Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə12/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   67
11. Nazər
Nazər Ergiyə getmək üçün maşın axtarmaq məqsədi ilə ax­şam üstü kənd mağazasına tərəf getdi. Kəndin boş-bekar adamları da, işgüzar cavanları da axşamlar mağazanın qarşısına toplanar­dı­lar. Hər təzə xəbər buradan çıxıb bütün kəndə yayılardı. Mağa­za­nın baş tərəfində hündür çinar ağaclarının dibində taxtadan otu­racaqlar qoyulmuş, domino, nərd oynayanlar üçün qabaq stolu da yerləşdirilmişdi.

Əvvəlki vaxt olsaydı, lafetçi Hidayətə ağız açmaq olardı. İndi onun bacısını Azər qaçırtdığından ortada adət üsrə küsülülük vardı. Buna görə də Nazər nəinki ona söz deməzdi, hətta onunla qarşılaşsaydı yolunu dəyişməli idi.



Bu dəfə iş çox asanlıqla düzəldi. Nazər mağazaya çatar-çat­maz Elşadın QAZ 53-ü onun düz qarşısında dayandı. Elşad Nazərin xa­lası qızının əri idi. Ağdam rayon avtobazasında sürücü işləyirdi.

Elşad maşından düşüb Nazərlə görüşdü, hətta onu öpdü də. Hal-əhval tutandan sonra (elə bil çoxdandı kənddə yox imiş) so­ruşdu:



  • Xeyirdimi? Sən hələm-hələm bu aralığa çıxan döyüldün? Nə lazımdı?

  • Heç, sağlığınız.

  • Birdən maşınlıq işin olar, deməzsən, sonra inciyərəm ha, qardaş canı! Əvvəla, biz qohumuq, bir-birimizin karına gəlməli­yik. İkincisi də, mən siz qardaşları çox istəyirəm. Soruş niyə?

  • Soruşdum niyə? – Nazəri gülmək tutdu.

  • Ona görə ki, mərd uşaqlarsız. Heç kəsə, heç bir namərdə bo­yun əyməmisiz. Elə mənim özüm. Hələ indiyənəcən bir QAİ işçisinə boyun əyməmişəm. Düzdü, pravam da alınıb, ştrafnoya da düşmüşəm, ancaq əyilib sınmamışam. Pulum olub, verib qur­tarmışam. Olmayıb açarı atmışam QAİ-nin üstünə, yəni bu maşın, bu da sən, qardaş canı.

Nazər ondan aralanıb getmək istəyirdi ki, Elşadın təklifini eşidib qulaqlarına inanmadı:

  • Gəlsənə bazar günü gəzməyə çıxaq. Qarqara tərəf.

  • Qarqara? Ergiyə? – Nazər təəccüblə soruşdu.

  • Hə, Ergiyə.

  • Xeyirdimi?

  • Xeyir olmağına xeyirdi, lənət şərə! Orada yataqlardan 3 baş qoyun almalıyam, erkək. Dilimin bəlasına düşmüşəm, qardaş canı. Bizim qarajın dispetçeri var, Müslüm kişi. Oğluna toy eliyə­cək. Ağzım dinc durmadı, dedim ki, Müslüm kişi, heyvan-zad ala­sı olsan xəbər elə, ucuz taparam. Dünən kişi gətirib bir az pul verib dedi ki, day ət məsələsini sənə arxayınam. Mən də düşdüm dili­min bəlasına.

Nazər gülümsündü:

  • Noolar, gedərəm sənnən, bazar günü boşam, imkan olsa, oradan çasta da dəyərik, Hüseynə.

  • Dəyərik, niyə dəymirik? Səhər saat 7-də çıxarıq.

Söhbət burada bitdi və Nazər evə qayıtdı.

Bazar günü doğrudan da Elşad səhər tezdən Nazərgilin dar­va­zasında siqnalladı. Nazər tez geyinib əl-üzünü yudu və onlar yola düşdülər.

Elşad iki fermaya dəydi və sövdələşib üç erkək toğlu aldı. Toğluları maşına yığdıqdan sonra Nazərə dedi:


  • Hə, indi, qohum, hara deyirsən gedək. Mən sənin ixtiya­rın­da. Ancaq elə et ki, günortadan sonra qayıdaq. Çünki, qoyun­la­rı axşam saat altıya Ağdama çatdırmalıyam, qardaş canı.

  • Əvvəl sür bizim keçən ilki bostan yerinə baxaq. Oradan da hərbi hissəyə gedərik. Hüseynə sözüm var, – deyib, Nazər ka­binəyə oturub qapını örtdü.

Bostan yeri boş idi. Ancaq suvarma barədə bir məlumat yox idi. Yaxınlıqda bostançılar olsaydı soruşub öyrənmək olardı ki, suyu haradan alırlar. Keçən ilki artezian işləyir, yoxsa xarab olub? Maşını arteziyan quyusunun yanına sürdülər. Elektrik şkafı, transformator yerində olsa da, deyəsən, xarab idi. Nazər maşından düşüb işəsalma açarını qapadı. Ancaq cərəyan yox idi.
Mayor Hüseynov hərbi hissənin darvazasında gəzişirdi. Sü­rücünü gözləyirdi ki, rayon mərkəzinə getsin. Elşadın maşını gə­lib çatanda Hüseynovun UAZ-ı da darvazadan çıxıb dayandı. Hüseynov Nazəri yaxşı qarşıladı:

  • Hə, qəhrəman, xoş gəlmisən. Səndən nə əcəb? Bəs Çingiz hanı?

