Borc alıb-vermək barədə 1 Kim ki mərhəmət göstərər, öz qonşusuna
borc verər,
Kim ki yardım əlini uzadar, əmrlərə riayət
edər.
2 Ehtiyacı olduğu zaman qonşuna borc ver,
Özün də qonşunun pulunu vaxtında qaytar.
3 Sözünün üstündə dur və onunla dürüst ol,
Hər zaman ehtiyaclarının ödəndiyini
görərsən.
4 Bir çoxu borcu qənimət hesab etdi,
Onlara kömək edənləri əziyyətə saldı.
5 Bir şey əldə edənə qədər o adamın əlini
öpər,
Qonşusu sərvətli olduğuna görə
Səsinin tonunu aşağı salar.
Amma vaxtında borcunu qaytarmağı
uzadar,
Boş vədlər verər,
Vaxt müddətindən gileylənər.
6 Əgər borcverən çətinliklə borcun yarısını
əldə etsə,
Bunu bir tapıntı hesab edər.
Əgər əldə edə bilməsə,
Öz pulundan məhrum olar,
Hədər yerə də özünə bir düşmən qazanar.
O adam borcverənə lənət və təhqirlə əvəz
verər,
İzzət əvəzinə hörmətsizliklə əvəz verər.
7 Çox adam borc verməkdən boyun
qaçırarkən
Pislik etmək istəməz,
Bəlkə, hədər yerə aldadılmaqdan qorxar.