Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.96 Mb.
səhifə37/39
tarix17.01.2017
ölçüsü2.96 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Çoxşaxəli əqli qabiliyyətlər – Əqli qabiliyyətlər nəzəriyyəsi Har­vard Uni­ver­si­te­ti­nin təhsil professoru H.Qardner tərəfindən ya­ra­dılmışdır. H.Qardner əqli qabiliyyətləri “bir və ya bir neçə mədəni mü­hitdə qiymətləndirilən problem həlli və ya məhsul hazırlanması qa­biliyyəti” kimi geniş şəkildə şərh etmişdir. Əvvəlcə o, çoxşaxəli qa­biliyyətlərin (ÇQ) içə­ri­sindən 7 qa­bi­liy­yət müəyyən etmişdir: Linq­vistik, mən­ti­qi-riyazi, musiqi, mə­kan, ki­nes­tetik, şəxsiy­yət­­lər­ar­ası, şəxsiy­yətdaxili. Sonralar H.Qard­ner təbii, mə­nəvi, eq­zis­ten­sial da daxil edilməklə başqa qabiliyyətlərin də mövcud ol­duğunu bil­dirmişdir. Hər bir kəsdə bütün əqli qabiliy­yətlər olsa da, on­lar müx­təlif dərəcədədirlər. Çoxşaxəli qabiliyyətlər yanaşmasından is­ti­fa­də edən müəllimlər fənni şagirdlərə bir neçə qabiliyyətlərdən isti­fa­də etməklə, öyrənməyə im­kan verən yollarla təqdim etməyə çalı­şır­lar. Konstruk­tivizmlə müqayisədə fərqli öyrənmə nəzəriyyəsi he­sab edil­­sə də, həqiqətdə müəllimlər və məktəblər öyrənmə məq­sədlərinə və təhsil standartlarına cavab vermək üçün konstruk­tivizm ilə çox­şa­xəli qabiliy­yətlər ideyalarını qarşı­lıqlı əlaqədə səmərəli yollarla hə­yata keçirirlər.

Davranış – canlı varlıqların ətraf mühitlə qarşılıqlı əlaqəsindən ibarətdir. Bu əlaqə orqanizmin daxili (psixi) və xarici (hərəkət) fəallığı vasitəsi ilə ifadə olunur.

Deduksiya – (latınca deducto – nəticə çıxartma) – təfəkkür prosesində ümumidən xüsusiyə doğru çıxarılan məntiqi nəticədir. Bilik və məlumatın daha çox ümumi olandan daha az daha az ümumi olana hərəkəti olub, mühakimə­lərdən nəticə çıxarmağa deyilir. Başqa sözlə, deduksiya nəticə çıxar­ma­dan ibarət olan, ümu­midən xüsusiyə gedən əqli nəticədir. Biliyin ümumidən xüsusiyə getməsi onun psixi proseslərdən, əqli fəaliyyətin quruluşundan asılılığı ilə izah olunur. Antonimi “induksiya”dır.

De-institutlaşdırma – dövlət uşaq müəssisələrindən uşaqların ailə­lərə verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında hə­yata keçirilir. Proq­ramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Kon­vensi­yasında təsbit olunmuş uşa­ğın şəxsiyyətinin tam və ahəng­dar inkişafı üçün ailə mühi­tin­də xoşbəxtlik, məhəbbət və anlaşma şə­raitində böyü­məsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müə­s­si­sələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təş­kili mexanizmlərinin yaradılması və səmərəli işləmənin təmin edil­məsidir.

Dəyər – fəlsəfə, etika, estetika və sosiologiyada gerçəkliyin müəy­yən hadisə­lə­ri­nin cəmiyyət üçün sosial-tarixi əhə­miyyəti və fərd üçün şəxsi məna daşıyan anlayış kimi xarak­terizə olu­nur. Dəyər insanların qarşılıqlı müna­si­bət­lərinin və şəx­siy­yə­tin davranışının sosial tənziminin əsas amili kimi çıxış edir.

Dəyər meyli – şəxsiyyətin, cəmiyyətin sosial, siyasi və əxlaqi normalarına olan münasibətlər sistemidir.

Distant (məsafədən) təhsil – tədris prosesinin elektron, tele­kom­munikasiya, proq­ram – texniki vasitələr əsasında təşkil olunduğu təh­sil­alma for­masıdır.

Dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən el­mi tədqiqat işidir.

Dissertant – dissertasiya işini yerinə yetirən şəxsdir.

Divergent təfəkkür – yaradıcı təfəkkürdür, yaradıcı fəaliyyətin ay­rılmaz his­səsidir. C.Gilfordun intellektin struktur modeli­nin əsas anla­yış­larından biridir.

Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq el­mi də­rəcəsinin alın­masını həyata keçirən yüksək səviyyəli elmi-pe­daqoji kadr hazırlığı formasıdır.

Dosent – ali təhsil müəssisələrində müəllimlərə verilən ad və seç­kili və­zifədir.

Dünyagörüş – ətraf aləmə münasibəti ifadə edən inam və biliyin ümu­miləş­dirilmiş formasıdır.

Eksteriorizasiya – əməliyyatların daxili, fikri planından əş­ya­lar­la icra olunan priyom və əməliyyatlar formasında həyata keçi­ri­lən xarici əməliy­yatlara keçiddir.

Elmlər doktoru – elm sahələri üzrə doktoranturada verilən ən yük­sək elmi dərə­cədir.

Emosionallıq – insanın emosiya və hisslərinin keyfiyyət və dinamikasını, məz­­mununu müəyyən edən xüsusiyyətlərinə deyilir. Emo­sio­nallığın mahiy­yəti subyekt üçün xüsusi əhəmiyyət daşıyan ha­di­sə və situasiyaların inkişafından ibarətdir. O, şəxsiyyətin əsas xü­su­siyyətləri – əxlaq normaları, motivasiya sahəsi, dünya­gö­rüşü, dəyər meyli və s. ilə bağlıdır.

Epistemologiya – bilik və öyrənmənin mahiyyəti və təbiəti, xü­su­silə də onun etibarlılığı və ya məhdudiyyətləri ilə əla­qə­dar araş­dır­ma, nəzəriyyə və ya şəxsi inanclardır.

Evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümu­mi təhsilin evdə təşkili formasıdır.

Əqidə – şəxsiyyəti öz dəyərlər sisteminə uyğun olaraq hərəkət etməyə sövq edən dərk olunmuş tələbatdır. Möhkəm əqidə­nin forma­laş­ması üçün ilk şərait erkən uşaqlıqda yaranır. Bu yaşda həyat tərzi və ailə ənənələri, ətrafdakılara müna­sibətin xarakteri daha çox əhəmiyyət kəsb edir. Əsl əqidə yeniyetməlik və ilk gənclik dövründə yaranır. Bu isə bu yaşda ətraflı və dərin biliklərə yiyələnmək, ətrafa şüurlu tənqidi münasibətin, təfəkkürün in­kişaf etmiş formalarının ya­ran­ması, dünyagörüşün və fəal həyat mövqeyinin forma­laşması ilə bağlıdır.

Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məq­sədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Müa­sir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fa­si­ləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bi­ti­rən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasi­lə­siz təhsil almaq imkan­ları sistemi kimi başa düşülür. Əlavə təhsilin ix­ti­sasartırma, təkmil­ləş­dir­mə, stajkeçmə, yenidənhazır­lanma, yaş­lı­ların təhsili və s. kimi isti­qa­mətləri müəyyənləş­dirilmişdir.

Əvvəlki biliklər – hər bir fərdin əvvəlki təcrübəsindən öyrən­dik­l­ə­rinin məc­mu­sudur. Bu, şagirdin yeni öyrəndiyi konsep­siyanı əv­vəlki biliklər sistemi ilə inteqrasiya etməsini təmin etmək üçün hə­l­ledici əhəmiyyətə malikdir.

Əyani-əməli təfəkkür – cisimlərlə real şəkildə yerinə yeti­ri­lən iş və əməliy­yatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə əmə­liyyat aparmağı müvəffəqiyyətin zəruri şərti kimi özünə daxil edən fikri prosesdir.

Fəaliyyət – insanın tələbat əsasında əmələ gələn, yüksək mərhələ kimi şüur tərəfindən tənzim olunan spesifik zahiri fəallığı, başqa sözlə, aktivliyin za­hiri formasıdır. Onun özünə­məxsus motiva­siya, məqsəd və instru­men­tal əsasları vardır. Fəaliyyət xarici aləmin dərk olunmasına, ya­ra­dıcı surətdə əks olunmasına və dəyişdirilməsinə yönəlir. Fəaliy­yətin struk­turunda məqsədə çat­ma üsulları, şərait və nəticə anlamları xüsusi yer tutur.

Fəaliyyət tədqiqatları – səmərəliliyi yüksəltmək üçün müəl­lim­­lə­rin öz işlərinin bəzi aspektlərini sistematik araşdırmasıdır. Fəa­liy­yət tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haq­qın­da məsələlərin fundamental öyrənilməsidir. Fəaliyyət tədqiqatı sua­lın, yaxud problemin müəyyən edil­məsini, sonra isə müvafiq mə­lumatların toplanmasını və təhlil edilməsini əhatə edir.

Fəaliyyətin birgə tədqiqatı – öz işinin bəzi aspektlərinin sə­mə­rəliliyini yaxşılaş­dırmaq üçün iki və ya daha çox müəllim tərə­fin­dən aparılan sistematik elmi tədqiqatdır. Fəaliyyətin elmi təd­qi­qa­tı sualın, yaxud problemin mü­əy­yən edilməsi, sonra isə müvafiq mə­lu­matların toplanması və analizini əhatə edir. Bu, ona görə fəa­liy­yətin elmi tədqiqatı adlanır ki, iştirakçılar öz işlərinin müəy­yən cə­hətlərini öyrənirlər və əldə edilən nəticələrdən özləri istifadə edir­lər. O, ənə­nəvi, hamı tərəfindən qəbul edilmiş tədqi­qatlardan fərqlə­nir, çünki iştirakçılar bu halda öz işlərinin aspekt­lərini öyrə­nir və nə­ti­cələrdən özləri istifadə edirlər.

Fəallıq – subyektin xüsusi vəziyyətidir. O, daxilən subyektin dün­ya­ya münasibəti ilə şərtlənir, zahirən davranış pro­ses­lə­rində reallaşır. Fəallıq müasir psixologiyanın əsas kateqo­riya­larından biridir. Onun motivasiya, məqsəd və inst­ru­men­tal əsasları zahiri tərəf­ləri (fəaliyyət) ilə bilavasitə bağlıdır.

Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya problem üzə­rində diqqəti cəm­ləşdirmək üçün məzmunun iki və ya artıq fənn sa­­hə­s­indən əldə edildiyi tədris planını tərtib etməyin üsu­lu­dur. Fən­lər arasın­dakı ümumilik diqqət mərkəzində dayanır.

Fənlərin sərhədlərindən kənar kurikulum – bu yanaşmaya gö­rə fənlər ara­sındakı əlaqələr geniş və mürəkkəbdir. Mahiyyət eti­barı ilə bu kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fən­lərə aid olan, iki və ya daha çox fənlər­arası yanaşmalar üçün də xa­rakterik olan mövzular, strate­giyalar və vərdişlər real həyati situ­a­si­yalarda öy­rənilir.

Fəlsəfə doktoru – elm sahələri üzrə doktoranturada verilən yük­sək elmi dərə­cədir.

Fəaliyyət – insanın dərk olunmuş məqsədi ilə tənzim edilən da­xili (psixi) və xa­rici (fiziki) fəallığıdır. Fəaliyyət fəallığın mən­bə­yi olan tələbatlardan törəyərək fəallığın tənzimedicisi olan düşü­nül­müş məqsədlə idarə olunur. Fəaliyyət idrakla və iradə ilə ayrılmaz su­rətdə bağlıdır, onlara istinad edir, idrak prosesləri və iradi pro­ses­lər olmadan mövcud de­yildir. Fəaliy­yətin gedişi zamanı insa­nın iş­lə­ri icra, nəzarət və tənzim etmək üçün istifadə etdiyi yollar həmin fəa­liy­yətin priyomları adlanır. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş adlanır.

Fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən kə­na­rda qal­mış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi iste­da­dı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır.

Fəxri professor (doktor) – elmi pedaqoji təcrübəsi və fəa­liy­yə­ti ilə fərq­lənən professorlara və dosentlərə, eləcə də dünya el­mi­nin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alim­lə­­rinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi tə­rəfindən verilən ak­a­demik ad (dərəcə) kimi başa düşül­məlidir.

Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa ça­tan təhsil formasıdır.

Formalaşma – ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. ami­l­lərin təsiri altın­da insanın sosial varlıq kimi təşəkkülü prose­si­dir. Mütəşəkkil təhsil-tərbiyə şəxsiyyətin formalaş­masının mü­hüm amillərindən biridir.

Gizli tədris planı – məktəblərdə öyrədilən elə vərdiş və də­yər­lər nəzərdə tutulur ki, onlar yazılı, rəsmi kurikulumda (tədris pla­nın­da) təfsilatı ilə göstər­mir. Bunlara, təhsil tənqid­çilərinin fikrincə, ita­ətkarlıq, asılılıq və hər şəraitə uyğun­laşma kimi keyfiyyətlər xü­su­silə aid edilə bilər.

Gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərq­lənən şagird­lər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümum­təhsil müəs­si­s­ə­­sidir.

Həyat boyu öyrənmə – müasir dünyada insanların bütün hə­yat­ları boyu öyrən­məyi davam etdirməli olduqları üçün məktəb­lərin uşaq­lara fun­da­mental bilik və bacarıqları deyil, daha çox (yaxud əla­və olaraq) necə öyrənməyi öyrətməli olduq­ları haqqında ideya­dı­r­.

Holistik qiymətləndirmə sxemləri – şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsas­lanır. Bu növ QS-lər şagird nailiyyətləri barədə ümumi mənzərəni təsvir edir. Holistik QS-dən fərqli olaraq analitik qiymətləndirmə sxemləri şagir­din ayrı-ayrı fəaliyyət sa­hə­ləri üzrə qiymətlərini təyin edir və burada da 4-5 ballıq şkaladan istifadə olunur. Ana­litik sxemdə şagirdlərin fəaliyyətləri ardıcıl qiymətləndiril­məklə onların nailiyyətləri haqda daha ətraflı infor­masiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb edilir.

Xarakter – (yunanca – charakter – möhür) – şəxsiyyətin fəaliyyəti və ünsiyyətində forma­laşan və təzahür edən, ancaq ona məxsus dav­ranış tərzini şərtlən­dirən sabit fərdi xüsusiyyətlərin məc­mu­sundan ibarətdir.

Xatırlama – şagirdlərin əvvəllər öyrəndiklərini, eləcə də məlum in­for­masiyaları yada salması və yeni dərs kontekstində mənalan­dır­ması prosesidir.

İcra tapşırıqları – şagirdlərin nə edə bildiklərini nümayiş et­dir­məyi tələb edən fəaliyyətlər, tapşırıqlar və ya problemlərdir. İcra tap­şırıqlarının bəziləri vərdişlərin qiymətləndirilməsi məq­sədi ilə hə­yata keçirilir. Bəziləri isə şagirdlərə öz biliklərini tətbiq et­mək­lə dərk etmə səviyyələrini nümayiş etdirmək məqsədi ilə planlaşdırılır.

İddia səviyyəsi – bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seç­diyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikasıdır.

İdentifikasiya – fikri əməliyyatdır. Onun vasitəsilə insan özü ilə başqa adamlar arasında əlaqələri müəyyənləşdirirlər. Başqa adamların və ya müəyyən bir sosial qrupun xarak­te­ris­tikalarını şüurlu və şüursuz olaraq özünə şa­mil edir.

İdrak – insandan xaricdə mövcud olan obyektiv aləmin onun hiss üzvlərinə, beyninə təsirindən yaranan inikas prosesidir. Hissi və məntiqi olmaqla iki səviyyəsi müəyyən edilir.

