Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə14/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   67
13. Tələbələr
Nazər test üsulu ilə qəbul imtahanlarını verib Politexnik İnstitutun mexanika fakültəsinin gündüz şöbəsinə qəbul olunmuş­du. Onun özündən çox Gülbahar arvad sevinirdi. Arzusu yerinə yet­­mişdi, oğlu ali təhsilli mühəndis olacaqdı. Qohum-qonşular dəstə-dəstə gəlib gözaydınlığı verirdilər. Həmin il kənddə instituta qəbul edilən çoxlu uşaq vardı. Ancaq heç kimin uğuru Nazərinki qədər hay-küyə, sevincə səbəb olmamışdı.

Bunun iki əsas səbəbi vardı: birincisi, kənd camaatı Gülbaharın ailəsinin nə cür çətin­liklə yaşadığını bilirdi və bu əzab-əziyyətlərin qarşısında atasız oğlanın ali məktəbə girməsinə şad olurdular. İkincisi də, Nazər kənddə ən gənc yaşından ad-san, hörmət qazanmış oğlan idi. Uşaq­dan böyüyə hər kəs onun xətrini istəyirdi.

Səbinə də instituta qəbul edilmişdi. O, Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə daxil olmuşdu..

Nazər bu xəbəri eşidəndə ikiqat sevindi. Bu alagöz, nadinc qızın ali məktəbə qəbul olunması özündən asılı olmadan onun qəl­binə bir xoş duyğu yayırdı. Düzü, Nazər qızın qəbul oluna bi­ləcəyinə şübhə ilə baxırdı. Fikirləşirdi ki, bu cür aynaq, zarafatcıl və sataşqan qız ciddi dərs oxuya bilməz. O, bəhanə axtarırdı ki, Kəhrizliyə gedib Səbinəni təbrik etsin, üstəlik də özünün qəbul olunduğunu bildirsin. Bundan əlavə də, Nazər Səbinəni altı aydan çox idi ki, görməmişdi. Onlar qış tətilində rayon olimpiadasında görüşmüşdülər.

Ancaq bəhanə tapmadı və Nazər avqustun 26-da Bakıya get­di, qardaşı Azərgilə.

İndi Azərgil üç nəfər olmuşdular. Onların 3 aylıq qızları var­dı. Bir həftə əvvəl yaşadıqları məhəllənin yaxınlığında başqa bir mənzil kirayə edib ora köçmüşdülər. Bu mənzil iki otaqlı idi və həyəti də əvvəlki həyətə nisbətən geniş və sakit idi.

Nazər təzə ünvanı bilmirdi. O, köhnə ünvana gələndə öyrəndi ki, qardaşı ünvanı dəyişib. Ancaq ev sahibinin uşaqları Azərin təzə ünvanını bilirdilər və onlardan biri, on iki-on üç yaşlarında olan oğlan, Nazəri təzə ünvana aparıb darvazanı göstərdi.

Səhəri gün işdən qayıdıb şam yeməyini yeyəndən sonra Azər qardaşına dedi:



  • Bakı nə təhərdi? Xoşuna gəlir?

  • Nə bilim, şəhərdi də. Qarışıq yerdi.

  • Hazırlaş, düşək dənizkənarı bulvara. Axşamlar Bakının ən gözəl yeri oradı. Düzdü, son vaxtlar baxımsızlıqdan bir qədər kor­lanıb, amma yenə də bulvar bulvardı.

Dənizkənarı bulvarda sinəsi, göbəyi açıq, yubkası dizdən yu­xarı qızların görünüşü ona qəribə gəlirdi. Utanıb çəkinmədən qol­boyun gedən oğlanlarla qızların hərəkətindən az qala özü xəcalət çəkirdi. “Ə, bu camaat nə gündəymiş? Bunların yiyəsi- zadı yox­dumu görəsən?” – deyə, ürəyindən keçirtdi.

Azər qardaşının təəccüblə qımışdığını hiss etsə də dinmir, onun nə təbə düşdüyünə bic-bic göz qoyurdu. Axırda Nazər dillənəsi oldu:

  • Ə, bu camaatda utanan sifət yoxdumu? Şəhər nə axmaq yer imiş?

Azər bərkdən güldü:

  • Nədi, noolub? Camaatdı də. Sənə neyniyirlər?

Nazər başını buladı:

  • Vallah nə deyim? Bəlkə də mən avamam.

Bu zaman zeytun kolunun altında qoyulmuş skamyada bir oğ­lanla qızın ağız-ağıza öpüşdüyünü görüb, Azərin böyrünü düm­süklədi:

  • Day belə də olmaz axı. Şəhərdə abır-həya adında şey yox­muş. Gör neynirlər? Utanmaz uşağı utanmaz!

Azər yenə gülüb onun qolundan tutaraq qabağa itələdi:

  • Ə, işində ol. Şəhərdi də. Sovremenni. Hələ çox şey görə­cəksən.

Bütövlükdə dənizkənarı bulvar Nazərin çox xoşuna gəlmişdi. Bulvarın məhəccərinə söykənib suya şığıyan qağayıların qışqırtı­larına qulaq asmaq ona ləzzət verirdi. Haradansa ağlına əvvəllər rast gəldiyi bir deyim düşdü: “Torpaq, hava, od, dəniz”. Bunlar­dan üçü vardı. Torpaq – sahil, dəniz – Xəzər, hava – qağayıların cöv­lan etdiyi səma. Bəs od?... Od... “Od da var, qəflətən ayılan kimi oldu. Gör ha, heç ağlıma gəlir ki, bəs Bakı özü elə odlar yurdu döyülmü?” – qəlbində bu tapıntısına xeyli sevindi. “Heyif ki, şeir yaza bilmirəm – düşündü – deyirəm axı niyə bu şairlərin çoxu Bakıda olur”.

Birdən yadına Səbinə düşdü. “Bu yarıçılpaq gəzən qızlar har­a, mənim Səbişim hara”- beynində vuruşdurdu. “Mən də o yazığın za­rafatlarına acıqlanırdım”. Ağlında başqa bir fikir dolandı: “Gö­rə­sən Səbinə də bu şəhər qızları kimi sinəsi-başı açıq geyinəcək?” – canından üşütmə keçdi. “Yox, təcili onu tapmalıyam. Kənd uşa­ğıdı, şəhər mühitində təsir altına düşə bilər. Qız uşağını başdan çıxartmağa nə var ki”.

Azərin səsi eşidildi:



  • Ə, çorta getmə, bəri gəl. Gedək, odey, orda adama bir ma­roj­na yeyək, - barmağı ilə irəlini göstərdi – oradan da çıxaq gedək evə.

Nazər düşüncələrdən ayrılıb onun dalınca addımladı.

Nazər Səbinəni sentyabrın axırında tapdı. Həmin gün onların iki dərsi vardı. İkinci dərsin birinci saatından sonra müəllim on­ları evə buraxdı. Tələbə yoldaşlarından biri, Akif adlı oğlan, Nazərə dedi:

  • Vaxtın varsa gəl şəhərə düşək yoldaşdı. APİ-də qohumu­muz var. Həm onu görməliyəm, həm də bir-iki saat gəzib qayıda­rıq.

  • Harda?

  • APİ-də.

Səbinəni görmək həvəsi üstün gəldi.

  • Nə deyirəm, gedək deyirsən, gedək. Elə mən də, orada qo­humumuz oxuyur, görə bilsəm yaxşı olar.

  • Qızdı, oğlan?

  • Qız.

Akif güldü:

  • Getmək sənə məndən də vacib imiş ki?

Nazər dinmədi. Akif soruşdu:

  • Qrupunu bilirsən?

  • Yox.

  • Neçənci kursdu?

  • Birinci.

  • Fakultəsi hansıdı?

  • Riyaziyyat.

  • Gedək də. Ya qismət. Bəxtin varsa, taparsan. Uzaq başı de­kanlıqdan soruşub tapmaq olar. Barı adını, familiyasını doğru-düzgün bilirsənmi?

Nazər güldü:

  • Deyirsən onu da bilmiyim?

Sonra özü sual verdi:

  • Şəhəri tanıyırsan? Birdən gedib oralarda azarıq ha.

  • Ə, gəl, gəl. Sən heç institutu qurtaranda da şəhəri mənim ki­mi tanımayacaqsan. Biz əvvəl burada yaşamışıq. Sumqayıta bir il bundan əvvəl köçmüşük, daha doğrusu evimizi dəyişmişik.

  • Niyə?

  • Atam Sumqayıtda işləyir. Bundan başqa əmilərimin də evləri ordadı. Qardaşlar istəyiblər ki, bir yerdə, yaxın olsunlar.

  • Bakılısız?

  • Əslimiz Göyçaydandı.

Danışa-danışa “Elmlər Akademiyası” metrosuna çatmışdılar.

APİ-də birinci Nazərin məsələsi həll edildi. Dekanlıqdan öy­rəndilər ki, 1-ci kurs riyaziyyat fakültəsi bu binadadır. Nazər qı­zın qrupunu bilmədiyi üçün bayırda qapının qarşısında gözləməli oldu. Akif isə qohumunu axtarmaq üçün üçüncü mərtəbəyə yol­landı.

Saat birdən sonra tələbələr çıxmağa başladılar. Nazər qapı­dan bir qədər aralı dayanıb gözlərini demək olar ki, qırpmadan çı­xanlara baxırdı. “Burada nə çox qız oxuyur?”- düşündü. O, heç vaxt bu çox­luq­da qızı bir yerdə görməmişdi. Özlüyündə fikirləşdi ki, çətin ola­caq. Səbinəni bu qədər qızın içində tapmaq olarmı?

Ancaq tapdı, özü də çox tez.

Səbinə bir dəstə qızın içində qapıdan çıxdı. Yanında başqa bir qız sola dönüb metroya tərəf getməyə başladı. Nazər cəld ad­dımlarla arxadan çatdı:


  • Səbinə!

Qız diksinib bir addım kənara atıldı:

  • Nazər!

Əl verib görüşdülər.

  • Təbrik eliyirəm!

  • Mən də səni! – Səbinə dayanıb onlara baxan tələbə yolda­şı­na tərəf döndü:

  • Ülviyyə, Nazər qohumumuzdu.

Qız bir addım irəli gəldi:

  • Çox yaxşı, mən nə deyirəm ki – zarafatla cavab verib gü­lümsündü.

  • Nazər, Ülviyyə də bizim rayondandı, Hüsülüdən. Mə­nim­lə bir qrupda oxuyur – Səbinə tələbə yoldaşını təqdim etdi.

Nazər qızların əyin-başlarını gözaltı nəzərdən keçirtdi. Bul­varda gördüklərinə nisbətən toya getməli idi.

  • Ay etibarsız, bu vaxtacan bəs harda itib-batmışdın? Adam qohumu belə axtarar? – Səbinə ala gözlərini nazla oynatdı.

  • Vallah çox can atırdım. İmkan olmadı. İndi də elə nagü­ma­na gəlmişdim. Qrupunu bilmirdim, – Nazər üzrxahlıq elədi.

  • 303-dü qrupum.

  • Harda qalırsan?

  • Poluxin küçəsində. Azdramın üstündə. Kəndimizdən bir qız var. AZİ-də oxuyur, 2-ci kursda. Onunla qalıram. Gedərik evi­mizi göstərərəm. Bəs sən harda olursan?

  • Yasamalda. Qardaşımgildə.

  • Bəxtəvərsən ki, mən kvartirant qalıram.

Səbinə çox gözəlləşmişdi. Nazərə elə gəldi ki, bu boyda institut­da ondan gözəl qız ola bilməz. Onun gözləri o qədər cəlb­edici və təsiredici idi ki, nə baxmamaq, nə də baxmaq mümkün idi.

  • İndi evə gedirsiz?

  • Hə, gedirsən? Gəl gedək evimizi də gör. Sonra bəhanə eləmə ki, yerini bilmirdim.

  • Hə, gedərik. Ancaq bir yoldaşımnan gəlmişəm, gərək xə­bərdar eliyim, – çevrilib institutun qapısına tərəf baxdı.

  • Hə, budu gəlir. Tələbə yoldaşımdı.

Akif gəlib yetişdi. Ortalığa salam verib dedi:

  • Deyəsən tapışmısız.

  • Hə, Akif. Gedək yolüstü qızları evə ötürək, oradan da çı­xıb gedərik.

Onlar dördü də marşrut avtobusuna minib Azdramanın qarşı­sında düşdülər.

Orada Ülviyyə onlarla xudahafizləşib ayrıldı.

Darvazaya çatanda Səbinə evlərini göstərib dedi:


  • Bax, biz burda yaşayırıq. Evimiz geniş olmasa da sizə çay verə bilərəm.

  • Yox, – Nazər cəld dilləndi, – Biz getməliyik. Yerini bildim, oldu yaxşı. Özüm gələrəm.

Səbinə başa düşdü ki, Nazər yanındakı yad oğlanın onlara get­məsini istəmir. Bunu elə Akif də hiss etməyə bilməzdi:

  • Hə, bacı, biz getməliyik sağ olun, – deyib, aralandı.

  • Sağ olun, – qız cavab verdi və gözlərini Nazərin gözünə tuş­ladı.

Nazər baxışlarını aşağı endirib:

  • Di sağ ol. Gələcəm, – dedi və dönüb Akifə tərəf getdi. Yol­da çevrilib arxaya baxdı.

Qız darvazadan içəri keçmişdi.

Həmin gecə Nazər demək olar ki, yatmadı. Sevincindən bil­mirdi neyləsin. Ömründə bu günkü qədər sevinməmişdi, hətta instituta girəndə də.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin