Keşnişin müalicəvi xassələri. Keşniş toxumunun tərkibində 2%-ə qədər efir yağı olduğundan kosmetikada və ətriyyat sənayesində müxtəlif ətirli maddələrin alınmasında istifadə olunur. Təzə göyərtiləri kulinariyada müxtəlif xörəklərin hazırlanmasında, üyüdülmüş toxumları isə aşpazlıqda və unlu qənnadı məmulatı istehsalında geniş istifadə olunur.
Keşniş yağı və meyvəsi iştahaartırıcı dərman kimi Dövlət Farmakopeyasına daxil edilmişdir. Yağından bir sıra qalen preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iy verən maddə kimi geniş istifadə edilir.
Keşniş toxumundan çörəyi və qənnadı məmulatını, sousları, sirkəyə qoyulmuş tərəvəzləri, kolbasanı, pendirləri, likör və pivəni ətirləndirmək üçün istifadə olunur. Keşniş toxumu yalnız ətirli-ədviyyəli tamlı qatma deyil, həm də qidanı vitaminləşdirən vasitə kimi də xeyirlidir.
Tibbdə keşniş toxumundan qidanı yaxşı həzmedici, bəlğəmgətirici, yarasağaldıcı və babasilə qarşı vasitə kimi istifadə olunur. 1 çay qaşığı keşniş toxumundan 1 stəkan suda hazırlanmış tinkturadan gündə 3 dəfə 1/3 stəkan içilir. Keşniş tozvarı toxumu və ondan hazırlanmış tinktura həm də yelqovucu vasitə kimi də qəbul edilir. Keşniş toxumu həlimi öyümə zamanı içilir. Keşniş tinkturasını bəzən sakitləşdirici və qıcolmaya qarşı, xüsusən də isteriyada təyin edirlər. Müəyyən olunmuşdur ki, keşniş efir yağı orqanizmdə ödqovucu, ağrıkəsici, antiseptik, yarasağaldıcı, babasilə qarşı və həzm vəzilərinin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi əhəmiyyətlidir.
Haşiyə: Keşnişin müalicəvi xassəsi haqqında 1954-cü ildə şahidi olduğum bir əhvalatı oxucuların nəzərinə çatdırmaq maraqlı olar. Bir dəfə qonşumuz Maral bacı qızı Ruqiyyəni nənəmin yanına gətirib sağ qıçındakı yaranı göstərdi və dedi:
- Ay Şəkər bacı bu qızın ayağındakı yaranı həkimlər sağalda bilmir. Bəlkə sən bir dava-dərman edəsən.
Nənəm məni çağırıb dedi:
- Cabir, oğlum, get kürəklə su arxının palçığını alt-üst elə və oradakı soğulcanlardan 20-25 ədəd xəlbirə yığ. Sonra onların palçığını axar su altında yuyub mənə gətir. Nənəm özü isə bıçağı götürüb həyətdəki keşniş göyərtisi olan ləkə yaxınlaşdı və bir qədər keşniş biçdi. Keşnişi axar su altında təmiz yuyub iri mis badyada soğulcanlarla birlikdə döyüb əzişdirdi. Həmin əzintini təmiz ağ parçaya yaxdı və Ruqiyyənin yarasının üstünə qoyub möhkəm sarıdı. Anasına dedi ki, 7 gün bu sarğını bağlı saxlayıb su vurmasınlar. 7 gündən sonra paltar sabunu ilə vanna edib, sarıq yumşaldıqdan sonra açıb yusunlar.
Təxminən 8-10 gündən sonra qonşumuz Maral bacı Nənəmin yanına gəlib təşəkkürünü bildirdi və qızının ayağındakı yaradan heç bir əlamət qalmadığını söylədi. Mən o vaxtlar 12 yaşında kiçik oğlan uşağı idim və nənəmin gördüyü bu işlərin hamısını təfərrüatı ilə yadımda saxlaya bilməmişəm. Indi fikirləşirəm ki, həmin soğulcanların tərkibindəki canlı fermentlər, amin turşuları, keşniş göyərtisindəki vitaminlər, efir yağları və digər bioloji fəal maddələr birlikdə həmin yaranın sağalmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |