Lobya – Фасол – Phaseolus vulgaris L. Paxlalılar (Leguminosales) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Vətəni Cənubi Amerikadır. 150-dən çox növündən 20 növü becərilir. Bunlardan adi lobya (Phaseolus vulgaris L.) daha çox becərilir. Standarta görə lobyanı 3 tipə ayırırlar:
I tip – ağ lobya,
II tip – birrəngli lobya,
III tip – alabəzək lobya.
Lobyanın tərkibində 21-28% zülal, 42,4-50% nişasta, 2,0% yağ, 3,8% şəkərlər, 3,8% sellüloza, 3,5% minerallı maddə vardır. Tərkibində C və B qrupu vitaminləri və mineral maddələr var. Ağ lobya kalium (535 mq%) və fosfor (530 mq%) duzları ilə zəngindir. Yaşıl lobya qınlarında C, B qrupu vitaminləri və karotin (provitamin A) vardır. Lobya zülalı əvəzolunmaz aminturşularla zəngin olduğundan bəzi ölkələrdə ət çatışmazlığının yerini tutur. Təzə yaşıl lobyadan bişirilmiş və yağda qovrulmuş halda istifadə olunur, dondurulur və sterilizə edilməklə konservləşdirilir. Konserv sənayesində və kulinariyada lobya dənlərindən müxtəlif xörəklərin hazırlanmasında istifadə olunur. Lobya mədə şirəsinin ifrazını artırır. Ona görə də lobya püresi mədə şirəsinin ifrazını artırmaq üçün və qastrit xəstəliyində xəstələrə verilir. Bəzi ölkələrdə yaşıl lobya qınlarından alınan həlimdən böyrək və sidik kisəsinin xəstəliklərində, hipertoniyada, ürək zəifliyində, xroniki revmatizmdə, podaqrada istifadə olunur. Böyrək daşları xəstəliyinin profilaktikasında qurudulmuş lobya çiçəklərindən hazırlanan həlimdən də istifadə olunur.
Dostları ilə paylaş: |