Zəncəfil – Имбир – Zingiber officinale. Zəncəfil (Zingiberaceae) fəsiləsindən çoxillik kökümsov gövdəli qədim ədviyyat bitkisidir. Zəncəfil bitkisinin qurudulmuş ana kökündən ibarətdir.
Zəncəfil bitkisi Hindistanda, Yaponiyada, Çində və Avstraliyada mədəni surətdə yetişdirilir. Becərilməsindən asılı olaraq zəncəfil bir neçə növə ayrılır: Yamay zəncəfili (keyfiyyətcə ən aşağı sort sayılır), Hindistan zəncəfili (Malabar və Benqaliya), Çin zəncəfili (Koxinxin), Yaponiya və Afrika zəncəfili (ən aşağı keyfiyyətli zəncəfil). Əmtəə çeşidinə görə zəncəfil ağ, qara və ağardılmış zəncəfil sortlarına ayrılır. Zəncəfildən eramızdan qabaq Hindistan və Çində məşhur ədviyyə bitkisi kimi əkib-becərmişlər. Roma dövlətinin təməl daşı qoyulana qədər dünyanın bir çox ölkələrində zəncəfil məşhur ətriyyat kimi, eləcə də müalicəvi xüsusiyyətlərinə görə qiymətli sayılmışdır. Onun köküm-sovlarından hazırlanmış preparatlardan, eləcə də cövhərlərdən taun, tif, qızdırma və bu kimi xəstəliklərin qarşısının alınmasında istifadə olunmuşdur.
Hazırda isə zəncəfildən ədviyyat kimi dünyanın əksər xalqlarının mətbəxində hazırlanan xörəklərin tamını, ətrini və keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat kimi ən çox qənnadı, çörək-kökə, spirtsiz içkilər, pivə istehsalında, ətriyyat sənayesində geniş istifadə olunur. Zəncəfildən ədviyyatın bir növü kimi kulinariyada və yeyinti sənayesində istifadə edilir.
Bundan əlavə, Azərbaycanda bir çox milli məhsullar (ədavalı halva, quymaq) və içkilər (səhləb) zəncəfillə hazırlanır.
Zəncəfilin tərkibi faizlə aşağıdakı kimidir: su – 8-16; azotlu maddələr – 5-8; yağ – 2-8; nişasta – 40-60; pentozanlar – 5-7; sellüloza – 3-8; efir yağları – 1,5-3,5; kül – 3-7. Qurudulmuş zəncəfil köklərinin uzunluğu 8-10 sm, qalınlığı isə 2 sm-ə qədər olur. Lakin bu kökləri sonra da 1-2 sm uzunluqda doğrayırlar. Zəncəfilin tünd xoş ətri tərkibindəki efir yağlarından, yandırıcı dadı isə fenolabənzər qinqeral (C17H26O4) maddəsinin olmasından irəli gəlir. Zəncəfil efir yağlarında ən çox sinqiberol (C15H24), kamfen (terpen), fellendron və sinqiberol spirti vardır. Zəncəfilin nəmliyi 12%-ə, külü 5%-ə, efir yağı isə 1,4%-ə qədər olmalıdır. Zəncəfil toz halında da satışa buraxılır. Zəncəfil köklərini və ya tozunu karton qutularda, yaxud sellofan paketlərdə 10 q kütlədə satışa buraxırlar.
Dostları ilə paylaş: |