Şadlıq evləri, restoran, kafe və yeməkxana adları. Paytaxtımız Bakı şəhərini gəzintiyə çıxdıqda ən çox rast gəlinən obyektlər şadlıq evləri, kafe, restoran, yeməkxanalardır. Hal-hazırda yaxşı gəlir mənbəyi olduğundan sahibkarların daima diqqət mərkəzindədir. Əvvəllər bölgələrdə bir və ya iki şadlıq sarayı tapmaq olardısa, indi hər addımbaşı restorandır. Bu obyektlərin adları dilimizin ktematonim sisteminin zənginləşməsinə gətirib çıxaran əsas adlar qrupudur. Məsələn, “Gülüstan” restoranı, “Nəqşicahan” restoranı, “Qızıl tac” restoranı, “Günəş” restoranı, “Neolit” restoranı, “Ərzurum” restoranı, “Oazis” restoranı, “Leyla” restoranı, “İmperial” restoranı, “Çələbi xan” restoranı, “Yeganə” restoranı, “Azərbaycan” restoranı, “Bənövşə” kafesi, “Kardeşler” kafesi, “Qızılgül”kafesi, “Sunset”kafe, “Xarı-Bülbül” kafesi və s. adlandırmada həm xarici dilin vahidlərinə, həm də ana dilimizin leksikonuna müraciət olunmuşdur. Təkrar adlandırma hallarını da müşahidə edirik. Məsələn, “Qızıl tac”, “Gülüstan”, “Günəş” və s. adda çoxlu sayda şadlıq evləri vardır. Fikrimizcə, bu adların dəfələrlə obyektlərə verilməsi həmin adların bir brendə çevrilməsi, öz möhrünü vurmasıdır.