İdraki öyrənmə – faktların və ideyaların yadda saxlanılması və dərk edilməsini əhatə edən əqli proseslərdir. Təhsil işçiləri insan­la­rın necə öyrənməsi ilə həmişə maraqlanmışlar, lakin son illərdə tə­fək­kür və öyrənmə haq­qında çoxlu yeni məlu­matlar toplanmış koq­nitiv psixoloqların araş­dı­rıl­­ma­larında idrak haqqında daha yaxşı mə­lu­matlar almaq­dadırlar. Müa­sir öyrənmə nəzəriyyəsi-konst­ruk­ti­viz­min yaradıcısı ən məşhur koqni­vistlərdən biri olan Jan Pyajedir.

İnikas nəzəriyyəsi – psixi hadisələrə canlı orqanizmin xarici mad­di gerçəkliyi əksetdirmə formalarından biri kimi baxan elmi psi­xologiyanın materialist – fəlsəfi əsasıdır.

İnduksiya – təfəkkür prosesində xüsusidən ümumiyə doğru çıxarılan məntiqi nəticə. Antonimi – “deduksiya”dır

İnteriorizasiya – cisimlərlə aparılan xarici və real əməliyyat­la­rın da­xili, ideal əməliyyatlara çevrilməsi, başqa şəklə düş­mə­sidir.

İnformal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin for­m­a­sıdır.

İnnovasiya – müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında for­mala­şan mü­tərəqqi xarakterli yeniliklərdir. İnnovasiyanı ge­niş mə­nada təlim, təhsil-tərbiyə prosesinin gedişini və nəticələrini yax­şı­laşdırmaq məq­sədilə pedaqoji sistemdə həyata keçirilən yenilik ki­mi başa düşmək olar. İnnovasiya, yəni yenilik pedaqoji sistemin da­xili ehtiyatları hesabına baş verir. Kənardan gətirilən hər nə varsa, on­lara inno­va­siya demək olmaz. İnnovasiya key­fiy­yətcə təkmil­ləş­miş pedaqoji sistemdə vəhdət halında gö­türülmüş ideyalar, pro­ses­lər, vasitələr və nəticələrdir.

İnkişaf – insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişik­lik­ləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv alə­min mürəkkəb pro­sesidir. Müasir elm bu prosesi də­rindən öyrən­mək üçün şəxsiyyətin in­kişa­fının fiziki, psixi, mənəvi, sosial və di­gər komponentlərini (tərəf­lərini) gös­tər­mişdir. Ona görə də elmdə in­sanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiy­yətin inkişafının həmin kom­ponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf prob­lem­lə­rini də öyrənir.

İnteraktiv öyrənmə – təlim mənbələri ilə öyrənci bir başa əla­qə­də olduğu zaman və cavablar şagirdin ehtiyaclarına uyğun şə­kildə for­malaşdırıldıqda baş verir. Bir müəllimin bir şagirdi öyrətməsi yük­sək dərəcədə interaktiv fə­aliyyətdir. Kom­pyu­terlər və digər müa­sir texnoloji avadanlıqlar istə­nilən fənn üzrə hər hansı bir öyrəncini sə­mərəli interaktiv təlimlə təmin etmək üçün nəzəri cəhətdən imkan ya­radır.

