Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.96 Mb.
səhifə4/39
tarix17.01.2017
ölçüsü2.96 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

3.2. Zərdüşt məktəbləri

və “Avesta”da tərbiyə məsələləri
Zərdüştlük qədim və erkən orta əsrlərdə Azərbaycan, İran Orta Asiya, Ön Asiya və bir sıra başqa ölkələrdə geniş yayılmış bir fəlsəfə, ədəbi abidə, pedaqoji fikir və din olmuşdur. Zərdüşt dininin müqəddəs dini kitabı “Avesta” (“Qanun”) adlanır. “Avesta”nın ilkin variantı bizə gəlib çatmamışdır. Bu kitabın yalnız müəyyən hissələri bəzi əlavələrlə, dəyişikliklərlə bizə gəlib çatmışdır.

Azərbaycanda sistemli məktəb təhsili dövrünü Zərdüşt mək­təb­ləri ilə başlandığını deyə bilərik. Mənbələrdən də məlum olur ki, islamiyyətin yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri daha geniş fəaliyyət göstərmiş atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri kimi fəaliyyət gös­tər­mişdir. Bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil etmiş və təməl amillərdən olmuşdur. Sasanilər döv­ründə Zərdüştlük qüvvətlənərək ölkənin rəsmi dininə çevrilmişdi. Bu dövrdə ibtidai təhsil verən məktəblərlə bərabər, peşə təmayüllü məktəblər olmuş, hətta Sasanilər dövründə bəzi Pəhləvi ədəbiy­yatında ali təhsil almaq üçün görülən tədbirlərdən danışılması burada ali təhsil verən tədris mərkəzlərinin də olmasından xəbər verir. Mənbələrdən bu da aydın olur ki, bu dövrdə təhsil sinfi xarakter daşımış, əhali müəyyən züm­rə­lərə, silklərə bölünmüş və məktəb tipləri də buna müvafiq olaraq dörd təbəqəyə- kahinlər, döyüşçülər, katiblər, sənətkarlar təbəqəsinə bölünmüşdür. Əhalinin dörd silkdən birinin katiblər olması və bu silkə məktubları, pro­to­kolları tərtib edən mirzələr hesabdarlar, hü­quq­şünaslar, həkimlər, yazıçı və şairlər, coğrafiyaşünaslar və mü­nəc­cimlərin daxil olması onu göstərir ki, burada savadlı, təhsil gör­müş elm adamlarına xüsusi diqqət yetirilmişdir. Bu da ona əsas ve­rir ki, Sasani dövlətinin tər­ki­bi­nə daxil olan Azərbaycanda (At­ro­pa­ten­də) təhsilə, elmə, elm adam­larına, savadlı adamlara xüsusi hör­mət göstərilmiş, böyük əhəmiyyət verilmişdir.

Bu dövrdə yüksək silkə malik olan şahzadələrin, rütbə sa­hib­lə­rinin uşaqları Saray məktəblərində təhsil alırdılar. Saray mək­təb­lə­rində gənclərin təlim-tərbiyəsi ilə şahzadələr və yüksək səviyyəli müəllimlər məşğul olurdular. Bu məktəblərdə dövlət üçün kadrlar hazırlanırdı Zərdüşt təlimi və tərbiyəsi Zərdüşt məbəd­lə­rin­də, atəş­kə­dələrdə aparılırdı. Dövrün ən böyük atəş­kədəsi-Azər­qoşnəsb Azər­baycan diyarında yerləşirdi. Dövrün böyük alimləri olan əl-Mə­sudinin, əl-Həməvinin əsərlərindən də məlum olur ki, qədim Azərbaycanın paytaxt şəhərlərindən olan Şiz (Gəncək) şəhə­rində yerləşən əzəmətli mədəniyyət, elm, təhsil mərkəzi, Zərdüşt məbədi Azərqoşnəsb olmuşdur. Azərqoşnəsb məbədinin Şiz şəhə­rin­də yer­ləş­məsi onu göstərir ki, qədim Azərbaycanın paytaxtı olan bu şəhər böyük elm, maarif və mədəniyyət mərkəzi olmuşdur. “Avesta”nın iki nüsxəsindən biri Şiz Atəşkədəsində saxlanılırdı. Sasanilər döv­ründə Zərdüştün müqəddəs kitabı “Avesta” məhz Şiz nüsxəsi əsa­sın­da tərtib edilmişdir. İran, Azərbaycan, Türküstan, Hindistan Zər­düşt məbədlərində çalışmaq üçün ruhani kadrlar məhz Şiz şəhərində hazırlanıb yerlərə göndərilirdi. Azərqoşnəsb kom­pleksi o dövrdə Yaxın Şərq və Orta Asiya ölkələri üçün ən mühüm mədəniyyət, yüksək elm və ali təhsil mərkəzi hesab olunmuşdur. Yuxarıda adını çəkdiyimiz ərəb tarixçisi Məsudi bu şəhər haqqında yazmışdır ki, burada heyrət doğuran binaların qalıqları, eləcə də səma kürəsini, ulduzları, dünyanı, quru və dənizləri, yaşayış yerlərini, bitki və can­lı­ları əks etdirən rəngarəng və çox gözəl rəs­sam­lıq lövhələri vardır. X əsrdə yaşamış coğrafiyaşünas alim, səy­yah Əbu Duləf Şiz şəhəri haqqında yazır ki, bu şəhər qızıl, civə, qur­ğuşun, gümüş, sarı arsen və cəmast adlı daş mədənləri olan dağ­lar arasında yerləşir... Orada çox möhtəşəm bir atəşkədə (od evi) var­dır. Şərq və Qərbdə yaşayan atəşpərəstlər buradan od apardılar. Atəşkədə qübbəsinin başında, onun tilsimi olan gümüş aypara vardır”.

Hindistanda və Yunanıstanda Avestanın tibb, nücum, coğ­rafi­ya, fəlsəfə sahələrinə dair hissələrin toplanması haqqında Sasani şa­hı Şapurun (242-272) xüsusi fərman verməsi onu göstərir ki, o dövr­də bu fənlərin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.

Atəşkədələrdə Zərdüşt təhsili alanlar bütün günü orada olur, orada yeyir, orada gecələyirdilər. Onların təhsil xərclərini Atəşkə­dələr ödəyirdilər. Atəşkədələr bir elm, tədris mərkəzi, alimlər, müd­riklər ocağı idi. Dahi Nizami Gəncəvi “İskəndərnamə” əsərində bu barədə dəyərli məlumatlar vermişdir:

İranda adətdir keçmişdən bəri

Atəşkədə idi alimlər yeri,

Orda saxlanardı, sərvət, xəzinə

Düşməsin başqa bir şəxsin əlinə.
Hər sonsuz varlı da, “Savabdır” - deyə

Malını qoyardı atəşkədəyə,

Ölkələr düşmüşkən dərmansız dərdə,

Bir xəzinə idilər Atəşkədələr.

Buradan aydın olur ki, Atəşkədələr təkcə ibadət yeri, dini mə­rasimləri icra etmək yeri olmamış, həm də alimlər yeri, ədəb-ərkan yeri, bir mədəniyyət, təhsil mərkəzi olmuşdur. Müəllim və alimlər burada təlim və tərbiyə ilə, pedaqoji işlə məşğul olmuşlar. Atəşkədə və atəşgahlarda təlim-tərbiyə işləri ilə mağlar (muğlar), atərvanlar (Od qoruyanlar) məşğul olurdular. Həmin məktəbin tə­lim-tərbiyə proqramı üç mühüm hissəyə bölünürdü: 1) Dini-əxlaqi; 2) Fiziki; 3) Yazıb oxumaq. Dini-əxlaqi təlim cəmiyyətin hər bir üzvü üçün zəruri idi. Zərdüşt məktəblərində təlim “Avesta” duaları, ayinləri və nəğmələri ilə başlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi. Məktəblərdə fiziki tərbiyəyə, uşaqların sağlam həyat tərzinə xüsüsi diqqət yetirilir, “Avesta”nın “Xəstələnmə”, “Zəifləmə”- kimi çağı­rış­ları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik Əh­ri­manın əməlləri hesab olunurdu. Ox atmaq, nizə tullamaq, üzmək, ov etmək, qurşaq tutmaq fiziki tərbiyənin əsas məzmununu təşkil edirdi. Ona görə də şərə qalib gəlmək üçün sağlam, təmizkar və qüvvətli olmaqla bərabər, mək­təb­də dərin bilik almaq tələb edilirdi. Yazıb-oxumaq, bilik qazan­mağın mühüm şərti hesab edildiyindən Zərdüştlükdə buna ciddi fikir verilir, uşaqların əqli qabiliyyətləri inkişaf etdirilirdi.

Zərdüşt məktəblərində öyrədilirdi ki, insan həmişə mülayim, xoşxasiyyət, adil və xeyirxah, fitnə-fəsaddan, qəddarlıqdan, paxıl­lıq­dan, yalançılıqdan uzaq olmalıdır. O, cəmiyyətin fəal üzvü kimi əkinçiliklə, maldarlıqla məşğul olmalı, bataqlıqları qurudub onu məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir.

Zərdüşt məktəblərində yetişən gənc nəslin mənəvi-əxlaqi tər­bi­yəsinə xüsusi diqqət və əhəmiyyət verilirdi. Belə ki, Zərdüştlüyün əxlaqi idealı xeyirxahlıq, ədalət, yaxşılıq olduğundan Zərdüşt təli­mində yaxşılıq və pislik anlayışı kəskin şəkildə qoyulur və bunların mahiyyəti açılır: “Anlayan adam gərək pisi deyil, yaxşını seçə bilsin”- fikri irəli sürülür.

Zərdüşt məktəblərində ibtidai təhsil 7 yaşdan 15 yaşa qədər da­vam edirdi. İbtidai təlim ilə məşğul olan müəllimə “Hirbod”, şagird­lərinə isə “Həvişt” deyilirdi. İbtidai təhsil səhər tezdən xüsusi mə­ra­sim­lə və dua ilə başlayırdı. “Avesta” duaları dini ayin və məra­sim­lə­rin, nəğmələrin öyrənilməsi, əzbərlədilməsi ibtidai təhsilin əsas məz­mu­nunu təşkil edirdi. Ona görə də ruhanilər “Avesta” dualarında “Elm ilahəsi”ndən qüvvətli hafizə diləmişlər. Oğlan uşaq­larının yeddi yaşı tamam olandan sonra onlara müqəddəs köynək geydirilir, onları münəccimlərlə bir sıraya üzü günəşə doğru düzüb dini “Avesta” ayinlərini əzbərlədirdilər: “Mən vəd edirəm ki, Zərdüştlüyə sadiq ola­ca­ğam. Mən xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ ina­nı­ram”. Bundan sonra uşaqlara hədiyyələr verilirdi. Bu məşğələ gündə beş dəfə təkrar edilirdi. Azərbaycan Zərdüşt məktəblərində təd­ris prosesi müəyyən mərasim ilə müşaiyət edilirdi. Bu da dərs ma­te­riallarının şagirdlər tərəfindən əzbərlən­məsini asanlaşdırmaq məq­sə­di güdürdü. “Avesta” hələ kitab şəklinə düşmədiyinə qədər ruha­nilər “Avesta” dualarını əzbərdən söyləməli idilər. “Avesta” duaları tam əz­bər­ləndikdən sonra yazı öyrədilirdi. Beləliklə ibtidai təhsil başa çataraq, yeni bir təhsil pilləsinə başlamaq olardı.

VI əsrdən qalmış “Ənuşirəvan və Qolam -bəççe-yi u” adlı bir sənəddə “Qolam bəççe” öz təhsili haqqında şaha məlumat verərkən deyir ki, onu müvafiq yaşda məktəbə göndərmişlər və o, “Aves­ta”nın əsas hissəsini əzbərlədikdən sonra orta təhsil almağa baş­la­mış­dır. Həmin sənəddən, eləcə də “Avesta”dakı bir sıra dualardan bu qənaətə gəlmək olur ki, Sasanilər dövründə İranda, eləcə də Azər­baycanda “Avesta”dan ayrı- ayrı duaların və dini nəğmələrin əzbərlənməsi ibtidai təhsilin məzmununu təşkil edirdi və ibtidai təh­sil dövründə “Avesta” bir dərslik kimi yeganə tədris vəsaiti hesab olunurdu .

“Avesta”da insanların yüksək məqsədə, xoşbəxtliyə çatma­sında müəllimin roluna yüksək qiymət verilməklə bərabər, həm də bunun əksi olaraq göstərilir ki, pis müəllim isə uşağın şüurunu, əq­li­ni pozur onu bədbəxt edir: “Pis müəllim şüuru korlar, sözün mə­na­sı­nı çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyə işini fəsada çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər”.

“Avesta”da ataların vasitəsilə övlada verilən tərbiyəyə dair xüsusi fəsil ayrılmışdır. Həmin fəslin xülasəsində deyilir ki, təlim-tərbiyə varlığın bünövrəsi kimi mühüm əhəmiyyətə malikdir. Hər bir şəxs müəllim və tərbiyəçilərin vasitəsilə yazıb oxumağı öyrən­məli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu yolla insanlar yüksək nailiyyətlər əldə edə bilərlər.

Zərdüşt müəllimlərlə yanaşı, alimlərin də roluna yüksək qiy­mət verir: “Çalışın ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər həyatın yol göstəriciləridir”.

“Avesta”da müəllim və şagird münasibətləri haqqında məlu­matların verilməsi bu dövrdə Azərbaycanda digər məktəblərin, təh­sil ocaqlarının, tədris müəssisələrinin olmasından da xəbər verir.

Zərdüşt yüksək pedaqoji dəyərə malik müdrik fikirlər söy­ləmişdir ki, onlar “Avesta” kitabında öz əksini tapmışdır. Ona görə də “Avesta” da elmə yiyələnmək əsas dini vəzifələrdən biri hesab edil­mişdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı göstərilir ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə o şəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini ona öyrət.

“Avesta”nın “Yəştha” adlı bölməsində “Çista” elm və bilik ilahəsi kimi göstərilmişdir. Zərdüşt “Çista” ilahəsinə xitabən belə de­mişdir: “Sən əgər irəlidə olsan, məni gözlə, əgər geridə qalsan özünü mənə çatdır”. Bununla Zərdüşt hər cür durğunluğun əleyhinə olaraq hamını fəaliyyətdə olub elm və, bilik qazanmağa çağırmışdır. Buna görə də “Avesta” da elmə yiyələnmək əsas dini vəzifələrdən biri hesab edilmişdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı göstərilir ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə o şəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini ona öyrət.

“Avesta” dualarının birində valideyn Hürmüzdən “yaxşı rəf­tar­lı və şüurlu övlad” diləyir. Demək Hürmüzün oğlu hesab edilən Azərdən şüur və zəka istənmişdir. Bu ifadələrdən məlum olur ki, Zərdüştlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində olmuşdur. Əqli tərbiyə isə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəllimin rəhbərliyi və müşaiyəti ilə keçirilən pedaqoji prosesdir.

“Avesta”da mənəvi dəyərlər – xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl üçlüyündə öz ifadəsini tapır. Burada əxlaqi-mənəvi proses üç mərhələyə bölünür: Əvvəlcə xeyirxah fikir yaranmalı, sonra bu fikir sözdə ifadə edilməli və nəticədə xeyirxah əməldə özünü göstərməlidir. Bu üç mənəvi keyfiyyət ailə münasibətlərində, icmada və vilayətdə hər zaman öz əksini tapmalıdır. “Avesta”da deyilir ki, “Tərbiyə həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər kəsi elə tərbiyə etmək lazımdır ki, o oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin”.

“Avesta”da tərbiyə məsələləri maddi və mənəvi təmizliyə əsaslanır. Yəni 1) fiziki təmizlik (bədən, geyim, ev-eşik təmizliyi); 2) mənəvi təmizlik (əqidə və əməllərin saflığı). Burada insanın həm bədəninin təmizliyi, ev-eşik, geyim təmizliyi həm də mənəvi tə­miz­lik – yəni insanın daxili təmizliyi nəzərdə tutulur. “Avesta” da in­sa­na qiymət, insan şəxsiyyəti yüksək dəyərləndirilir, onun ağlına, yax­şı əməllərinə inam, xeyirxahlığa çağırış, günahsız, pak yaşamaq an­la­yışı təlqin edlir. “Yəsnə”nin 19-cu bəndində deyilir: “Uğurlu dü­şün­cə nədir? Müqəddəs kəlam. Uğurlu əməl nədir? Müqəddəs yaran­mışları üstün tutaraq onlara sitayiş etmək”. 33-cü bənddə bu fikir daha da inkişaf etdirilir: “Yalan din əleyhinə öz sözü, düşün­cəsi və əməli ilə mübarizə edənlər, eləcə də öz adamlarına yaxşılıq öyrədənlər Ahura Məzdanm istədiyini yerinə yetirmiş olurlar”. Burada “Xeyirxahlıq”, “Yaxşılıq” bir əxaqi kateqoriya kimi xeyir­xah idrak və xeyirxah fikirdən irəli gəlmişdir. Ona görə də Zərdüşt insanları fikrində, sözündə, əməlində xeyirxahlığa, yaxşılığa çağırır. Burada göstərilir ki, dünyanın sonunda hər kəs öz əməllərinə, əqidəsinə görə cavab verəcəkdir. Ona görə də insanın düşüncəsin­dən irəli gələn söz və əməl xeyirli və faydalı olmalıdır.

