Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə22/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Açıq sarı – sarı – tünd sarı

Açıq qırmızı – qarmızı –tünd qırmızı

Analoji qaydada açıq çay – (normal) – tünd çay sırasını qurmaq mümkündür. Lakin “acı çay” və “şirin çay” birləşmələrində belə neytral aralıq vəziyyət yoxdur. Çay - şirin çay sırasında intensivləşmə şirinliyin miqdarı ilə bağlanır.



Çay – kəmşirin çay – şirin çay –çox şirin çay.

Keyfiyyət həmişə müəyyən bir predmetə aid olur. Əks təqdirdə keyfiyyət özünü göstərə bilməz. Keyfiyyətin diametral əks tərəfləri və neytral vəziyyəti vardır. Keyfiyyət əksliyin hər iki istiqamətində intensivləşəndir. Məsələn,



Acı – acıtəhər – normal – şirintəhər – şirin.

Soyuq– soyuqtəhər – normal–ilıq –isti.

Keyfiyyəti predmetə aid etdikdə bəzən müəyyən istiqamətdə intensivləşmə getmir.



Çay-kəmşirin (şirintəhər) çay-şirin çay.

Bu sırada çayın keyfiyyətinin acı istiqamətində intensivləşməsi baş vermir. Əgər keyfiyyətin şiddətləndirmə (sifətin şiddətləndirmə) dərəcəsini (çox/lap şirin çay) nəzərə almasaq yuxarıdakı sırada qütbləşmədə solda neytral vəziyyət, sağda keyfiyyətin normal maksimallıq həddi (şirin) durur. Iki qutb və aralıq vəziyyət vardır (I qütb: çay; aralıq vəziyyət: kəmşirin çay; II qütb: şirin çay). Belə hallarda dildə qarşılaşdırma üçün tam əsas yaranır. Yəni qütblərin, qütb və aralıq vəziyyətin müqayisəsi mümkündür, gerçəkdir. Madam bir predmetin keyfiyyətcə fərqlənən üç növü vardır, onlar müqayisə olunandır və dil bu müqayisəni dil vasitələri ilə ifadəsini gerçəkləşdirməlidir. Çay-şirin çay qarşılaşdırmasında çatışmazlıq vardır. İkinci tərəfdə keyfiyyətin müsbət istiqamətdə intensivləşmə dərəcəsi göstərilir, birinci tərəfdə isə intensivləşmə, keyfiyyət dəyişməsi haqqında informasiya yoxdur. Əslində çay neytral vəziyyəti ifadə etdiyinə görə onun keyfiyyətə görə əlavə təyin olunmasına ehtiyac yoxdur. Lakin intensivləşmə biristiqamətli olduğundan aralıq mövqedə kəmşirin/şirintəhər çay durur. Bu, çayın neytral vəziyyətini göstərməsə də, qütb deyil, aralıq mövqeni tutan haldır. Müqayisə isə qütblərarasıdır. Məhz bu cəhətdən dil belə müqayisəni gerçəkləşdirərkən qütbün birində istifadə olunan keyfiyyət göstəricisinin antonimini digər qütbə şamil edir. Keyfiyyətin limit hədlərinin müqayisəsinin dil vasitələri ilə ifadə edilməsində çox zaman bu cür seçim, yəni antonim cütün ikinci və ya birinci tərəfinin seçimi reallaşdırılır. Nəticədə acı çay – şirin çay qarşılaşdırması yaranır. Yəni çay keyfiyyətinə görə acı olmasa da o, qütblər üzrə müqayisə zamanı acı çay kimi təqdim olunur.

O, səhərlər şirin çay da içməzdi. Bir stəkan acı çay içib çölə çıxır, üstündən bir siqaret çəkərdi”.

“Şirin” keyfiyyəti bir sıra meyvələrə aid olduqda keyfiyyət bir istiqamətdə “şirin”ə doğru, əks istiqamətdə isə “turş”a doğru intensivləşir. Bu zaman orta neytral vəziyyət qalır. Məsələn,

Turş alma-turşməzə alma-alma-kəmşirin alma-şirin alma

Turş alça-turşməzə/turştəhər alça-alça-kəmşirin/şirintəhər alça-şirin alça

Turş nar - turşməzə nar - nar - kəmşirin (mələs) nar - şirin nar və s.

Qutblərarası müqayisə zamanı keyfiyyətin məntiqi əks tərəflərindən biri “turş” sözü olur. Nəticədə keyfiyyət əksliyi “turş-şirin” söz cütləri ilə ifadəsini tapır. Deməli, turş və şirin antonim cütü təşkil edir.

Aparılan təhlil iki məsələyə aydınlıq gətirir. Birincisi, keyfiyyət biristiqamətli intensivləşdikdə sintaktik səviyyədə müqayisə zamanı predmetin keyfiyyətinin mənfi və müsbət istiqamətdə maksimal intensivləşməsini bildirən sözlər işlədilir (acı çay-şirin çay; acı qəhvə-şirin qəhvə). Ikincisi, predmetə xas olan əks keyfiyyətlər bir-biri ilə antonim cüt yaradır (turş-şirin); turş nar-şirin nar).

Antonimlərin bir qismində eyni bir keyfiyyətin, xassənin, hərəkətin və s. müxtəlif dərəcəsini ifadə edən semantika özünü göstərir. Belə antonimlərdə məntiqi olaraq dərəcələnmə imkanı vardır: gənc-orta yaşlı – ahıl – qoca. Bir sıra antonimlər (məsələn, konversivlər) dərəcələnmə əlamətinə malik deyillər. Məsələn, ana-ata, kişi-qadın və antonimlərdə aralıq mövqeyə heç bir söz girə bilmir.

Qradual antonimlərin yaratdığı sıranın təşkiledicilərinin bir-birinə yaxınlaşma və uzaqlaşma dərəcələri vardır. Tam əkslik qütblərdə yerləşən vahidlərdə özünü göstərir. Aralıq vahidlərdə yaxınlaşma dərəcəsinin ölçülmə miqdarı bəlli olmur. Yəni kəmşirin və şirin sözlərinin hansı səviyyədə bir-birinə yaxın olmasını dəqiq təyin etmək mümkün deyildir. Kəmşirin “şirin keyfiyyətinin natamamlığını göstərirsə də tamlama ölçüsü barədə məlumat daşımır.

Ingilis atalar sözlərində antonimik korrelyasiyanı tədqiq etmiş N.V.Saroqo­redseva “Better a wee fire to warm us than a mickle fire to burn us” atalar sözündə “mickle” sifətinin dialektdən götürülmüş “wee” sözü ilə antonimik münasibətə girdiyini qeyd edərək yazmışdır: “Wee (çox kiçik, kiçicik) sifətinin sem strukturunda kəmiyyət dəyərləndirməsini dəqiqləşdirən sem mövcud olduğuna və bu antonimlər qradual şkala üzərində mərkəzdən müxtəlif istiqamətlərdə yerləşdiyinə görə, həmin korrelyasiya kvaziantonimlik cərgəsinə aiddir” [176].

Beləliklə, aydın olur ki, dərəcələnən antonimlərdə tamlıq şərti nisbi səciyyə daşıyır. Qütbdə yerləşən antonimlər tamlıq dərəcəsini dəqiq göstərmir. Bu cür cütlər yalnız kontekstdən təcrid olunmuş şəkildə bir-birini sanki tamamlayır. Lakin onları müəyyən kontekst daxilinə saldıqda qütbləşmənin nisbi səciyyə daşıması qənaətinə gəlmək olur.

Dildə bir-biri ilə müəyyən meyara görə qütbləşmə yaradan söz cütləri antonim münasibət yaradır. Antonimlik dil vahidlərində əkslik, ziddiyyət, əlamət, yaxud keyfiyyətin varlığı və yoxluğu, iki vahidin müəyyən cəhətdən bir-birini tamamlası nəticəsində meydana çıxır. Antonim münasibəti təyinetmə meyarları arasındakı fərqlilik onları müxtəlif növlərə ayırmağa əsas verir. Qradual antonimlər ayrıca bir növ təşkil edir. Qradual antonimlərdə antonimik münasibət qütblərdə yerləşən vahidlər arasında şərti mənfi və müsbət istiqamətlərdə əlamət və ya keyfiyyətin intensivləşmə dərəcəsinə görə fərqlənən əlavə vahidlər yerləşir. Müxtəlifsistemli dillərdə, o cümlədən ingilis və Azərbaycan dillərində qradual antonimlər müəyyən çoxluq təşkil edir. Bir dildə olan qradual antonimlərin başqa bir dildə də qarşılığı olur. Qütblərdə duran sözlərin qarşılıqları qradual antonim cütü yaradır və qraduallığın sistem səciyyə daşımasını təsdiq edir.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin