12 iyul, 2012
YARIMÇIQ QALMIŞ KİTAB
“Nərgiz” nəşriyyatında növbəti kitabımı çapa hazırlayırdıq. Həmişə olduğu kimi, bu dəfə də işlərin çoxunu – mətnin yığılması, səhifələnməsi, tərtibatı, üz qabığının hazırlanması və s. – işgüzar nəşriyyat işçisi Yeganə İmanova öz üzərinə götürmüşdü. Müharibə əlili olduğumu və daha çox vətənpərvərlik mövzusunda yazdığımı əsas götürərək mənə xüsusi qayğı göstərən bu həssas insan, əlində yarımçıq işlər olduğuna görə bu dəfə sifarişimi vaxtında yerinə yetirə bilmədi. İncik halda xahiş etdim ki, imkan daxilində işi bir qədər sürətləndirməyə səy göstərsin.
-Nahaq tələsirsiniz! Hər şey öz vaxtında olmalıdır. Həm də nəzərə alın ki, kitab çap olunanadək gizli xəzinədir, çünki oxucular onun içindəkilərdən xəbərsizdir. Çapdan sonra oxunur və hər şey adiləşir! – deyə Yeganə xanım təbəssümlə üzümə baxdı və heyrətləndiyimi görüb əlavə etdi. – Zarafat edirəm! Gələn həftə sizin kitabı yekunlaşdırarıq.
Əfsus ki, bu işi başa çatdırmaq ona nəsib olmadı:
29 iyul 2012-ci ildə o, işdən evə qayıdarkən yol qəzası nəticəsində faciəli surətdə dünyasını dəyişdi. Həm onun ömür kitabı, həm mənim nəşrə hazırlanan kitabım, həm də başqa müəlliflərin hələ işıq üzü görməyən kitabları yarımçıq qaldı. Öz kitabıma görə kədərlənmədim; bu kitab bir ay, yaxud bir ildən sonra da oxucuya təqdim oluna bilərdi. Lap uzağı nəşr etdirməmək də olar!...
Ancaq Yeganə xanımın ölümü məni dərindən sarsıtdı. Ona görə ki, bütün ömrünü qayğılar içərisində keçirən bu fədakar ana yeganə övladının toyunu belə görmədən dünyasını dəyişdi. İndiyədək yüzlərlə kitabı nəşrə hazırlamaqla mədəniyyətimizə gərəkli xidmətlər göstərmiş bu nəcib, cəfakeş qadının xatirəsini bədii sözlə yad edərək bir qədər təsəlli tapmağa çalışıram.
Varmı alın yazısı? İnamım yoxdur buna!
Son mənzilə çatmamış sən ömrü vurdun sona.
Əzrayıl sürücütək girib məkrli dona.
Kəsdi başın üstünü bir qəddar cəllad kimi.
Qayğılar çox olsa da, daim üzün gülərdi,
İşinlə gizlədərdin çəkdiyin ağrı, dərdi.
Hər kitab yarananda qəlbin şadlıq edərdi.
Əllərin çırpınardı bir qoşa qanad kimi.
Sən mehriban bir qadın, sən qayğıkeş anaydın;
Öz yolunla gedirdin – fikrin, məsləkin aydın.
Sevsən də ayparanı, sən özün bütöv Aydın,
Yad belə baxmayırdı sənə özgə, yad kimi.
Yaşayardın sərvətə, var-dövlətə biganə,
Gülərdin əyləncəni, rahatlığı seçənə.
Ad qoyan kəs adını düz seçmişdi: Yeganə!
Yaddaşda qalacaqsan daşıdığın ad kimi!
07 avqust, 2012
Dostları ilə paylaş: |