Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə10/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   67
9. Məktub
Böyük tənəffüsdə məktəbin süpürgəçisi Yetər xala Nazərə yaxınlaşıb ona bir məktub uzatdı:

  • Al, oğlum, – dedi, – poçtalyon gətirmişdi, tənəffüsü göz­lə­yə bilmədi, məndən xahiş elədi.

Nazər elə başa düşdü ki, məktub qardaşı Azərdən gəlib. Öz­lü­yündə düşündü ki, buna bax ha, gəlməyinə 5-6 gün qalıb, ərinməz-ərinməz məktub da yazır. Ancaq məktubu əlinə alıb baxanda gör­dü ki, bu, əsgər məktubu deyil. Zərfin üstündə yalnız çatacaq ünvan yazılmışdı: “Bayat kənd orta məktəbi, X sinif, Nazər Məmmədova”. Cəld məktubun kənarını cırıb içindən vərəqi çı­xart­dı. Bu, adi dəftər vərəqinin yarısı idi və orada yazılmışdı: “Gürzə! Niyə itdin, ay etibarsız? İlan da olsan adamın yadına dü­şürsən. Bizim tərəflərə də sürün, sənə sözüm var. İmza: S. (10a)”

İmzadan aşağıda ağ qalmış yerə karandaşla iri bir qarpız və ona dolanmış ilan şəkli çəkilmişdi. Nazərin ürəyi elə sürətlə dö­yündü ki, bir an içində sifəti qıpqırmızı qızardı.

Məktub Səbinədən idi.

Nazər məktubu tələsik cibinə soxdu ki, uşaqlar görməsin. Ancaq məktub onun bir tərəfini yandırırdı. O, bu vəziyyətdə dərs­də otura bilməzdi. Ona görə də zəng vurulanda içəri keçməyib müəllimi gözlədi və icazə alıb getdi. Məktəbin darvazasından çı­xandan sonra hansı səmtə üz tutacağını kəsdirə bilmədi. Ona elə bir sakit və xəlvət yer lazım idi ki, oturub məktubu dönə-dönə oxu­sun və fikrini cəmləyə bilsin. Xeyli götür-qoy etdikdən sonra qərara gəldi ki, elə birbaşa Kəhrizliyə getsin. Yarım saatlıq yoldu. Axırıncı dərsi gözləyib Səbinə ilə görüşmək olar. Ancaq kənar adamların sorğu-suallarına da cavab lazımdı. Soruşanlara deyə bilməzdi ki, bura qızla görüşə gəlib.

Buna da çarə tapıldı.

Həmin məktəbin müəllimlərindən birinin qardaşı da Çingizlə bərabər cəbhədəydi. Bərk ayaqda deyərdi ki, o müəllimdən (adı... adı?.. hə, Məhiş müəllim!) cəbhədəkilər barədə hal-əhval tutmağa gəlmişəm.

Nazər məktəbə çatanda axırıncı dərs gedirdi. O, darvazanın yanında dayanıb içəri keçməyin lazım olub-olmadığını müəyyən­ləş­dirirdi. Çox keçmədi ki, içəridən bir kişi çıxdı. Deyəsən müəl­limlərdən idi. Nazərə ötəri baxıb getmək istərkən birdən nəyisə xatırlamış kimi qayıdıb soruşdu:


  • Kim lazımdı?

  • Məhiş müəllimi axtarıram.

Söz qeyri-iradi ağızdan çıxdı. Kişi dayandı. Sifətində təəc­cüb və maraq ifadəsi əmələ gəldi:

  • Neynirsən onu?

  • Onun qardaşıyla mənim qardaşım könüllü cəbhəyə gedib­lər, birlikdə. Dedim bəlkə hal bilər. Bizim çoxdandı xəbərimiz yox­du.

  • Mənəm Məhiş müəllim! – Kişinin üzündəki təəccüb xoş bir ifadə ilə əvəz olundu:

  • Deməli, sən Çingizin kiçik qardaşısan. Hə, xoş gəlmisən, oğlum. Gedək evə - kişi əl verib görüşdü.

  • Yox, çox sağ olun, müəllim. Qayıtmalıyam.

  • Hə, oğlum, mənim qardaşım gəlmişdi, dünən getdi. Hələ­lik salamatçılıqdı. Partizanlıq eliyirlər də. Nə bilim vallah.

  • Bəs demədi Çingiz nə vaxt gələr?

  • Deyəsən dedi. Hə, dedi ki, gərək mən gedəm, sonra Çingiz də gəlib əyin-başını dəyişsin.

Nazər gördü ki, söhbət çox uzansa zəng vurulacaq və hər şey batacaq. Ona görə:

  • Çox sağ olun, müəllim. Anam narahat idi. Mən tez qayı­dım evə. Sağ olun!-deyərək, üzünü çevirib getdi.

Məhiş müəllim:

  • Sən də sağ ol, oğlum, - deyib, yoluna davam etdi.

Müəllim uzaqlaşan kimi Nazər qayıdıb darvazaya tərəf ad­dım­lamağa başladı. Zəng vuruldu. Məktəbin həyətini səs-küy bü­rüdü.

Nazər yolun kənarındakı telefon dirəyinə söykənib dəstə-dəstə gedən səs-küylü məktəb uşaqlarına baxırdı. Ona elə gəldi ki, öz məktəbi buradakından xeyli fərqlənir. Həm uşaqların əyin-başına, həm də tərbiyəsinə görə.



Ondan bir qədər aralı keçən dörd qızın ardınca baxırdı. On­lardan biri yerişi və boy-buxunu ilə Səbinəyə çox oxşayırdı. Nazər nə qədər gözləsə də, həmin qız üzünü geri çevirmədi.

  • Salam, ay Gürzə!. Xoş gəlmisən bizim ellərə! Sən hara, bu­ra hara?

Qəfil səsdən Nazər diksindi. Səbinə və yanında da qaraşın bir qız onun qarşısında dayanmışdı.

  • Salam, salam! Xoş gördük, – həyəcandan qızın adı yadın­dan çıxdı.

Qızlar hər ikisi ona əl verdilər.

  • Xalam qızıdı, Şəhanə, həm də sinif yoldaşım,– Səbinə son­ra da üzünü xalası qızına çevirib:

  • Budu “Gürzə” ləqəbli qəhraman! - dedi, və ardınca Nazərə tərəf dönüb:

  • Pis təqdim eləmədim ki, səni? - deyə, soruşdu və ala göz­lərini parıldadıb bic-bic güldü.

Nazərin yadına düşdü ki, axı Gülşən də Səbinə ilə bir sinifdə oxuyur.

  • Bəs Gülşən səninlə bir sinifdə oxumur?

  • Oxuyur. Bu gün icazəlidi, dərsə gəlməyib, - Səbinə cavab verdi. Sonra hiyləgərcəsinə:

  • Hə, onu görməyə gəlmişdin? Evdədi get görüş,- deyib, xalaqızına göz vurdu.

  • Yox, yox! - Nazər tələsik cavab verdi.

  • Bəs, belə xeyirdimi? Məktəbimizin darvazasında durub qız­ların axrasınca boylanmaq üçün o boyda yolu gəlmisən? – ye­nə Şahanəyə göz vurub çiyinlərini titrədərək güldü.

  • Məhiş müəllimlə işim vardı.

  • Zavuçnan? Xeyir ola?

  • Qardaşı bizim Çingizlə könüllü batalyona yazılıb cəbhəyə gediblər. Hal-əhval tutmağa gəlmişdim.

  • Hə, belə de! – Nazər hiss etdi ki, qız tutulan kimi oldu, rən­gi dəyişdi.

  • Kəndinizdə poçta zad işləmir bəyəm? Niyə məktub yaz­mır? – Səbinə mənalı-mənalı soruşdu.

  • Kəndimizdə poçt da, poçtalyon da lap yaxşı işləyir. Bizə ya­zılan məktubları da vaxtlı-vaxtında alırıq, – deyib, Nazər məna­lı bir tərzdə qızın gözlərinə baxıb gülümsədi.

Səbinənin rəngi açıldı.

  • Yaxşı, kəndinizi az təriflə.

Aralığa ani sükut çökdü. Nazər ətrafa göz gəzdirib gördü ki, onlardan başqa yolda heç kəs yoxdu, bütün uşaqlar çıxıb gedib. Bunu qızlar da hiss etdilər. Birinci Şəhanə dilləndi:

  • Səbiş, gedəkmi yavaş-yavaş?

  • Hə, gedək, – deyib, Səbinə məktəb çantasını sağ çiynindən sola keçirsə də, yerindən tərpənmədi. Sonra Nazərə üz tutub:

  • Yaxşı ki gəldin. Səndən söz soruşacaqdım. Deyirlər sizin məktəb bizimkindən qüvvəlidi. Orda uşaqlar instituta girmək üçün fərdi surətdə müəllim də tuturlar, elədi?

  • Eləsi də var. Nədi, ordan bura müəllim tutmaq istəyirsən?

  • Vallah heç özüm də bilmirəm. Hazırlaşmalıyam axı. Az-çox babat bildiyim riyaziyyatdı. Amma qorxuram öz gücümə başa çatdıra bilməyim.

  • Çatdırarsan, niyə çatdırmırsan? Hələ iki il var, – danışan Şəhanə idi, – Riyaziyyata nə var ey, ardıcıl öyrənəndə yağ kimi gedir. Başa düşmədiyin yerləri hər halda buralarda da soruşmağa müəllimlər var. Çətin tarix fənnidi. Oxuyub axıra çatanda əvvəli yaddan çıxır, – sumkasını çiyninə atıb:

  • Getdik! – dedi və yavaş-yavaş addımladı.

Nazər və Səbinə də onunla bahəm ayaqlarını sürüdülər.

  • Bəs sən özün hazırlaşmayacaqsan? – Səbinə Nazərdən so­ruşdu.

  • Mən gələn ildən hazırlaşacam Allah qoysa. Hələ vaxt var.

  • Hara hazırlaşmaq fikrindəsən?

  • Texniki institutlardan birinə.

Yenə aralığa sükut çökdü. Yol ayrıcına çatmışdılar.

Nazər:


  • Yaxşı, qızlar, məni bağışlayın, qayıtmalıyam. – deyib da­yandı.

  • Sağ ol, Gürzə! Hə, yaxşı yadıma düşdü! Gələn həftə bizi si­zin kəndə toya çağırıblar. Bəlkə mən də gəldim.

Bu, Səbinənin yadına qəfildən düşməmişdi. Elə məktub ya­zıb onu çağırmaqda bir məqsədi də toya gedəcəyini bildirmək idi. Müəllim tutmaq, hazırlaşmaq və s. söhbətlər elə-belə, yayındırıcı bəhanələr idi. Deyəsən Nazər də bunu başa düşdü:

  • Çox yaxşı, gözümüz üstə yerin var. Gözləyəcəyik – deyib, sağollaşmaq üçün qızlara əl verdi.

O, öz kəndlərinə çatana qədər hələ də Səbinəyə uzatdığı əlin­də ovcunun isti olduğunu hiss edirdi. İstilik gah onun sinəsinə yayılır, gah da qızın əl verdiyi ovcuna tərəf axaraq qəlbində qəri­bə bir üşütmə əmələ gətirirdi. Bu xəyal-hissiyat qatışığında bir də başını qaldırdı ki, öz darvazalarına çatıb və həyət adamla doludu. Əvvəl qorxdu, sonra gülüş səsləri eşidib toxdadı. Cəld darvazanın kiçik qapısını açıb içəri keçdi.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin