Sidr qozu – Кедровые орехи – Pinus sibirica (Rupr.) Mayr. Hündürlüyü 35 m və daha çox olan Şam (Pinaceae) fəsiləsinə aid ağacın meyvəsidir. Ağacı sıx konusvarıdır. Yarpaqları dişli, göy rəngli, 6-13 sm uzunluğundadır. Qozalarının uzunluğu 8-12 sm, eni 5-8 sm-dir. Qozanın daxilində 100-ə qədər tünd boz rəngli, hamar qılaflı və yağlı dada malik nüvə olur.
Sidr, əsasən Sibirdə və Uralda yetişir. Az miqdarda Volqa sahillərində və Rusiyanın digər mərkəzi vilayətlərində rast gəlinir. Sibir sidr qozuna oxşar növlər Karpatda (Avropa sidr qozu) və Uzaq Şərqdə (Koreya sidr qozu) də yetişir.
Sidr qozu qiymətli qida məhsuludur. Sidr qozunun tərkibində 60%-ə qədər quruyan yağ, 1,63% zülal, pentozanlar, şəkər, nişasta, sellüloza, C vitamini, mineral maddə vardır. Sidr qozu təzə halda çiy yeyilir. Qovrulmuş sidr qozu xoşagələn və çox qidalı məhsuldur. Sibirin bəzi bölgələrində onu «çörək» ağacı adlandırırlar, bəzən ondan un hazırlayırlar. Lakin sidr qozu yağlılığına görə çox qiymətlidir.
Soyuq presləmə üsulu ilə alınmış yağın dadı xoşagələn olub, keyfiyyətinə görə ən yaxşı bitki yağından üstün keyfiyyətə malikdir. Təmizlənmiş nüvədən alınan yağdan mikroskop texnikasında immersiya məqsədilə istifadə edilir. Xarab olmuş (kiflənmiş) nüvədən alınan yağdan sabun bişirmək və lak-boya sənayesində istifadə olunur. Yağ alındıqdan sonra qalan cecədən (jmıxdan) qənnadı sənayesində halva, tort və pirojna hazırlanır. Sidr qozunun qabığında yağ, zülal, sellüloza, pentozanlar və mineral maddələr vardır. Ondan ağac spirti, aseton, sirkə turşusu, eləcə də dərini rəngləmək üçün qəhvəyi boya alırlar.
Dostları ilə paylaş: |