  • Çingiz dörd aydan artıqdı cəbhədədi. Könüllü batalyonda.

  • Belə de. Yaxşı, mənə qulluq, tələsirəm, rayona getməli­yəm.

  • Hüseyn dayı, mən gəlib bostan əkəsi olsam kömək üçün müraciət eliyə bilərəm? – Nazər utana-utana məqsədini anlatdı.

  • Bu nə sözdü? Mənə də müraciət eləmiyib bəs kimə sözü­nü deyəcəkdin bu çölün ortasında? Nə problem var, qorxma, utan­­ma de. Nə lazımdı eliyərik.

  • Suvarma artezyanı deyəsən xarabdı.

  • Ə, boş söhbətdi. Sən gəl işə başla, saldat da, traktor da, silah da verəcəm. Arteziyanı da düzəltdirərəm. İstəsən səni lap evləndirərəm də! – mayor gülə-gülə UAZ-a oturdu.

  • Bundan artıq day nə istəyirsən? – deyə, Elşad söhbətə qa­rışdı, – maşın da məndə, qardaş canı.

  • Sağ ol, Hüseyn dayı. Onda gələn bazar gələrəm.

  • Gəl, mütləq gəl. Özüm səni gözləyəcəm. Gecikmə, burda bostanı nə qədər faraş əksən bir o qədər yaxşıdı. Özün ki, bunu əla bilirsən, – mayor qapını çırpdı və UAZ torpaq yolla irəlilədi.

Gülbaharın böyük oğlu İsrafil də üç il əvvəl Ergidə bostan əkmişdi. Ancaq o vaxt yaxşı məhsul əldə edə bilmədi və bostan­çı­lığı atıb, arvadı Mənzurəni də götürüb Sumqayıta getdi. Qayın­larından biri orada təmir-tikinti idarəsində baş mühəndis işləyirdi. Elə onun köməkliyi ilə işə düzəlib ailə yataqxanasında birotaqlı ev də almışdı. Kəndə az-az gəlirdi. Axırıncı dəfə Azərin toyuna gə­lib səhəri günü də qayıdıb getdilər. Gülbahar onun vəziyyətini soruşanda o qədər də razı qalmamışdı. Şəhər yerində fəhləliknən nə qazanmaq olardı? Yenə sovet vaxtı olsaydı bilərdin ki, daimi işi var. İndi zəmanə elə dəyişmişdi ki, sabahkı günə ümid yox idi.



  • Oğul, yoldaşın da hamilədi. Bəlkə qoyasan qalsın kənddə. Mənnən olsa, özün də qayıdıb gələrsən. Burada torpaqla, toyuq-cücə ilə dolanmaq olur, – deyə, Gülbahar İsrafilin ağzını aramışdı.

  • Yox, ay arvad, kənddə əkin-biçinlə çox məşğul oldum. Axırda əlimə nə gəldi? Baxarıq, buralarda dolanışıq tapmasaq, çıxıb rusetə gedəjəm, – deməklə, İsrafil kənddən birdəfəlik çıx­dı­ğını açıqca bildirmişdi.

  • Nə deyim, ay oğul, özün bilən yaxşıdı. Ancaq qorxuram kəndə o vaxt qayıdasan ki, artıq gec ola, – deyən Gülbahar arvad bir daha bu söhbətin üstünə qayıtmamışdı.

İndi Nazər fikirləşirdi ki, böyük qardaşlarından heç olmasa biri buralarda olsaydı, çox yaxşı olardı. İki nəfər üçün əkin ək­mək, təsərrüfat işi aparmaq asandı. Tək adam üçün bu iş nəinki çətindi, hətta ağlagəlməz əzab və əziyyətdi. Hələ heç kəs indiyə kimi Ergidə təkbaşına bostan əkməmişdi.

Nazər əkdi.

Bir hektardan artıq soğan, üç hektara qədər də qarpız-yemiş əkdi. Doğrudur, Hüseyn də ona çox kömək eləmişdi. Arteziyan quyusunu təmir etdirmiş, traktor tapıb yeri şumlatmış, əl işlərinə kömək üçün hərdənbir iki-üç əsgər də göndərmişdi. Bununla belə, Nazər özü bütün günü qul kimi işləmişdi. Üstəlik, düz bir ay dərs­dən də qalmışdı. Özü dərsdən qalmasına baxmayaraq, qardaşı Yavəri dərsdən ayırmaq istəməmişdi. Yavər həftədə bir dəfə ya Elşadın maşınında, ya da rastına çıxan başqa nəqliyyat vasitələrində Nazərə yemək gətirir və axşama da qayıdıb gedirdi.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin