Opera və balet, simfoniya, simfonik muğam, poema, kapriççio, qravür adları. 1908-ci ildə tamaşaya qoyulan Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operası ilk opera kimi tarixə düşdü. Bildiyimiz kimi “Leyli və Məcnun” ərəb əfsanəsidir. Bu əfsanə əsasında onlarca əsərlər yazılmışdır. Bu mövzuda yazılan əsərlərdən biri də “Leyli və Məcnun” operası oldu. Bundan başqa Üzeyir Hacıbəyov “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu ”, “Əsli və Kərəm”, “Koroğlu” operalarının müəllifidir. Opera tariximizdə önəmli yerlərdən birini də Müslüm Maqomayevin “Şah İsmayıl” operası tutur. Opera adı Azərbaycanın böyük , qüdrətli sərkərdəsi, görkəmli şair və mədəniyyət carçısı Şah İsmayılın şərəfinə adlandırılıb. Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundova olub. O, “Gəlin qayası” operası ilə öz adını ilklər sırasına yazdıra bilib. Qara Qarayevin “Yeddi Gözəl” baleti Nizami Gəncəvinin eyni adlı əsəri əsasında, “Min bir gecə” (Fikrət Əmirov) eyni adlı şərq xalqlarının nağılı əsasında yaranmış və adlandırılmışdır. Bu bölgüyə bunlar da daxildir: 1-ci simfoniya, 2-ci simfoniya, 3-cü simfoniya, “Alban rapsodiyası”, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürləri (Qara Qarayev); Nizami simfoniyası, “Gülüstan”, “Bayatı-Şiraz”, “Şur”, “Kürdovşarı” simfonik muğamları, “Azərbaycan kapriççiosu”, “Azərbaycan qravürləri”, “Simfonik rəqslər”, “Nəsimi dastanı”, “Xəzəri fəth edənlər” vokal-xoreoqrafik muğamları (F.Əmirov); “63-cü ilin oçerkləri” simfonik əsəri (X. Mirzəzadə) [4, s.231].