İnkluziv təhsil – xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq im­kanları məhdud) uşaqların təhsil hüquqlarının yerinə yetirilməsi ilə bağlı inteqrasiyalı təlimə keçidin reallaşdırılması ilə bağlıdır. Azər­bay­canda “xüsusi qay­ğıya ehtiyacı olan (sağ­lamlıq imkanları məh­­dud) uşaqların təhsilinin təş­kili ilə əlaqədar “İnkişaf Proq­ramı” hə­yata keçirilir. Proqramda xü­­susi qayğıya ehtiyacı olan uşaqların təh­sil hüququnun ye­rinə yetirilməsi, belə kateqo­riyadan olan uşaqların ha­mısı üçün bərabər təhsilalma şəraitinin yaradılması, inteq­rasiyalı (ink­luziv) təlimə keçidin reallaş­dırıl­ması, təhsil mü­əssi­sə­lərində bü­tün uşaqların təhsili üçün bərabər imkan­ların yaradıl­ması, dövlət hi­mayəsində olan uşaqların sosial mü­dafiəsinin güclən­diril­məsi, mü­vafiq klassifika­siya­ya uyğun olaraq bütün kateqoriyadan olan xü­susi qay­ğıya ehtiyacı olan uşaqların ölkə üzrə qeydiyyatının apa­rıl­­ması və təhsilə cəlb edil­məsi, xüsusi təhsil müəs­sisələrinin mad­di-texniki və tədris ba­za­sının müasir standartlara uy­ğun­laşdırılması və digər məsələlər öz əksini tapır.

İnstitut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur böl­məsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazır­lı­ğı­nı və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqat­lar aparan ali təhsil müəs­sisəsidir.

İnsayt – problemin həlli prosesində onun həllinin gözlənilmədən tapıl­masına deyilir.

İnterpretasiya – mənanın izah edilməsi prosesidir.

İntellekt – (latınca intelectus – dərketmə, dərrakə, anlama) – fərdin əq­li qabi­liy­yətinin nisbətən sabit strukturuna deyilir. Müa­sir psi­xologiyada intellektin strukturu müxtəlif aspektlərdə öyrənilir.

İradə – insanın işin icrası prosesində çətinlikləri şüurlu surətdə dəf et­məsi prosesidir. Fəallığın təmin olunmasında xüsusi əhə­miy­yətə malik­dir.

İstedad – 1) fəaliyyəti müvəffəqiyyətlə icra etmək imkanı verən qa­bi­liyyətlərin keyfiyyətcə özünəməxsus uzlaşmasına de­yi­lir; 2) ümu­mi qabiliyyətlər və intellekt anlamlarının sino­ni­mi kimi də işlədilir.

İxtisas – müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə da­xi­lində fəaliyyət növüdür.

Kampus – müvafiq maddi-texniki bazaya və infrastruktura ma­lik təh­sil kompleksidir (şəhərciyidir).

Keyfiyyət araşdırması – Antropologiya və digər sosial elm­lər­dən götürülmüş, müşahidə və müsahibə kimi üsul­lar­dan mün­təzəm istifadə etməklə həyata keçirilən tədqiqatdır. Yaxın vaxtlara qə­dər təhsil sahəsində yerinə yetirilən tədqiqat­ların əksəriyyəti kə­miy­yə­tin aşkar edilməsinə yönəldilirdi. Bəzi tədqiqatçılar indi keyfiy­yə­tin müəyyən edilməsinə xidmət edən üsullardan istifadə edirlər, on­ların fikrincə, statistik proseslər pedaqoji hadisələrin mahiy­yətini dərk etməyə imkan vermir.

Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri gös­tə­rən və sub­ba­kalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təh­sil müəssisəsidir.

Konservatoriya – musiqi sahəsi üzrə yüksək ixtisaslı müt­ə­xəs­sislər hazırlayan ali təhsil müəssisəsidir.

Konvergent təfəkkür – məntiqi, ardıcıl, xətti təfəkkürdür.

Kontent analiz – müxtəlif mətnlərin öyrənilməsi metodu olub, onların özünəməxsus xüsusiyyətlərini (məlumatın janrını, adamların qar­şılıqlı təsirinin növlərinin və s.) açıqlamaq və qiymət­lən­dirmək imkanı verir.

Koqnitiv – (latınca koqnito) – bilik, idrak deməkdir.

Kəmiyyət araşdırması ənənəvi elmi yanaşma olub, klassik eks­periment vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini mü­qa­yisə etmək üçün statistik əməliyyatlardan istifadə etməklə yerinə ye­tirilən tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir və keyfiy­yət­yö­nümlü araşdırmalardan daha çox istifadə edirlər.

Konstruktivizm – öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun həlle­di­ci prin­sipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsa­sın­da yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə əl­də edilmir, o, insanın həyat təcrübəsi əsasında yaranır. Bu, insan­la­rın necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim yanaş­ma­sı­dır.

