II FƏSİL İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ANTONİMLƏRİN MƏNTİQİ-SEMANTİK SPESİFİKASI
Əkslik tipinə görə antonimlərin dörd tipi vardır: 1) vektor antonimlər; 2) dərəcələnən antonimlər; 3) komplementar antonimlər; 4) antonim konversivlər.
Antonimlərin müqayisəli təhlili onların ayrı-ayrı tipləri üzrə aparıldıqda müqayisə olunan dillərdə əksliyin ifadəsi ilə bağlı oxşar və fərqli cəhətlərin aşkara çıxarılması üçün geniş imkanlar açılır. Antonimlərin qeyd edilən dörd tipini ayrı-ayrılıqda müqayisəli təhlilə cəlb edək.
Antonimlərin bu tipində əkslik istiqamətlə bağlıdır. Ədəbiyyatda vektor antonimlərin izahında istiqamət çox zaman ümumi şəkildə götürülür. Anlayışın adlandırılmasında istifadə edilən, riyaziyyata aid olan “vektor” termini isə istiqamətin dar və geniş mənasını qəbul etmir. Aydındır ki, termin bir sahədən digərinə köçürülərkən onun mənasında dəyişmə baş verə bilər. Termin yeni bir anlayışı ifadə edə bilər. Riyazi terminin dilçiliyə köçürülməsi, tarnsformasiya edilməsi bir qədər fərqli formadadır. Dilçilik terminologiyasında ayrılıqda götürülmüş “vektor” termini yoxdur. Bu termin “vektor antonim” terminoloji birləşməsinin bir komponentidir. Təyin olunan anlayış bu iki sözün birləşməsi əsasında müəyyənləşdirilir. Termin-söz birləşməsində terminoloji yük “antonim” terminin üzərində cəmləşir. Buna baxmayaraq, birləşmə tərkibindəki riyazi termin özünün terminoloji semini bu və ya digər mənada anlayışa əlavə edir. Qeyd edilən terminoloji sem istiqamətdir. Riyaziyyatda vektor istiqaməti və qiyməti olan vahiddir. İstiqamət və ya qiymət eyni zamanda olmazsa, vektor anlayışı təyin olunmur. Xətti cəbrin termini olan vektorun müxtəlif növləri vardır.
Vektor – başlanğıc və son nöqtələri göstərilmiş parça.
Son nöqtə parçanın ox işarəsi qoyulmuş ucudur. Vektorun digər ucu başlanğıc nöqtədir.
Oxunur: “AB vektoru”, “MN vektoru”.
Vektor antonimlər fəaliyyətin, əlamətin, ictimai hadisənin əks istiqamətliyini ifadə edir. Məsələn, gəlmək - getmək, qalxmaq -düşmək, düşmək –çıxmaq, yandırmaq - söndürmək, inqilab-əksinqilab və s.
L.A.Novikov vektor antonimlərdən bəhs edərkən rus dilinə aid aşağıdakı misalları verir: “vxoditğ –vıxoditğ, naçinatğ – perestavatğ, skleivatğ –raskleivatğ, soedinətğ – razedinətğ, faşistskiy –antifaşistskiy və s.” [149, s. 88-89]. Bu cütləri Azərbaycan dilinə tam adekvat şəkildə tərcümə etmək olmur. Yapışdırmaq – qoparmaq, faşist – antifaşist cütlərinin tərcüməsi antonim cütü kimi ifadəsini tapırsa, başlamaq – dayanmaq cütü Azərbaycan dilində ayrılıqda götürüldükdə antonim cüt yaratmır. Müəllifin faşist –antifaşist antonim cütündə də istiqamətin olması fikri vektora münasibətdə mübahisə doğurur. Bu iki söz arasındakı istiqamətliliyin çıxış və giriş nöqtəsi yoxdur. Əkslik var, lakin əksliyin konkret istiqaməti yoxdur. Qoparmaq – yapışdırmaq antonim cütündə istiqamət təyin olunur. Qoparmaq prosesində A predmet iki hissəyə (B və S) bölünürsə, istiqaməti şərti olaraq göstərmək olar.
Qeyd edilən şəkildə istiqamətləndirmə faşist –antifaşist, inqilab –əksinqilab, inqilabçı – əksinqilabçı, başlamaq – dayanmaq üçün səciyyəvi deyildir.
Antonim sözlərin semantik-məntiqi xarakterini, başqa sözlə desək, əksliyin semantikasını aşkara çıxarmaq üçün aşağıdakı mövqelərdən çıxış etmək olar:
-eyni bir predmetə aid olma və aid olmamaq;
-hərəkətin, keyfiyyətin, halın və s. istiqamətliyi və istiqamətsizliyi;
-keyfiyyətin dərəcəsi (dərəcələnmə və qeyri-dərəcələmə);
-qarşılaşdırılan tərəflərin hər birinin müsbət məzmunu, onların bir-birini mütləq tamamlaması (komplementarlıq).
Antonim oppozisiyaların struktur və semantik imkanlarının başa düşülməsi nitqdə antonimlərdən rasional istifadə etməyə imkan verir. Nitqdən rasional istifadə etmək çoxmənalı sözün ən informativ variantını seçməklə də bağlıdır. Bu isə dilin leksik zənginliyində yaradıcı şəkildə bəhrələnməkdir.
Antonim cütün hər bir üzvünün mənasını müəyyənləşdirmək, onların leksik birləşmə sərhədlərini təyin etmək üçün həmin sözlərin müxtəlif mənaları (söz çoxmənalı olduqda) ilə əlaqəsinin xarakterini aşkara çıxarmaq lazım gəlir. Məlumdur ki, eyni bir söz eyni vaxtda müxtəlif antonim münasibətdə ola bilər. Söz fərqli leksik-semantik paradiqmaların tərkibinə daxil olur. Antonimliyin çoxmənalıqla sıx bağlılığı başqa əlamətlərlə bir yerdə leksik vahidlərin sistem münasibətlərini, onların qarşılıqlı asılılığını göstərir. Bu zaman antonim cütü təşkil edən sözlər özlərinin fərqləndirici (differensial) əlamətlərini saxlayırlar. Onu da qeyd edək ki, çoxmənalı sözün əksər mənaları dildə antonim cütü yaratmaq imkanına malik olur.
Sözlər arasındakı antonim münasibətlər sinonimlərdə olduğu kimi sıra deyil, yalnız binar qarşılaşdırma əmələ gətirir. Belə münasibətdə konnotativ məna rol oynamır. Bu ondan irəli gəlir ki, obyektə müxtəlif tərəflərdən baxılmır, obyektlər bir əlamətə görə qarşı-qarşıya qoyulur. Həm sinonimlik, həm də antonimlik ümumi əlamətin varlığına əsaslanır. Dilin sözlərinin əksəriyyəti qarşılaşdırma əlamətinə malik olmadağına görə onlar üçün antonimlik münasibəti mümkün deyildir.
Antonim əlaqə ilə müəyyən əlamətin təzadlı şəkildə ifadə olunması anlayışın aktuallaşmasına kömək edir, ifadənin ekspressivliyini gücləndirir. Nümunələrdə tam antonimliklə (young-old) yanaşı, natamam və ya kvazi antonimlər (swift-slow; saints-sinners və s.) də vardır. Vektor antonimlərə rus dilində aid edilmiş nümunənin Azərbaycan dilinə tərcümə edilmiş başlamaq –dayanmaq variantı məhz kvaziantonim münasibəti ifadə edir və vektor antonim kimi qəbul edilə bilmir. Bu cəhət həm də ayrı-ayrı dillərdə olan hər bir antonim cütünün başqa bir dildə də olmasını təsdiq etmir. Bir dildə vektor antonim olan cüt başqa dilin müvafiq mənalı və yaxın mənalı sözlərinin qarşılaşdırılması zamanı başqa antonim tipi yarada bilər.
Antonim korrelyasiyanın semantik sistemləşdirilməsini müxtəlif növ semantik komponentlər üzrə aparmaq mümkündür. Bu məsələni ingilis və Azərbaycan dillərinin materialları üzrə hərəkət semantikalı komponenti olan antonim cütləri əsasında nəzərdən keçirmək mümkündür. İngilis dili materialları üzərində aparılmış müşahidələr göstərir ki, bu qrupdakı antonim cütlər antonimlərin bütün məntiqi-semantik tiplərini əhatə etmir.
Qrupun əsas səciyyəvi cəhətlərindən biri burada qradual (kontrar) və komplementar (kontradiktor) antonimlərin müşahidə edilməməsidir.
Hərəkət istiqamətə malikdir, yəni hərəkət müəyyən nöqtədən başlanır və başqa bir nöqtəyə yönəlir. Belə olan təqdirdə hərəkət bildirən sözlər əsasında əmələ gələn antonimlər vektor antonim olur. Başqa şəkildə istiqamətlənmə həmişə vektor antonim səciyyəsi daşımır. Zənnimizcə, vektor antonimlər haqqqında elmi fikirlərdə mübahisə doğuran cəhətlər vardır. Əgər biz yapışdırmaq və qoparmaq feillərini bir-birindən ayırma və bir-birinin üzərinə salma kimi yozuruqsa, vektor antonimlik yaradırıq. Lakin yapışdırmaq bir obyekt, qoparmaq başqa obyekt üzərində yer alırsa vektor antonimlik əldə olunmur.
İstiqamət üzrə qarşılaşdırmanın əsas hissəsini vektor antonimlər təşkil edir. Vektor antonimlər arasında reversiv feillər ascend-descend, rise-fall, raise-lay daha çoxdur. Qeyd edək ki, reversivlər (reversives) terminini ilk dəfə A.Kruz istifadə etmişdir. O, verdiyi təsnifatda semantikasında hərəkət və ya əks istiqamətdə yerdəyişmə olan feilləri adlandırmaq üçün bu termindən istifadə etmişdir [188].
“Semantik asimmetrik oppozisiyaya əsaslanan come-depart, climbed-fell, falling-standing, to bed-to rise antonimlər kvaziantonim zonası yaratsa da, vektor antonim səciyyəli cütlər əmələ gətirir. Burada obyektlərin fərqliliyi qəbul edildikdə vektoriallıq xüsusiyyəti itir” [187, s.76].
Antonim cütlərə daxil olan sözlərin mənasında əkslik onların ümumi semantik fazasının – “hərəkətin istiqaməti” sahəsinin dixotomik bölgüsünün nəticəsi ola bilər. Nitq şəraitində bu sözlər binar oppozisiya təşkil edirlər. Belə cütlərə daxil olan sözlərdən birinin mənasının inkarı digərinin mənasının təsdiqinə çevrilir. Qeyd edilən cəhət V.Mixaylovun “istənilən antonim qarşıdurma kontradiktorlıq və tamamlama münasibətinə əsaslanır” fikrini də təsdiq edir [141, s.56].
Tərkibində hərəkət semantikası olan sözlərlə əmələ gələn antonim cütlər arasında affiksal antonimlər də qeydə alınır: ascend-descend. Mənanın dəyişdirilməsi üçün latın prefikslərindən (a-, de-) istifadə olunmuşdur.
Hərəkət semantikalı vektor antonim cütlərdən ingilis dilində frazeologizmlərdə daha yüksək tezliklə come – go antonim cütü işlənir.
Light come, light go.
Dostları ilə paylaş: |