Zərdüşt “əkini və bol məhsullu tarlanm da gözəl ailənin” də əsasını düzlük və gözütoxluqda görürdü. Bunların hər ikisi insanı nəf­sə qalib gəlməyə, intizamlı və mütəşəkkil olmağa sövq edir. “Aves­ta”da insanları zəhmətə, əməyə, müqəddəs yola dəvət, düz­lüyə, doğruçuluğa qüvvətli təlqin vardır: “Kim taxıl səpir, məhsul becərirsə, o möminlik, düzlük, doğruçuluq, təmizlik əkib becərir, hə­yata, insanlara xoşbəxtlik və səadət gətirir”. Zərdüşt kəlamlarında pəhrizkarlıq düzlük və doğruçuluğun əsası kimi təlqin edilir: “Düz­lük­lə pəhrizkarlıq birləşəndə əsl insanlıq cilvələnir. Gəlin hamımız üz tutub bu səmtə yollanaq”.

Beləliklə, deyə bilərik ki, Zərdüşt məktəbləri Azərbaycanda məktəb təhsilinin təşəkkülündə, inkişafında mühüm mərhələni təşkil etmiş və Zərdüştün müqəddəs kitabı “Avesta” insanların mənəvi, əxlaqi keyfiyyətlərinin formalaşmasında, inkişafında və təkmilləş­mə­­sində böyük əhəmiyyət kəsb etmişdir ki, bu da Azərbaycan məktəb və pedaqoji fikir tarixinin mühüm qolunu təşkil etməkdədir.
Tapşırıqlar
Aşağıdakılarla bağlı məlumatları müxtəlif mənbələrdən əldə etməyə çalışın. Topladığınız informasiyalar üzərində işləyin və on­ları sistemə salaraq formalaşdırmaqda olduğunuz banka daxil edin.


  1. İslamiyyətdən öncə Azərbaycanda təhsil.

  2. Qədim Azərbaycan dövlətlərində tərbiyə və təhsil.

  3. QədimAzərbaycanda yazı mədəniyyəti.

  4. Azərbaycanda Zərdüşt məktəbləri.

  5. Zərdüşt məktəblərində təhsil sistemi.

  6. “Avesta”da tərbiyə məsələləri.

  7. “Avesta”da mənəviyyat və əxlaq məsələləri.


Ədəbiyyat
1. Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Təhsil, Elm, 2001

2. Yəqubi Ə. R. Azərbyacnda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi. Bakı: Nurlan, 2005.

3. Şəfizadə B.C. Azərbaycan ədəbiyyat tarixi. Bakı: Adiloğlu, 2003.

4. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002.



5.Hüseynzadə R.L. Qədim və orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007 .

6. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004.

7. Seyidov F.Ə. Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair. Bakı: Sevinc, 1997.

8. Əlibəyzadə E.M. Azərbaycan хalqının mənəvi mədəniyyət tariхi (islamaqədərki dövr). Bakı: Gənclik, 1998.



IV fəsil
İslamİyyətdə

təhsİl və tərbİyə məsələlərİ

Əhatə olunan məsələlər:
4.1. Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah və Təkyələr, kitab evləri və kitabxanalar, mədrəsələr.

4.1.1. Suffədə təhsil.

4.1.2. Məscid və camilərdə təhsil.

4.1.3. Kuttablarda təhsil.

4.1.4. Məktəblərdə təhsil.

4.1.5. Xanegah və Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda təhsil.

4.1.6. Kitabxanalar bir elm, tədris mərkəzi kimi.

4.1.7. Mədrəsələrdə təhsil.

4.1.8. Azərbaycanda mədrəsələrin yaranması və inkişafı.

4.2. İslamiyyətdə tərbiyə məsələləri.

4.3. İslamda tərbiyə işinin prinsipləri.

4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə, öyrənmə məsələləri.

4.5. Təsəvvüfdə tərbiyə məsələləri.

4.6. Mövləlikdə tərbiyə.

4.7. Bektaşilikdə tərbiyə.

4.8. Hürufilikdə tərbiyə.

4.9. Əxilikdə tərbiyə.


4.1. Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah

və Təkyələr, kitab evləri və kitabxanalar, mədrəsələr
İslamda ilk təlim fəaliyyəti Həzrəti Peyğəmbərə (s) öyrətmə, təbliğ əmri ilə başlamışdır. Bilindiyi kimi başlanğıcda bu təbliğ daha çox gizli həyata keçirilirdi. İlk müsəlmanlar Həz. Xədicə, Həz. Əbu Bəkr, Zeyd, Həz. Əli, Osman, Ömər olduğu məlumdur. İsla­miyyəti qəbul edən ilk müsəlmanlar Peyğəmbərimizin rəhbərliyində bir yerə - “Dar-əl-Əqrəm”ə (Əqrəmin evi) toplaşaraq Peyğəm­bə­ri­mi­zə gələn vəhyləri, Qurani- Kərimi öyrənirdilər.


4.1.1. Suffədə təhsil
Peyğəmbərliyin dördüncü ilində Həz. Peyğəmbər(s) vəhyləri açıq-aşkar şəkildə təbliğə başladı. Məhəmməd Peyğəmbər (s) istər məkkəliləri, istərsə də ətrafındakıları, açıq-aşkar islama çağırmağa başladı. İslamda geniş şəkildə öyrənmə, təlim prosesi başlandı. Çünki İslam təkçə müəyyən bir qrup, zümrə üçün olmayıb, əhalinin bütün təbəqələri üçün olduğundan əhali kütləvi şəkildə oxuyub, öyrənirdi. Hər kəs elmi, ədəbi, əməli bir başqasına öyrədirdi. Çünki bilənin bil­məyənə öyrətməsi islamda savab iş sayılırdı. İslamın ilk dövrlərində elm, bilik, təlim almaq yeri əsasən bilikli adamların evləri idi.

Məhəmməd Peyğəmbərin (s) Mədinəyə Hicrəti (622) məktəb təlimi sistemində yeni bir dövr açdı. Oxumaq istəyən müsəl­man­ların sayı çoxaldı. Bu müsəlmanların ibadəti və təhsil alması üçün geniş bir yerin olması zərurətini tələb edirdi. Həzrəti Peyğəmbər (s) Mədinəyə ayaq basar-basmaz müsəlmanların günlük namazlarının qılınması və İslami biliklərin tədris edilməsi üçün kərpicdən bir məscid inşa etdirdi, ki buna “Məscidi – Nəbi” deyildi. (Peyğəmbərə (s) məxsus məscid). Bu məsciddə namazların qılınması üçün böyük bir otaq, Peyğəmbərin ailəsi üçün bir otaq və məscidin nəzdində təlim almaq, oxuyub-öyrənmək üçün bir guşə, bugünkü dillə desək məktəb yaradıldı. Beləliklə, Məscidi-Nəbidə camaat bura toplaşır, söhbət edir, Allaha dua edir, ibadət edir və maariflənirdilər.

Məscidi-Nəbinin arxasında qiblə divarı üzərində kölgəlik yaradılmışdır. Bu kölgəlik yerə “Suffə” deyilirdi. Suffədə - açıq ha­vada, kölgəlikdə təhsil almaq daha rahat idi. Beləliklə Suffə İslamın ilk kollektiv oxuyub, yazma yeri hesab edilirdi. Peyğəm­bərimiz (s) “Suffə”də bilavasitə dərs vermişdir. Bununla bərabər Quranı tədris etmək, oxuma və yazma sənətini öyrətmək məqsədiylə Suffəyə bir çox bilikli adamlar, tədrislə məşğul olanlar cəlb olunmuşdu. Mə­həm­məd Peyğəmbər (s) onları “Əshabi- Suffə” (yəni məscidin köl­gəliyinə toplaşan dostlar) adlandırırdı. Bunlar yetişkin, təcrübəli, bilikli müəllimlər idilər.

Suffədə 400-ə yaxın gəlib-gedən, 80 nəfərə qədər isə daimi yaşayan tələbə oxuyurdu. Artıq Suffənin qurulması ilə islam təlimi yeni bir forma almış, gərgin təhsil həyatı başlamışdı. Beləliklə, deyə bilərik ki, ilk “kollektiv təhsil”in təməli elə burada qoyulmuşdur. Suffə özündən bir neçə əsr sonra Avropada və başqa ölkələrdə kollektiv halda yaranan məktəblər üçün bir model olmuşdur. Suffə davamlı şagird tərkibi olan bir məktəb idi. Suffədə təlim - tərbiyə işlərinə, nizam intizama, təmizliyə ciddi fikir verilirdi.

Suffədə oxuyanlar əsasən kasıb və yoxsul adamlar idilər. Onların ən yaxşı yeməkləri xurma idi. Peyğəmbərimiz (s) hər iki adama gündə bir ovuc xurma verirdi. Suffədə oxuyan uşaqlar müəyyən işlərdə çalışmaqla özlərini maddi cəhətdən təmin edirdilər. Peşəsi olan şagirdlərin yaşayışı daha yaxşı idi. İşləyə bilməyənlər möhtac olduqları, ac olduqları halda heç vaxt dilənməzdilər. Könlü, gözü tox idilər. Məscidə sədəqə üçün verilənləri Həz. Peyğəmbər (s) onlara paylayır bir qismini özü götürür, bir qismini də yox­sul­la­rın evinə göndərirdi. Bir çox hallarda Suffədə təlim görən mü­səl­man­ların xüsusi məsrəflərini də zəngin müsəlmanlar qarşılayır­dılıar. Bu nümunə daha sonralar təlim-tərbiyə ilə bağlı vəqflərin yaran­ma­sı­na səbəb oldu. Çox çətin şərtlərə baxmayaraq səhabələr də suffə əhlinə əllərindən gələn yardımı edir, onlara maddi və mənəvi kömək göstərirdilər.

Suffədə qadına da xüsusi yer ayrılırdı. Allahın elçisi “Elm qa­dın, kişi - hər müsəlmana fərzdir” deyərkən kişi ilə qadını bərabər tu­tur­du. Bu cəhətdən suffədə həftədə bir dəfə qadınlar üçün də dərs keçilirdi.

Artıq Quran açıq-aşkar hər yerdə təlim edilir, oxuyub öyrənmək istəyənlərin sayı çoxalırdı.


4.1.2. Məscid və camilərdə təhsil
Məscidlər də islamın ilk dövrlərində ortaya çıxan təlim-tər­biyə mərkəzləri idilər. Məscid və camilərdə təlim bir qədər təkmil for­mada aparılırdı. (“cami” “cəm” olunan yer deməkdir. Bura məs­cid­dən fərqli olaraq daha çox adam toplaşırdı).

İslamın fəth edildiyi yerlərdə, o cümlədən Azərbaycanda məs­cid­lər sürətlə artır və məscidlərin təyinat dairəsi daha da ge­niş­lə­nirdi. Belə ki, məscid həm ibadət yeri, həm bilik alınan yer, həm müsafirxanə, həm də bir qərargah idi.

Səkkizinci əsrin əvvəllərində Azərbaycanda məscid şəbəkəsi yayılmağa başlamışdı. Məscidlərə toplanan əhaliyə Quran qiraət edilirdi. Fəqihlər (Hüquqşünaslar) müsəlmanların dini, ailə, mülki və digər işlərini tənzim edən qaydaları şərh edirdilər. Bütün bun­lar­dan baş çıxarmaq üçün dinləyicilərin ibtidai savada malik olmaları, xüsusilə ərəb əlifbasını və ərəb dilini bilmələri zəruri idi. Bu hal məscidlərin nəzdində “məktəb” və ya “kuttab” adı altında ibtidai təhsil mərkəzləri icad edilməsinə səbəb oldu. Məscidlər o dövrdə müsəlmanların əsas maarif ocaqları idi. Məscid məktəb­lə­rində ərəb dilinin səs-hərf sistemi tədris edilirdi və Quran mətnləri əsa­sında ərəb dilinin öyrənilməsinə səy olunurdu. Ərəb xilafətinin tərkibində olan ölkə kimi Azərbaycanda da dövlət dili ərəb dili sayılırdı. Buna görə də məscid məktəblərində təlimin ərəb dilində apa­rılması və ərəb yazısının tətbiqi, islami prinsiplərə uyğun tədris məcburi idi.

Sonrakı dövrlərdə yeni yaradılan məscidlərdə xüsusi tədris yerləri də yaradılmağa başlandı. Məscid və camilərdə tələbələrin öyrənmələri üçün müəllimin ətrafma toplaşan yerə “Həlqə” de­yi­lir­di. Tədris üsuluna da “Həlqeyi-tədris” deyilirdi. Həlqələr çox zaman müəllimin adı ilə adlanırdı. Artıq camilərdə təlim prosesi həlqələr şəklində həyata keçirilirdi. Bir müəllim məsciddə bir guşəyə çəkilir və ya bir sütunun dibində dərisini yerə sərər, bu yer də elə o müəl­li­min adıyla bilinərdi.

Məscid və ya camiyə girildiyində rəngarəng bir həyat görü­nür­dü. Eyni məkanda namaz qılanlar, istirahət edənlər, söhbət edən­lərlə bərabər dərs alanlar da var idi. Belə bir hal Azərbaycanın müx­tə­lif yerlərində mövcud idi.

Həlqədə 20 nəfərə qədər adam olurdu. Həlqədən çıxan hər bir müdavim Quranı əzbər öyrənə bilirdi. Cami və məscidlərdə Quran, Hədis, Fiqh kimi dini elmlər öyrədilməklə bərabər sosial həyatla bağlı elmlər də öyrədilirdi. Camilərdə tədris həlqələrində dərs verən alimin səsi və sual verən tələbələrin səsləri yüksəlir, müxtəlif həlqə­lərdən gələn səslər bir-birinə qarışırdı. Belə bir vəziyyət əslində ibadət məqsədiylə tikilən məscidlərdə sükunəti pozurdu. Məscid və camidə ibadət edənlərin səsi təhsil alanların səsinə qarışdıqda böyük gurultu meydana çıxırdı. Beləliklə məscidlərin həm ibadət, həm də tədris işi üçün fəaliyyəti mümkün olmayan hala gəlmişdi. İlk vaxtlar buna ehtiyac duyulsa da, sonralar məsciddə məktəb yaratmaq əlverişli sayılmadı və məktəblər məsciddən ayrılaraq ayrı və ya ona bitişik yerlərdə yaradılmağa başladı.




4.1.3. Kuttablarda təhsil
Cami və məscidlərdən kənarda müxtəlif yerlərdə, məhəl­lə­lər­də xüsusi tədris, təlim yerləri yaradırdı ki, bunlara “Kuttab” de­yi­lir­di.

“Kuttab” ərəbcə “Yazı öyrətmək” mənasını verir.

Kuttablar məsciddən kənarda yaradılsa da yenə də məscid və camilərdə ibadətlə bərabər təlim işi də aparılırdı. Məscid və cami­lə­rin daha təmiz və səliqəli saxlanılması məqsədilə kiçik uşaqların da­ha çox cami və məscidlərdən kənar kuttablarda və ya islam bö­yüklərinin təşkil etdiyi məktəblərdə təhsil almaları təşkil olunurdu.

Kuttablarda bugünkü müasir təlim sisteminin izləri çox aydın görünürdü. Kuttablarda dərs deyənlərə, öyrədənlərə “Müəllim” de­yi­lirdi ki, bu da ərəb sözü olub “Öyrədən”, “Tədris edən” mə­na­larını verir. Kuttablarda ilk dəfə olaraq yazı lövhəsindən və silgidən istifadə edilmişdir. Kuttablarda adətən bir müəllim işləyirdi. Bəzən yüksək səviyyəli tələbələr üçün ikinci müəllim də dəvət olunurdu. Burada müəllimlərə əmək haqqı da verilirdi. Beləliklə müəllimlik bir peşə kimi formalaşırdı. Kuttablarda hər bir dərs arası öyrənən­lərə fasilələr verilirdi. Kuttablarda 18 yaşına qədər oxumaq olardı. Bu məktəblərdə oğlan və qızlar 7 yaşına qədər bir yerdə təhsil ala bilərdilər. 7 yaşından sonra qızlar məktəbdən çıxarılıb ev işləri ilə məş­ğul olurdular. Varlı adamlar evə müəllim çağıraraq qızlarına ya­zı, oxu və Quran dərsləri öyrədirdilər. Azərbaycanın müxtəlif yer­lə­r­ində VIII-IX əsrlərdə Xorasanda, Həmədanda, Bərdədə, Nax­çıvanda kuttablar, məktəblər fəaliyyət göstərmişdir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə