Fly out, leap out və steal away tərkibi feillərinin sem strukturunun təhlili bu strukturların tərkibində mühiti, hərəkət üsulunu, hərəkətin xarakterini, sürətini, zamanını və təkid dərəcəsini differensiallaşdıran semlərin olması aşkara çıxır. Come və come in feillərində belə semlər yoxdur. Antonim cütlərindəki sözlərin sem strukturlarının bü cür qeyri-bircinsliyi onların semantik diapozonunu azaldır və antonim cütlərindəki vahidlərin eyniölçülü olmaması nəticəsini çıxarmağa əsas verir. Semantik diapozonun inteqral sem+bir diferensiallaşdırıcı antonim sem+üst-üstə düşməyən differensial semlər (hərəkət üsulu, xarakteri, sürəti və s.) modeli vektor tipli kvaziantonimlər üçün səciyyəvidir.
“Dilçilikdə come və go feillərinin sinonim və ya antonim olması ətrafında mübahisələr davam etsə də, onlar antonim cütlər kimi ingilis dilinin antonimlər lüğətlərində qeyd olunurlar” [117, s.12].
Lüğətlərdə yer almayan okkazional antonimlər də vardır. Məsələn, Love will creep, where it may pot go (Məhəbbət gedə bilmədiyi yerə sürünür); Learn to creep before you leep (Tullanmaqdan əvvəl sürünməyi öyrən); Learn to crawl before you run (Qaçmaqdan əvvəl sürünməyi öyrən).
Crawl və creep sinonim feillərinin iştirakı ilə yaranan crawl – walk, crawl –run, creep –go, creep –walk və creep –leap kimi antonim cütlərində bu feillərin asimmetrik sem strukturu aşkardır. Lakin bu antonim cütlərdə hərəkətin bir-biri ilə müqayiəsəsində əks istiqamətlik yoxdur. Burada əkslik hərəkətin üsulu, sürəti, zamanı və təkid dərəcəsi parametrlərinin yozumu ilə bağlıdır. Qeyd edilən parametrlər antonim cütlərdə sem diapozonunu məhdudlaşdırır. Crawl – walk, creep – walk və creep – go antonim cütlərində hərəkətin sürət parametri yalnız birinci elementlərin sem strukturunda ifadəsini tapır. Bu vahidlərdə hərəkətin ləngliyi eksplisit şəkildə özünü göstərir. Bu antonim cütlərin ikinci elementlərində hərəkətin sürəti parametri implisit ifadə olunur. Onların sem strukturunda hərəkətin ləngliyi və sürətliliyi semi potensial mövcuddur və yalnız kontekstdə bu parametrlərin hərəkətin sürətinə görə qarşılaşdırılması prosesində üzə çıxır. “Crawl-run və creep-leap antonim cütlərində hərəkətin sürəti əlaməti antonimlərin bütün komponentlərinin sem strüktüründa ifadəsini aşkar, eksplisit tapır. Bu zaman hərəkət üsulunu ifadə edən semlər vektor əksliyini göstərmir. Belə antonim cütlərin semantik diapazonu okkazional antonimlər üçün səciyyəvidir” [185, s. 84].
Rush – to tread antonim cütünün semantik diapazonunda hərəkətin sürətinin differensial semi yalnız kontekstdə aktuallaşır. Belə antonim cütü də okkazional antonimlərə aiddir.
M.R.Lvov yuxarıda qeyd etdiyimiz okkazional antonimlərin rus dilindəki qarşılıqlarını kontekstual antonimlər kimi vermişdir [133].
Okkazional antonimlərin yaranmasında iştirak edən leksemlərin sinonim münasibətlə bağlılığı faktı diqqəti cəlb edir. Belə cütlərin hər bir vahidində «hərəkət» kateqorial-leksik semi vardır. Lakin hərəkətin baş vermə üsulu həmin sözlər üçün sem strukturundakı fərqləndirici sinonim əlamət kimi çıxış edir: come, go, walk, tread, run, rush, fly, crawl, creep, leap.
He that never climbed, never fell.
(Heç vaxt qalxmayan, heç vaxt yıxılmaz/duşməz).
One may sooner fall than rise (Qalxmaqdan daha tez yıxılmaq olar). Bu nümunələrdə hərəkət vertikal ox üzrə gedir. Onlarda rise və climb sözləri fall ilə qarşılaşdırılır. Antonim cütləri əmələ gətirən əks istiqamətliyi bildirən diferensial semlər vardır. Hərəkət yuxarı və aşağıdır. Climbed-fell antonim cütündə kvaziantonimlik əlaməti olmalıdır. Çünki hərəkətin sürəti və üsulu, parametrləri üst-üstə düşmədiyinə görə semantik diapozon sıxılır.
Nəzərdən keçirilmiş antonim cütlərinin semantik diapozonunda parametrlərə görə oxşarlıq çox olduqca, onlar daha güclü antonim münasibətdə olurlar. Belə cütlərdəki sözlər arasında daha tam korrelyasiya mövcuddur. Bu cütlər antonimlərdir. Lakin onların hər biri vektor antonim olmur.
Oppozisiya metodu leksik vahidlərin semantik və sem strukturlarının təyinində çox effektiv nəticə verir. Bu metod belə quruluşların hansı komponentlərinin müxtəlif tipli antonimlər yaratmasını müəyyənləşdirməyə imkan verir.
Semantik diapozon ideyası antonimlər nəzəriyyəsinin antonimlik və bircinslilik, eləcə də antonimlərin semantikasının simmetrikliyi kimi mühüm məsələlərə işıq salmağa kömək edir.
Antonimlər semantik və struktur xüsusiyyətlərə malik sözlər sinfidir. Bu cəhətdən antonimlər dilin digər semantik söz qruplarından fərqlənir. Antonim cütə daxil olan sözlər arasında güclü semantik əlaqə vardır. Bu əlaqə konseptual təbiətə malikdir. Antonim sözlər arasındakı semantik əlaqə şüurda təzadın dayanıqlı assosiativ obrazını yaradır. Bir sıra antonimlər nitqdə yaranır, nitqdə fəaliyyət göstərir və inkişaf edir. Antonimlər əkslik üzrə qarşılaşdırma və potensial əkslik əmələ gətirir. Antonim münasibət bütün adlandırma sistemini əhatə edir. Ona görə antonimlik dilin daxili fundamental xassəsidir. Dil inkişaf etdikcə antonimlər sinfi genişlənir. Antonimlərin sinfinin dəqiq sərhədi yoxdur və bu sinif açıqdır. Qeyd edilən cəhət antonimlərin bütün tiplərinə, o cümlədən vektor antonimlərə də aiddir.
Antonimlik mütləq dil univarsalisidir. V.A.İvanova antonim cütünə daxil olan sözlərdə əks məna əlaqəsinin nəzərə alınmasını vacib şərt sayır [105, s.100].
L.N.Dudko və M.M.Mirzoyeva antonim cüt təşkil edə biləcək sözlərin əhatə dairəsini müəyyənləşdirməyə üstünlük vermişlər. Onların fikrinə görə, “məntiqi əkslik dildə keyfiyyəti adlandıran, hərəkətin, halın, əlamətin əksliyini ifadə edən sözlərdə, eləcə də bəzi digər leksik vahidlərdə, məsələn, zaman və məkan koordinatlarının adlarında gerçəkləşir”. Müəlliflər antonimliyin ümumi (invariant) əlamətini antonim cütə daxil olan sözlərdən birinin izahında son həddin inkarının olması ilə bağlayırlar. Məsələn, girmək – çıxmaq (girmək – hərəkət edərkən müəyyən məkana daxil olmaq, çıxmaq – hərəkət edərkən müəyyən məkanı tərk etmək; müəyyən məkanda olmaq və ya olmamaq [100].
Bu cür antonim cütlər vektor antonimlərdir. Hərəkət bir obyektə ya yönəlir, ya bir obyektdən kənara çıxır. Bu vektor antonimlərdə girmə və çıxma nöqtələri məlumdur. Haradan gəlmək və hara getmək istiqamətləri və nöqtələri isə məlum deyildir. Belə istiqamət və nöqtələr kontekst əsasında müəyyənləşdirilə bilər.
Antonimlik eyni mövcudiyyətin, yəni tamın daxilində yer alır. Antonimlər həmin tamı keyfiyyətə, hərəkətə, hala, istiqamətə və s. görə diferensiallaşdıraraq, eyni zamanda, həm əksliklərin son həddini, həm də əlaqəsini göstərir. Məsələn, isti və soyuq temperatura aiddir. Soyuq mənfi istiqamətdə, isti müsbət istiqamətdə son həddir. Isti və soyuq bir-biri ilə qarşılıqlı əlaqəli anlayışlardır. Onlardan biri olmazsa, ikincisinə ehtiyac qalmır. Isti soyuğa, soyuq istiyə görə təyin olunur. Doğrudur, bu iki anlayış arasında neytral və digər vəziyyətlər də vardır. Digər vəziyyətlərin olması qeyd olunan cütün dərəcələnən antonim olmasını təsdiq edir. Lakin termometr şkalası nəzərə alınarsa, mənalar iki əks istiqamət alır və cüt vektor antonimlərə yaxınlaşır.
Sintaktik konstruksiyaların antonimliyi törəmədir və tərkibdəki leksik vahidlər hesabına əmələ gəlir. Vektor antonimlik sintaktik konstruksiyalı antonimlərdə də özünü göstərir. Evdən çıxmaq – evə girmək.
Antonimlərin bir qismində əkslik əlaməti dərəcələnmiş deyil, binar şəkildə özünü göstərir. Bu zaman antonim cütdəki bir sözün mənasının inkarı ikinci sözün mənasına gətirir. Binar münasibətlə antonimlikdə aralıq vəziyyət yoxdur. Ona görə də binar qarşılaşdırmada ziddiyyət əkslikdə üst-üstə düşür. Məsələn, ölü-diri.
Müəyyən hərəkətin başlanğıc və sonunu ifadə edən sözlər də antonim cütlər yaradır və vektor antonim olurlar.
Dostları ilə paylaş: |