İtburnunun müalicəvi xassələri. Dərman məqsədilə dərgil bitkilərinin ancaq meyvələrindən istifadə edilir. Meyvələri, adətən sentyabr-oktyabr aylarında toplanılır. Bu dövrdə çəhrayı-qırmızı rəngə boyanan dərgil meyvələrini əllə toplayır (toplayanlar əllərinə əlcək geyir və önlük bağlayırlar), sonra isə xüsusi sobalarda və ya quruducularda 70-800C temperatur şəraitində qurudurlar. Nəzərə almaq lazımdır ki, dərgil meyvələri şaxta düşənə kimi toplanmalıdır, şaxtadan sonra toplanan meyvələrdə C vitamini, eləcə də digər vitaminlər az olur və ona görə də toplanılan xammal keyfiyyətsiz olur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, dərgil meyvələrini gün altında qurutmaq olmaz, çünki günəş şüası meyvələrdə olan vitaminləri parçalayaraq xammalı yararsız hala salır.
Yuxarıda göstərdiyimiz qayda üzrə qurudulmuş dərgil meyvələri xüsusi torbalara və ya qutulara yığılaraq quru havalı binalarda saxlanılır. Belə tədarük edilən dərgil meyvələri dövlət standartına əsasən iki il müddətində saxlanılıb istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, dərgil meyvəsi çox qiymətli təbii nemətlərdən biridir. Onun tərkibində müalicəvi əhəmiyyətli bir sıra maddələr vardır.
İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə aşkar edilmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır.
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur. Lakin seleksiya yolu ilə yetişdirilən dərgil meyvəsində C vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zəngin C vitamini mənbəyi hesab olunur. Dərgil meyvəsində C vitaminindən başqa 12-18 mq% karotin (provitamin A), 0,3 mq% B1 və B2 vitaminləri, bir qramında 40 bioloji vahid K vitamini, karotinoidlər, P vitamini, flavanoidlər (kempferol, kversetin və s.), 18%-ə qədər şəkər, 4% aşı maddələri, 3,7% limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxumlarında isə çoxlu miqdarda piyli yağ və E vitamini vardır. Dərgil meyvələrindən zəngin C vitamini, eləcə də polivitamin mənbəyi kimi təbabətdə geniş istifadə olunur. Meyvələrindən çay kimi dəmləmə şəklində bir sıra vitamin yığıntılarının tərkibində, bundan əlavə toz və həb formasında, təzə dərilmiş meyvələrindən isə konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn, sinqa, raxit, qızılyel, vərəm, böyrək, öd xəstəliklərində geniş istifadə olunur. Son illərdə toxumlarından piyli yağ da alınır ki, bu yağ yanıqlarda, dermatitdə yarasağaldıcı vasitə kimi işlədilir. Ümumiyyətlə, dərgil meyvəsi son illərdə ödqovucu, sidikqovucu, eləcə də ateroskleroza qarşı geniş tətbiq olunur. Bu məqsədlə dərgil meyvəsindən bir sıra preparatlar hazırlanır (askorbin turşusu, halaskorbin, xolosas, meyvəsindən isə dəmləmə, şərbət, tablet, qarağat çayı, armud çayı və s.).
Dərgil meyvəsindən çayı belə hazırlayırlar: əvvəlcə bir xörək qaşığı (20 q) bütöv meyvələrdən götürüb soyuq su ilə yuyurlar. Sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su əlavə edib 15 dəq od üzərində dəmləyirlər. Sonra götürüb 24 saat saxlayırlar. Dəmlənmiş çayı süzərək ondan gündə iki dəfə, hər dəfə də yarım stəkan içirlər. Dərgil çayını belə hazırlamaq da olar: qurudulmuş meyvəsindən 20 q götürüb təmiz ağ kağızın üstündə xırdalayandan sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su əlavə etdikdən sonra 15 dəq od üzərində dəmləyirlər, sonra isə 20 dəq durulmağa qoyurlar. Belə hazırlanmış çayı ikiqat tənzifdən süzərək gündə 3-4 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Qeyd etmək lazımdır ki, dərgil meyvəsinin müalicə əhəmiyyəti, əsas etibarilə ondan olan C vitamini ilə izah edilir. Doğrudur, C vitamini ilə birlikdə dərgil meyvəsində digər vitaminlər və üzvi maddələr də müəyyən dərəcədə tibbi əhəmiyyətə malikdir. Lakin burada olan C vitamini miqdarca çox olduğu üçün onun rolu müəyyənedicidir. Məlum olduğu kimi, insan orqanizmi C vitamini sintez etmir. Müəyyən edilmişdir ki, orta hesabla böyüklər üçün bir sutkada 50 mq, fiziki işlə məşğul olan adamlar üçün 75-100 mq C vitamini tələb olunur. Hamilə qadınlar üçün sutkada 75 mq, uşaq əmizdirən analar üçün 100 mq, 7 yaşlı uşaqlar üçün 30-35 mq C vitamini norma hesab olunur. Insanın C vitamininə olan ehtiyacını nəzərə alaraq son illərdə C vitaminini (askorbin turşusu) süni üsulla da istehsal edirlər. Lakin, buna baxmayaraq, təbii mənbədən alınan C vitamininə daha böyük ehtiyac vardır. Bundan əlavə C vitamini ilə zəngin olan təbii nemət daha yaxşı nəticə verir. Məsələn, hazırda müasir təbabətdə sinqa xəstəliyinin profilaktikasında və müalicəsində, hemorragik diatezdə, hemofiliyada müxtəlif qanaxmalarda (burun, ağciyər, uşaqlıq qanaxmalarında), şüa xəstəliyində, infeksion və ağciyər xəstəliklərində, eləcə də gec sağalan yaralarda, çıxıqlarda və sümük sınıqlarında C vitaminindən və onunla zəngin olan dərgil meyvəsindən daha geniş istifadə olunur. Bundan başqa, son illərdə dərgil meyvəsindən skleroza qarşı da istifadə edilir.
Qeyd etmək lazımdır ki, dərgil meyvəsində olan hər bir vitaminin özünəməxsus müalicə əhəmiyyəti vardır. Məsələn, C vitamini orqanizmin normal inkişafını tənzim edir, o orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, iltihabı aradan qaldırır. Məhz, ona görədir ki, C vitamini bir sıra xəstəliklərdə geniş tətbiq edilir.
Karotin və ya provitamin A xüsusən uşaqlar üçün son dərəcə vacibdir. O yoluxucu xəstəliklərə qarşı uşaqlarda müqaviməti artırmaqla bərabər, gözün görmə qabiliyyətinə müsbət təsir edir. B1 vitamini sinir sisteminin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına kömək edir. B2 vitamininin əhəmiyyəti daha yüksəkdir. O şəkər, qaraciyər, dəri xəstəliklərinin müalicəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun müddət müalicədən baş verən müxtəlif xəstəliklərdə çox gözəl müalicəvi təsir göstərir, həmçinin, A, P vitaminləri hipertoniya xəstəliyinin müalicəsində gözəl nəticə verir.
İtburnu xalq təbabətində qədimdən istifadə edilir. Itburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, müxtəlif vitaminlərlə, üzvi turşularla, şəkər, piyli yağ və karotinoidlərlə zəngin olan dərgil meyvəsi yaxşı müalicəvi əhəmiyyətə malik təbii nemətdir.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar.
İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. O təzə halda da yeyilir. Sənayedə itburnudan toz, həb və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən itburnu meyvəsindən hazırlanır.
İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə diqqət verilməlidir.
Dostları ilə paylaş: |