Püstənin müalicəvi xassələri. Püstənin meyvəsi təzə, qovrulmuş və duz səpilmiş halda yeyilir. Püstədən dondurma, tort, marsipan və qəhvə əvəzediciləri hazırlanır. Yüksəkkeyfiyyətli qurumayan püstə yağı qənnadı və kolbasa məmulatı istehsalında, tibbidə və əczaçılıqda istifadə olunur.
Yarpaqlarından alınan qalloaşı turşusundan tibbi məqsədlər üçün tanin alınır. Büzüşdürücü və iltihaba qarşı vasitə kimi püstənin yarpaqlarından alınan aşı maddələrindən xarici yanıqların, yataq yaralarının və suverən yaraların müalicəsində, diş dibinin və ağızın selikli qişasının iltihabında, boğazı, burunu qarqara, yoğun bağırsağın iltihabında imalə etmək üçün istifadə olunur. Çünki tanin metalları, qlükozidləri və bir çox alkaloidləri çökdürə bilir. Ona görə də ağır metalların duzları ilə və zəhərli bitkilərlə zəhərlənmədə püstədən alınan tanin məhlulunu zəhərə qarşı və zəhərin sorulması üçün bağırsaqlara imalə yolu ilə vururlar.
Püstə qədimdən ərəb xalqları arasında dərman vasitəsi kimi istifadə olunmuşdur. Məşhur tacik həkimi Ibn-Sina hesab edirdi ki, püstə ürəyi qüvvətləndirir (möhkəmləndirir) və qaraciyər ağrılarını yox edir. Müasir xalq təbabətində püstədən vərəm xəstəliyində, qanazlığında, arıqlamada və digər xəstəliklərdə istifadə etmək məsləhət görülür. Püstəni həm də zəhərlənmədə və bəzən oyadıcı vasitə kimi də yemək məsləhət görülür. Püstə qatranı köhnə yaraların və sıyrıntıların müalicəsində istifadə olunur. Bu məqsədlə püstənin ağac qatranı (20%) mumda və kərə yağında (80%) əridilib alınan plastır yaraların üstünə qoyulur.
Dostları ilə paylaş: |