Püstə – Фисташки – Pistacia vera L. Sumaq (Anacardiaceae) fəsiləsinin püstə cinsinə mənsubdur. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, Cənubi Azərbaycanda, Iranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilır.
Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2-3 gün tez açılır. Çiçəkləmə 20-25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7-8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvarı, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Çəkisi 0,9-2,5 q-dır. Meyvələr yetişdikdə çiçək yanlığı bürüşür, quruyur, partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, yaşıl rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır.
Püstə ləpəsinin tərkibində 68% yağ, 18-22% zülali maddə, 9,5-17%-ə qədər karbohidrat, 4,6% sellüloza, 3,1% kül vardır. Dadlı, lətif, yağlı və faydalı olduğundan çox qiymətlidir.
Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış halda istifadə edirlər. Ləpəsi qənnadı məmulatı (tort, pirojna, şokolad, Şərq şirniyyatı) istehsalında işlədilir, eləcə də bəzi kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı qurumayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların hazırlanmasında geniş istifadə olunur. Püstənin yarpaqlarında, meyvələrində, qabığında və oduncağında 10-12%-ə qədər aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr yarpaqlarda fır şişləri (buzqunç) əmələ gətirir ki, bunun tərkibində 30-50% tanin olur. Bu, toxuculuq və yüngül sənayedə aşılayıcı və boyaq maddəsi almaq üçün qiymətli xammaldır.
Püstənin ağacından iyul-avqust aylarında çəkilən qatrandan yüksək- keyfiyyətli lak hazırlanır.
Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada, vərəm xəstəliyində, qaraciyər ağrılarında tətbiq edilir.
Dostları ilə paylaş: |