10. Azər
Azər əsgərlikdən qayıtmışdı. Qardaşlar öpüşüb-görüşdülər. Azər tanınmaz dərəcədə dəyişmişdi. Əsgərliyə gedəndə arıq, qarayanız bir uşaq idi. İndi enlikürək, hündürboy, möhkəm bədənli bir oğlan olmuşdu. Hətta rəngi də ağarmışdı. O, Moskva ətrafında əsgəri xidmət keçmişdi.
Kənddə Azərin gözaltısı vardı. Bu, lafetsürən Hidayətin bacısı Səadət idi. Orta məktəbi keçən il bitirmiş, lakin təhsilini davam etdirmək üçün heç yana getməmişdi. Kənddə söz yayılmışdı ki, Səadətlə Azər məktublaşırlar. Səadət məktubu Azərin özünə - hərbi hissəyə yazır, cavabı isə Azərin dostu Natiq adlı oğlana yazdığı məktubun arasında alırdı. Natiqin bacısı Sürəyya Səadətin sinif yoldaşı idi və o da məktubu çatdırırdı.
Bu məktublaşma nə qədər məxfi saxlansa da, dedi-qodu, söz-söhbət ordan –burdan sızıb çıxırdı. Məsələdən Çingiz də xəbərdar idi. Əvvəl-əvvəl o, bunu elə-belə uşaq söhbəti hesab edirdi. Sonradan öyrəndi ki, münasibət ciddidir. Söz Gülbahara çatanda arvad narazılığını gizlətməmişdi:
Noolub ey, belə tez? Nə vacibdi? Üstəlik, o qızın bir anası var ki, dillilikdə ad çıxardıb. Çingiz:
Ay ana, dilli olub bizə neyniyəcək? Özləri bilər. Azər onları səndən də yaxşı tanıyır.
Bu söhbət beləcə də bitmişdi. Nazər və Çingizə nisbətən Azər bir qədər fərqli xasiyyətdə idi. O, bir qədər qapalı, ev-eşik işində o qədər də əlli-ayaqlı tərpənməyən, imkan düşən kimi işi-gücü o biri qardaşlarının üstünə atıb aradan çıxan bir adam idi. Buna görə də nə çöl-bayır, nə də ev işlərini yerinə yetirəndə ona ümid bağlamırdılar və iş bölgüsündə də çox vaxt nəzərə almırdılar. Azər ancaq öz xoşu ilə kömək etsəydi edərdi.
Gülbahar əvvəlcədən nəzərdə tutmuşdu ki, evlənən kimi onu ayıracaq. Qonşu arvadlarla bu barədə söhbət düşəndə deyərdi:
Qoy mənə arxayın olub geri qalmasın. Vaxtında ev-eşik sahibi olsun. Həyatın tələbləri ilə ayaqlaşsın.
Əsgərlikdən sonra Azər xeyli dəyişmişdi. Hər bir işlə maraqlanır, xüsusilə də çöl işlərində aktiv iştirak edirdi. İndi Gülbahar da oğlunun nəzərəgələn dərəcədə yaxşıya doğru dəyişildiyini, qoçaq və işdən qorxmayan bir cavan olduğunu görüb ürəyində sevinirdi. “İndi də bu işləsin. Yazıq Nazər dərslərini oxusun. Uşaq lap əldən düşüb. Fağırı it yerinə də, qurd yerinə də hamı buyurur.” –deyə, fikrindən keçirən Gülbahar uşaqlardan heç olmasa, birinin də olsa, ali təhsil almasını çox arzulayırdı.
Səbinə doğrudan da dediyi kimi toya gəldi. O, atası Fərhad, anası Güllü, əmisi Abbas, bibisi Validə və əmisi qızı Gülşənlə birlikdə gəlmişdi. Nazərgildən toya Gülbahar və Azər getdilər. Nazər evdə qalmalı oldu.
Nazər heç nə deməsə də, axşamüstü həyət-bacanı Yavərə tapşırıb özü də toya getdi. Toy kəndin yuxarı məhəlləsində idi. Yaqub adlı bir kişinin oğlunun toyu idi. Nazər onları yaxından tanımırdı. Ancaq bilirdi ki, əsilləri Kəhrizlidəndi, sonradan Bayat kəndinə köçüblər.
Nazər toy mağarına çatanda artıq Abbasgil getməyə hazırlaşırdılar. Kişilər həyətdə dayanıb arvadların çıxmasını gözləyirdilər. Çox keçmədən qadınlar da çıxdılar. Nazər Abbas, Validə, Gülşən və Səbinə ilə görüşdükdən sonra, Səbinənin ata və anasına da baş endirib salam verdi.
Abbas qardaşına:
O oğru Bəşirin axırına çıxan bu oğlandı! – deyib, Nazəri göstərdi.
Hə, ay maşallah, qəhramansan ki!
Fərhad kişi Nazəri başdan ayağa gözdən keçirtdi. Birdən yadına düşdü:
Ə, Yoxsa o “Gürzə- Gürzə” dedikləri budu?
Hə, özüdü ki, var.
Nazər utandığından qulaqlarına qədər qızardı. Fərhad kişi oğlanın utandığını görüb:
Sağ ol, oğlum, – dedi, – bu camaatın canını yaman qurtarmısan o quldurun əlindən. Halal olsun! – Sonra dönüb arvadlara göstəriş verdi:
Oturun gedək! - və RAF-a tərəf addımladı.
Qonaqlar getdilər.
Səbinə Nazərlə kəlmə kəsə bilməsə də, ata və anasının oğlanı görüb xoşladıqlarını hiss etdi. Bu, onunçün önəmli bir cəhət idi. Kim bilir, bəlkə gələcəkdə ortada ciddi bir fikir olsa, onu asanlıqla tanıyacaqdılar və kimliyinə, nəçiliyinə şübhə yeri qalmayacaqdı. Beynində bu cür fikirləri dolaşdıran Səbinə sanki birdən ayıldı: “Axmaqlığıma bax ha, neçə il bundan sonra ola biləcək bir şeyi (bəlkə də heç olmadı!) indidən beynimdə vuruşdururam”. Qəlbində öz-özünə dediyi bu sözlərlə də darvazada “RAF”-dan düşüb keçdi həyətə.
92-ci ilin yazı Nazərgilin ailəsi üçün çox böyük çətinliklərlə yadda qaldı. Çingiz qışda cəbhədən yaralanıb qayıtdı. İki aya yaxın müalicə olunduqdan sonra yenidən cəbhəyə getdi. Onun müalicəsinə pul lazım idi. Pul isə nəinki tapılmırdı, hətta qiymətdən elə düşürdü ki, həftənin əvvəlində inək ala bildiyin pula həftənin sonunda buzov da ala bilmirdin. Ona görə də heç kəs heç kəsə borc da vermirdi. İndi hesablaşma pulu kimi Amerika dolları götürülürdü.
Qardaşının müalicəsi üçün Nazər axırda inəyi satmalı oldu və satdı da.
Novruz bayramına bir həftə qalmış Azər Səadəti qaçırtdı və kənddə heç kəsə bildirmədən çıxıb Bakıya getdi. Gülbahar onun ünvanını soraqlayıb tapandan sonra Nazəri göndərdi ki, getsin onları kəndə gətirsin və el adəti üzrə toy eləsinlər.
Nazər gəlib Bakıda anasının sözünü çatdıranda Azər razı olmadı:
Lazım deyil – dedi – İndi pul-pənə hardadı toya?
Nazər qayıdıb kəndə gedəndən iki gün sonra Gülbahar bir dəst kostyom, bir ədəd də nişan üzüyü alıb özü Bakıya gəldi. Gəlinini öpüb bağrına basdı. Qız ilk baxışdan arvadın xoşuna gəlmişdi.
Azər işə girmişdi. Tikintidə işləyirdi və Yasamalda bir otaqlı ev kirayələyib ailəsilə orada qalırdı. Axşam oğlu işdən qayıdandan sonra Gülbahar onu toy eləməyə razı saldı. (Gəlin gündüzdən razı idi. Hansı qoşulub qaçan qız toydan imtina edərdi ki?)
Oğlum, elimizin adəti var. Mən demirəm ki, sənə təmtəraqla toy eliyəcəm. Amma nə qədər olmasa da bir yığıncaq olmalıdı ki, qonum-qonşu rəsmi evləndiyini bilsin. Xəlvət evlənmək olmaz axı. Adama min cür şunquruq qoşarlar.
Ay ana, mən də istəyərəm ki, toyum olsun də. Kim istəməz? Ancaq vəziyyəti nəzərə alıram. Pulu hardan tapacayıq? – deyə, etiraz etmək istəsə də, arvad onun cavabını verdi:
Pul sənnik döyül, oğul. Toya hamı borc verir. Üç günlüyə alıb toydan yığılan nəmər puluynan da qaytarıb verəcəm. Sən işdən icazə al, bir həftəliyə. Sabah qayıdaq gedək.
Novruz bayramından bir həftə sonra Azərin toyu oldu. Gülbahar çox adam çağırmamışdı. Toyda iştirak eliyənlər əsasən yaxın qohumlar və qonşular idi. Toydan dörd gün sonra Azərgil Bakıya qayıtdılar.
Aprelin əvvəllərində Çingiz cəbhədən iki günlüyə evə gəlmişdi. Yarasını sağaldıb gedəndən sonra ilk dəfə idi ki, evə gəlirdi. Qayıdıb gedəndə cibindən bir az pul çıxarıb Nazərə verdi:
Al pulu, qəndə, çaya, una verin. Bir də həyət-bacada göydən-göyərtidən əkin.
Nazər pulu əlinə alıb o üz- bu üzünə çevirib baxa-baxa (sanki həqiqi pul olub-olmadığını yoxlayırdı):
Həyət-bacaynan iş aşmır. Bostan əkmək lazımdı.
Harda? Kim əkəcək?
Mən. Ergidə.
Çingiz səsini qaldırdı:
Ə, boş-boş danışma. Sənnən bostan əkən olmaz. Otur dərslərini oxu. Cəbhədə vəziyyət xarabdı. Ölkədə başdı-başınalıq baş alıb gedir. Bir-iki aya özüm qayıdıb gələcəm. Qoyun bir görək nə olur?
Nazər cavabını verdi:
Nə olacağını gözləmək üçün yaşamaq lazımdı. Yaşamaq üçün də çörək, çörəyə də pul. Gülbahar xəstədi, görmürsən necə öksürür? Dərman almağa pul yoxdu. Sən də başlamısan ki, qoyun görək nə olur.
Çingiz qardaşının dediklərinin həqiqət olduğunu bilirdi. Ancaq onun tək-tənha bostan işinin öhdəsindən gələ biləcəyinə inanmırdı. Yenə bir şəriki-zadı olsaydı köməkli nəsə eləmək olardı.
Kimnən əkəjəksən, ə, bostanı?
Tək.
Başın xarab olub, nədi? – Çingiz əsgər papağını başına qoyub, avtomatını da çiyninə keçirib həyətdən çıxdı.
Dostları ilə paylaş: |