12. Dözüm imtahanı
İyun ayının ortalarında artıq soğan cücərib çıxmışdı. Nazər bütün günü soğan alağı ilə məşğul olurdu. Həftənin altıncı günü Nazər baxıb gördü ki, yeməyə cəmi bir çörək qalıb, onun da bir üzü kiflənib. O, kifli hissəni bıçaqla qaşıyıb tökdü və kartof qaynadıb çörəklə yedi. Kartof da qurtarmaq üzrə idi. Torbada iki kiloya qədər qalmış olardı. Səhəri gün Yavər gəlməli idi.
Ancaq Yavər gəlmədi.
O, nə səhəri gün, nə də ondan sonrakı gün, nə də ondan sonrakı həftə gəlib çıxmadı. On dörd gün idi ki, Nazərin yanına heç kim gəlmirdi. Onun bütün ərzaq ehtiyatı qurtarmışdı. Nə qənd, nə quru çay, hətta duz da yox idi. İki gün idi ki, o, üç kiloluq şüşə balonda saxladığı pendirlə dolanırdı. Gündüzlər iki dəfə pendirdən kəsib soğanlığa gedir, orada təzə çıxmış göy soğanla pendir yeyir, üstündən də su içirdi.
Bütün günü ağır zəhmət tələb edən alaq otlarını təmizləməklə məşğul olduğundan xeyli zəifləmişdi. Yaxınlıqda nə bostançı, nə də tərkəmə ferması var idi. O, hərbi hissəyə gedib Hüseyndən çörək istəməyi özünə sığışdırmırdı, digər tərəfdən də bostanı kimsəsiz qoyub getmək olmazdı. Təsadüfən keçib gedən tərəkəmə köçləri bu qədər əziyyət çəkib becərdiyi dirriyi otarıb zay edə bilərdi. Hərbi hissəyə gedib qayıtmaq azı 4-5 saat çəkə bilərdi. Bir də ki, müharibənin qızışdığı bir vaxtda kim bilir Hüseyni tapmaq olardı, yoxsa yox. Hələ ki, pendir vardı, dayanıb dözürdü.
Pendir də qurtardı. Nazər öz aclığından artıq kənd barədə narahat idi. Kənddə sözsüz ki, nəsə baş vermişdi.
On səkkizinci gün idi ki, Nazər çörəksiz yaşayırdı. İndi isə heç nə yox idi. O, səhər tezdən çardaqdan düşüb soğanlığa tərəf getdi. Boy vermiş soğanlardan iki-üç zoğ qırıb ağzına qoydu, üstündən bir ovuc su içdi. Belini əyib alaqları yolmaq istəyəndə gördü ki, ürəyi bulanır. Tez başını dikəldib ayağa durdu. Başı gicəllənir, gözlərinə qaranlıq çökürdü...
O, bostan çardağına çıxıb ayaq üstə dayanaraq ətrafa göz işlədikcə nəzər saldı ki, bəlkə bir insan övladı görüb çağırsın.
Heç kim və heç nə yox idi.
Ətraf bozarmış yovşan kollarına bürünmüşdü. Oturub nə edəcəyini götür-qoy etməyə başladı. Ancaq başı daha artıq gicəllənirdi. Uzanıb bir qədər özünə gəlmək istədi.
Onu yuxu tutdu...
Nazər məktəbdən evə qayıdanda bərk acmışdı. Darvazanı açıb həyətə daxil olanda gördü ki, anası Gülbahar təndirə od salır. Ürəyində arvada acığı tutdu. “Özü bilir ki, səhər gecikirdim, ona görə də ac getmişdim dərsə. Bu isə hələ indi təndirə çırpı salır”. Arvad da onu başa düşmüşdü:
Oğul, çantanı qoy artırmaya, qaç bir qucaq quru pambıq çöpü gətir. Darıxma, yarım saata çörək hazır olacaq.
Ayrı əlac yox idi. O, çantanı atıb çöp gətirdi. Təndiri alışdırdı. Ancaq nə iş idisə təndirdə alov göyə qalxıb onun üz-gözünü qarsalasa da, təndir ağarmırdı. Alov getdikcə artır, təndir isə sanki qızmırdı. Nazər yavaş-yavaş əsəbiləşirdi. Axırda yumruğunu düyüb təndirin gövdəsinə möhkəm bir zərbə ilişdirdi... və diksinib yuxudan ayılanda gördü ki, yumruğu çardağın dirəyinə dəyib.
Onun qızdırması vardı.
Xəstələnmək onun halını aclıqdan betər pozdu, bərk dilxor oldu. “Bircə bu çatmırdı. Bu çölün düzündə xəstələnib ölsəm heç kəsin xəbəri olmayacaq”- düşündü.- “İşin tərsiyinə bax, əri döymüş arvadı it də tutdu bir yandan- bax buna deyiblər”
Yadına saldı ki, anası onun cibinə hansısa bir dərman qoymuşdu. Sumkadakı şalvarının ciblərini axtardı, heç nə tapmadı. Sonra yadına düşdü ki, keçən dəfə Elşad gələndə başı ağrıyırdı. Dərman soruşdu və o da cibində olan həbləri ona verdi.
Həmin gün Nazər çardaxdan düşmədi, daha doğrusu, düşə bilmədi. Uzanıb üstünü köhnə cecimlə örtüb bütün günü və gecəni yatdı. Səhəri gün yuxudan ayılanda qızdırması düşmüşdü. Özü də qan-tərin içində idi. Köynəyini dəyişib bostana tərəf getdi. Bir neçə soğan qırıb yedi, üstündən su içən kimi ürəyi böyüdü. Xəstəlik və aclıq onu əldən salmışdı.
Nazər eşitmişdi ki, adam bir aya qədər, bəlkə də çox ac qala bilər. İndi bu sözü yayanları ürəyində lənətləyirdi. Heç üç gün deyil pendir qurtarıb, az qalır adamın canı üzülsün.
Yenidən çardağa çıxıb uzandı. Arxası üstə uzanıb fikrə dalmışdı. Bir qədər götür-qoy etdikdən sonra qərara gəldi ki, düşüb yavaş-yavaş hərbi hissəyə tərəf getsin. “Bostan zad cəhənnəm olsun” – düşündü.- “Canımı da pula qurban verəsi deyiləm ha”.
Hazırlaşıb çardaqdan düşmək istəyirdi ki, bir hənirti eşitdi. Boylanıb dinşədi. Heç kim yox idi. Hənirti təkrar eşidildi, deyəsən qoyun da mələdi. Səs gələn tərəfə üzünü döndərəndə gördü ki, otuz-qırx addım aralıda bir toğlu nədənsə hürküb çardağa tərəf bir neçə addım atdı. Nazər ətrafı nəzərdən keçirdi. Heç kəs yox idi. Nə qoyun otaran vardı, nə də köç. “Qəribədi, bu quzu hardan gəlib bura çıxıb?” düşündü.
Quzu ağzını bozarmış otlara uzadıb qırmaq istəyəndə o tərəfində nədənsə yenidən hürküb çardağa tərəf bir az da yaxınlaşdı. Nazər düşənə qədər quzu gəlib düz çardağın altına, kölgəyə girdi.
Nazər quzunun belindən yapışıb tutdu və onun hürkdüyü tərəfə baxanda gördü ki, böyük bir gürzə ilanı sürünüb çardaqdan uzaqlaşır.
O, quzunun ortasına ip salıb çardağın dirəyinə bağladı. Sonra tüfəngi götürüb gürzəyə tərəf tuşladı. Ancaq tətiyi çəkməyə əli gəlmədi. Bəlkə də bu elə Bəşiri çalan gürzəydi. Hər nə olursa- olsun aclığın bıçaq kimi kəsdiyi bir vaxtda, insanlardan kömək kəsildiyi bir zamanda Erginin qamışlığından buracan quzunu hürküdə-hürküdə gətirib ona vermişdi! Onu öldürmək böyük günah olardı. Tüfəngi kənara qoyub quzunun yanına gəldi. “Bəlkə ilan onu çalıb” – beynindən keçdi: “onda onun ətini yemək olmaz ki”.
Sonra fikirləşdi ki, gürzə onu çalmış olsaydı quzu indi çoxdan ölmüşdü. Ya da xəstəlik əlamətləri bilinərdi. Quzu isə sap-sağlam görünürdü. Hər ehtimala qarşı qərara gəldi ki, quzunu axşam saat beşə-altıya qədər saxlasın. O vaxta qədər yiyəsi çıxmasa (onsuz da yiyəsi çıxsa da ya quzunu alacaqdı, ya da yiyəsindən çörək), yaxud quzu zəhərdən ölməsə kəsmək olar.
Vedrəni arxdan doldurub quzunun qabağına qoydu. Quzu xeyli su içdi. Sonra bir qucaq yaşıl ot yığıb onu da dirəyin dibində quzunun yanına qoydu. Quzu otu yeməyə başladı. Nazər çardağa çıxıb uzandı. Uzanmaqdan əvvəl ətrafı bir də nəzərdən keçirdi. Heç kəs görünmürdü. Fikrində bu toğlunun (bu, hardasa 4-5 aylıq erkək bir quzu idi) buralara necə gəlib çıxa biləcəyini vuruşdurdu.
Böyük ehtimal belə idi ki, gecə Ergi qobusu ilə tərəkəmə köçü gedib və quzu aralanıb qamışlıqda qalıb. Düz saat 5 tamamda Nazər çardaxdan düşüb quzunun yanına gəldi. Quzu qarnı tox, kefi saz idi. Dirəyin dibində yatıb kövşəyirdi.
Nazər bıçağını çıxarıb bir qədər itilədi və bircə anın içində quzunu kəsdi. Onu soyub dəridən çıxarmaq heç iyirmi dəqiqə çəkmədi.
Bir neçə dəqiqədən sonra tonqalın közünün üstündə kabab cızıldayırdı. Heyf ki, duz yox idi. Ancaq Nazər bunu doyana yaxın hiss etdi.
O, yeyib doyandan sonra ocağın ətrafını yır-yığış edib odu söndürmək istəyirdi (çardağa od düşə bilərdi) ki, maşın səsi eşitdi. Gələn Elşadla Yavər idi.
Onlar maşından düşənə qədər Nazər özünü çatdırıb soruşdu:
Elşad:
Nazər Yavərə qışqırdı:
Ə, sənnənəm, kənddə nə hadisə baş verib? Karsan?
Heç nə olmuyub, anam xəstələnmişdi.
Necə xəstələnmişdi? İndi sağalıb?
Köhnədən soyuqdəyməsi varmış, ciyərlərində. On gün xəstəxanada yatdı. Dünən çıxıb.
Yaxşı, bəs o boyda kənddə bir nəfər tapılmadı ki, mənim dalımca gəlsin? Bəs bilmirsiniz ki, bu çöl-biyabanda ac-susuz insan necə yaşıya bilər?
Elşad:
Doğrudan, bu iyirmi gündə nə yeyib dolanmısan? Mən də yox idim ey, tutub cəbhə zonasına sursat daşıtdırırdılar.
Nazər Elşada ac qaldığı barədə heç nə demədi. Ancaq Yavər ora-bura baş çəkib gördü ki, yeməyə heç nə yoxdu. (Nazər ətin üstünü kənarda örtmüşdü)
Uşağın gözləri yaşla dolmuşdu. Qorxusundan ağzını açıb danışmırdı ki, ağlamaq tutmasın. Nazər onun vəziyyətini hiss etmişdi.
Ə, nə bilim, ətdən-zaddan yeyib başımı birtəhər saxlamışam də. Kənddən çox nigaran idim, – deyib, Nazər ətin üstündən örtüyü götürdü.
Maşallah, lap kefdəsən ki, qardaş canı. – Elşad quzu ətinə əlini vurub – Ə, özü də əmliy ətidi, lap körpə.
Nazər cavab vermədi. Ətdən kəsib bir az Elşadgilə, bir qədər də öz evlərinə yolladı.
Həmin yay Nazər çox əziyyət çəkdi, ağır zəhmətə qatlaşdı. İnsafən əməyi də öz bəhrəsini verdi. Yaxşı məhsul əldə etdi və yaxşı da sata bildi. Kəndə qayıdanda əlində xeyli pulu vardı. Həmin pula istəsə işlənmiş minik maşını da ala bilərdi. Düzdü, tay-tuşları bu barədə ona çox deyirdilər. Ancaq Nazər cavab verirdi ki, oxuyub instituta girməlidi, maşından vacib işlər hələ çoxdu.
Avqustun axırıncı günləri Nazər bazardan bir yaxşı inək alıb gətirdi. On birinci sinifin kitablarını aldı, özünün və qardaş-bacısının əyin-başını təzələdi. Gülbahar arvad xəstələnəndə bir az borc almışdı, onu verdi. Bu arada Çingiz bir həftəliyə evə gəlmişdi. Nazərin bostan uğuruna çox sevindi. İndi o kiçik qardaşına uşaq kimi yox, etibarlı bir arxa kimi baxırdı.
Dostları ilə paylaş: |