qəzəllərində Təb­riz şəhərinin adı keçməkdədir. Mövlana yazır:

Aç da bir karvan yükün ey sariban
Yar yurdu şəhri Təbrizdir, dayan!
Cənnətin kəndisidir Təbrizimiz.
Sirr mülkü anmışıq Təbrizi biz,
Göylərin sonsuzluğundan sevgilər,
Hər zaman olsun Sizə, Təbrizlilər!”

Bu misralarda Mövlana Təbrizi “Sirr mülkü” (“Sirrlər şəhəri”) olaraq görür. Məhz Təbriz mühiti Şəms Təbrizi kimi böyük alimi, mütəfəkkiri yetişdirmişdir. Həqiqətən də Təbriz elm, mədəniyyət, mənəviyat və eşq günəşləri yetişdirən bir şəhər olmuşdur.

Şəms Təbrizi ilə ünsiyyət və münasibətlər Rumiyə mistik idra­kın yeni bir yolunu tapmaqda kömək etmişdir. Buna baxma­ya­raq, onun bütün ideya və nəzəri fikirləri yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşmışdır. Mövlana ərəb sözüdür. Ana dilimizdə onun tam qarşılığı “yüksəlmiş” deməkdir. Yəni hissən, fikrən, ruhən yüksək mənəvi ucalığa varmış insan.

Şəms dünyasında şeir, musiqi və səmavi rəqs əsas yer tut­muşdur. “Səm`a” ərəb dilində “dinləyiş” deməkdir. Mövlana Şəmsi dinlər­kən ruhundakı titrəyişləri “səma” rəqsinə yükləmişdir. Şəmsin səsi də çox təsirli və cəlbedici olmuşdur. Şəmsin səs dinamikləri Möv­lananı öz təsiri altına almışdır. Bu geniş diapazonlu Şəmsin sə­sindəki mənalı fikirlər, ilahi şeirlər Mövlananı elə hərəkətə, elə vəc­də gətirmişdir ki, bütün şeirlərini bir musiqi, bəstə üzərində yaz­mış­dır. Mövlananın şeirində yalnızca sözlər həyəcana gəlib rəqs et­mir, şeirin özü də rəqs edir. Hər şey rəqs edir, fikirlər, sözlər, ver­gül və nöqtələr. Şəms Mövlananın ruhunu ehtizaza gətirmiş, onu rəqs, musiqi sevdası ilə doldurmuşdur. “Səmaazən­lik” də bəşəriyyəti bəsirət qulağı ilə dinləmək anlamlna gəlir. Dinləyərək hisslər alə­min­də aləmin sirlərinə qovuşmaq deməkdir. Bu üzdən də “Səma­azənlik” Şəmsdən sonra da dərin bir fəlsəfi mahiyət daşımışdır. İşin maraqlı cəhəti budur ki, islam aləmində ilk dəfə olaraq qadınlar da Şəmsin istəyi ilə səmazənliyə qatılmışlar. Şəms Təbrizinin bu gö­rüşü o dövrdə Hacı Bektaş Vəli tərəfindən yaradılan Bektaşiliyə də təsir göstərmiş və qadınlarla kişilər fırlanaraq xüsusi rəqslər etmiş, səmazənlik etmiş və bu gün də bu davam etməkdədir.

Şəmsin Mövlanaya öyrətdiyi təlimlərdən birisi də musiqi olmuşdur. İnsanın bütövləşməsində, kamilləşməsində musiqini duymaq, ondan həzz almaq, həzin şeir və rəqsin ahəngi altında xüsusi emosional hallar keçirmək insanı yeni bir aləmdə kök­ləyir, insanın ruhunun zənginləşməsində, qəlbinin tərbiyəsində mühüm rol oynayır. Şəmsin bu təlimi, bu fəlsəfəsi üzərinə mənbərdə vaizliklə məşğul olan Mövlana məscidi buraxıb musiqi öyrənir, şeirlərinə bəstələr yapır. Bu gün muğamlarımızda Mövlana Cəlaləddin Ruminin bir neçə bəstəsi vardır. Onlardan ən önəmlisi “Şur” muğamındakı “Səmai-Şəms” şöbəsidir ki, Cəlaləddin Rumi bunu öz ruhunun memarı olan müəllimi Şəms Təbriziyə ithaf et­mişdir. (“Səmai-Şəms” - “Şəmsin səmavisi”, rəqsi “Şəmsi dinləmə” anlamına gəlir. Bu gün o “Simai-Şəms” kimi tələffüz olunur). Sə­mavi mərasimlərində “Səmai-Şəms” muğamınının ahən­gi ilə “Sə­ma­zənlik”lə - yəni çalmaq, oxumaq və rəqs etməklə məş­ğul ol­muş­lar. XX əsrdə dahi bəstəkarımız Üzeyir Hacıbəyli muğam­la­rımıza yeni bir ruh, yeni həyat vermiş, muğamlarımızı dərin həyat lövhə­lə­ri, insan duyğuları ilə yükləyərək muğamlarımızın forma və məz­mu­nu daha da dərinləşmiş və Şəms təlimlərinə daha çox yaxın­laşmışdır.

Şəms Təbrizinin zahiri və daxili gözəlliyi, yüksək insani keyfiyyətləri, etiqadına dərindən sədaqəti Rumini özünə heyranlıqla cəlb etmişdir. Onun müəlliminə məhəbbəti adi insani duyğulardan da yüksəkdə dayanmışdır. Rumi onu özünün mürşidi, müəllimi elan edərək, bütün elmi fəaliyyətini dayandırmış, mədrəsədəki işini bu­rax­mış və özünü bütünlüklə duyğularının, qəlbinin ixtiyarına ver­miş­dir. Onlar bütün vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə elm, mərifət məclislərində, “xəlvəti-üns” gecələrində keçirirlər. Bu məclislərin əsasını isə musiqi, ilahi şeirlər və xüsusi səmavi rəqslər tuturdu.

Şəmsin fəlsəfəsinin əsasında insana məhəbbət, “insan haqları” fəlsəfəsi dayanmaqdadır. Şəms Təbrizidə insana dərin sevgi və sayqı vardır. Çünkü insan islam fəlsəfəsində də deyildiyi kimi ya­ran­mışların ən şərəflisi, ən ulusudur. Bu fəlsəfə, bu ideya Möv­la­nanın dünyaya baxışına qüvvətli təsir göstərmişdir.

Şəms Təbrizi insanın mənəvi, ruhi aləminə böyük önəm ver­miş və insanın iç dünyasını daim öyrənməyi özünün 40 tövsiyəsində açıqlamalarla bildirmişdir: ”Nə yönə gedirsən get; şərq, qərb, şimal, ya da cənub... Çıxdığın hər yolçuluğu bir səyahət olaraq düşün! Öz içinə yolçuluq edən kimsə sonunda bütün dünyanı dolaşar!

Şəms mənəvi elmlərdən və elmi qazanmaqdan bəhs edərkən bunları da demişdir:

- Elm üç şeylə əldə edilir: Zikr edən dil, şükr edən qəlb, səbr edən tən.(bədən). Elmsiz bir vücud susuz bir şəhərə, quru bir qəlibə bənzər. Vücudu pəhrizlə, əхlaqla, cəhd və qeyrətlə sulamaq və bəzəmək lazımdır. Könlü az istəkli, gözü tох оlun. Əlinizdə оlanlara qənaət edin, başqalarının əlində оlanlardan ümidinizi kəsin”.



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin