İtburnu (dərgil) – Шиповник – Rosa cinnamomea L. Gülçiçəklilər (Rosoceae) fəsiləsinin qızılgül cinsinə mənsubdur. Bu cinsin 300 növündən 42 növünə Azərbaycanın dağ-meşə rayonlarında təsadüf olunur (bunlardan 6 növü becərilir). Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda az rast gəlinir. Bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 ha-dan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır.
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə verir. C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur.
Cinsi xüsusiyyətinə görə dərgil bir neçə seksiyalara bölünür. Bunlardan C vitamini ilə ən zəngin olanı darçınabənzər seksiyadır. Bu seksiyaya daxil olan dərgil növlərinin çiçəkləri çəhrayı, meyvələri isə qırmızı olur. Ümumiyyətlə, təbabətdə daha çox istifadə olunan növü darçın, daur, tikanlı və qırışıq meyvəli dərgildir. Göstərilən dərgil növləri Qərbi və Şərqi Sibirdə, Uşaq Şərqdə və digər rayonlarda daha geniş yayılmışdır. Son illərdə Azərbaycanda yayılan bir sıra dərgil növləri də öyrənilmiş və onların tərkibində çoxlu miqdarda müxtəlif vitaminlərin olduğu müəyyən edilmişdir. Tədqiqat nəticəsində aydınlaşdırılmışdır ki, Azərbaycan florasının dərgil bitkilərində müxtəlif vitaminlər, o cümlədən C vitamini miqdarca çoxdur.
İtburnu tikanlı kol bitkisi olub, növbə ilə düzülmüş ellips və ya yumurtaşəkilli yarpaqları vardır. Nəzəri cəlb edən gözəl iri çiçəkləri, giləmeyvəyə bənzər şirəli meyvələri olur. May ayından başlayaraq iyul ayına kimi bitki çiçəkləyir. Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi isə avqust-sentyabr aylarında yetişir. Dərgil, demək olar ki, bütün meşə və kolluq yerlərində yayılmışdır. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-1000C temperaturda qurudulur və yenidən xarab olmuşlar təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
Dostları ilə paylaş: |