Qafqaz quşarmudu – Рябина Кафказская – Sorbus caucasigena Kom. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən quşarmudu (Sorbus L.) cinsindən olan giləmeyvədir. Quşarmudunun dünyada 84-ə qədər növü yayılmışdır. Quşarmudunun Qafqazda 20, Azərbaycanda isə 11 növü bitir.
Qafqaz quşarmudu hündürlüyü 6-8, bəzən 15 m-ə qədər dağınıq çətirli bitkidir. Diametri 40 sm-ə çatan uca koldur. Yarpaqları təkləçəkvarı yarpaqlardan ibarətdir. Çiçək qrupu çoxçiçəkli, qalxanvarıdır. Çiçəkləri ağ rəngdə olur. May-iyun ayında çiçək açır, avqust-sentyabrda meyvə verir, meyvəsi qışda ağacların üstündə qalır. Qafqaz quşarmudu Quba rayonunda və Azərbaycanın yuxarı dağ-meşə qurşağında yayılmışdır, meşələrin kənarlarında və talalarda rast gəlinir.
Qafqaz quşarmudunun meyvələrindən mürəbbə, müxtəlif vitaminli məhsullar, spirtsiz içkilər, şərbət, qəhvə surroqatları hazırlanır. Tərkibində 4-8%-ə qədər şəkər, alma, limon və kəhrəba turşuları, aşı maddələri, 4-13,7 mq% C vitamini, 52 mq% karotin vardır. Yetişmiş meyvələrinin rəngi qırmızı, qəhvəyi və qaramtıl olur. Yetişmiş meyvələrdən təzə halda yalnız şaxta vurduqdan sonra istifadə edilir. Meyvələrinin tərkibindəki vitaminlər uzun müddət saxlandıqda belə öz təsirini itirmir. Qış mövsümündə vitaminli meyvə və giləmeyvə məhsulları olmadıqda onun meyvələrindən istifadə olunur.
Xalq təbabətində quşarmudu meyvələrindən geniş istifadə olunur. Onun müalicəvi xassələri qarameyvəli və qırmızımeyvəli quşarmudunda olduğu kimidir.
Dostları ilə paylaş: |