Qabiliyyətlər – insanın elə psixoloji xüsusiyyətləridir ki, on­lar­dan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində mü­vəffəqiyyət əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət deyildir. Qabiliyyətlər yalnız fəa­liyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası qeyri-müm­kün olan fəaliyyətdə aşkar olu­nur. Qabiliyyətlər şəx­siy­yətin fərdi-psi­xoloji xüsusiy­yətləri olub, müəyyən fəaliyyətin müvəffəqiyyətlə ic­rasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, ba­carıq və vərdişlərə yiyələnmə dina­mi­ka­sındakı fərqləri mey­dana çı­xa­rır. Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Ta­lant insana hər hansı mürəkkəb əmək fəaliy­yətini müstəqil, mü­vəf­fə­qiyyətlə və orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər komp­l­eksidir.

Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrən­mə­si­nin və icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymət­lən­dirmə va­si­tələ­rinə – minimum səriştə testləri, inkişafın iz­lən­məsi testləri, qa­bi­liy­yət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiy­mət­lən­dirmə daxildir. Qiymət­lən­dir­mədə hər hansı yanaş­manın sə­mə­rəliliyi onun nə də­rə­cə­də nəzərdə tutulan məqsədlərə uyğun ol­ma­sından asılıdır.

Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fər­di məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin veril­məsi ilə mü­şayiət olunmayan təhsil formasıdır.

Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsu­si ra­zı­lıqdır.

Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şa­gird­lər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümum­təhsil müəssisəsidir.

Magistratura – ali təhsilin ikinci səviyyəsidir.

Magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali-elmi-ix­ti­­sas dərəcəsidir.

Mentor (rəhbər) – başqa bir insana yardım təklif edən nüm­u­nə­vi şəxsdir. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür.

Meta – yunan mənşəli prefiksdir. Müxtəlif mənalarda (haqqında, kənar, vasi­tə­silə, sonra və s. mənalarda) açıqlanır. Psixolo­giyada metakoq­ni­tiv və ya metahafizə anlamlarına az təsadüf olunmur.

Metodologiya – idrak və gerçəkliyin dəyişdirilməsi metodları haq­­qında təlim kimi, dünyagörüşü prinsiplərinin idrak prose­sinə, ümu­­miyyətlə, mə­nə­vi fəaliyyətə və praktikaya tətbiqi kimi anlaşıla bi­­lər. Həm də burada yalnız fəlsəfənin deyil, həmçinin konkret elmi təd­­qiqatın me­tod­ları nəzərdə tutu­lur. Buna görə də, metodologiyaya bə­­zən bu və ya digər elm çərçivəsində tətbiq olunan müəyyən me­tod­lar sistemi kimi tərif verirlər.

Mədəniyyət – tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi təsirinin nəticəsidir. O, insanın şüuru, psixikası və davranışı ilə bağlı olmaqla yanaşı, həm də dövlətin və xalqın tarixi inkişafı ilə sıx əlaqədədir.

Sosial fenomen və noumen olan mədəniyyət həyat və fəa­liy­yətin müəyyən sahəsində onun keyfiyyətini ifadə edən kontekstual anlamda da öz əksini tapır. İntellektual, siyasi, iqtisadi, etik, hü­quqi, tibbi, ekoloji, idarəetmə mədəniyyəti, məişət mədəniy­yəti, sülh mədəniyyəti, gender mədəniyyəti, məsuliyyət mədəniyyəti və s. mədəniyyətlər vardır.



Mənalı öyrənmə – şagirdin məktəbdə və gələcək peşə fəa­liy­yə­tində, şəxsi və vətəndaş həyatında müvəffəqiyyət qazan­ması üçün zə­ruri olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən məsə­lə­lərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbat­la­rı ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir.

Məfhum və ya anlayış – cisim və hadisələr haqqında onların bir sıra mühüm və birlikdə spesifik əlamətlərini ayırd edən ümu­miləşdirilmiş biliklərə deyilir.


Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə