QOCA QARTAL, CAVAN QARTAL
Günlərin birində uzaqları seyr edib gələn cavan bir qartal qoca qartala dedi: “Niyə sən bizi bu dar qayalığa sıxışdırıb durmusan? Heç bilirsənmi dünyada necə geniş yerlər, əzəmətli qayalar var”. O zaman qoca qartal ah çəkib quşları çağırdı: “Əzizlərim, - dedi, - mən daha qocalmışam, gözlərim yaxşı görmür. Özünüzə ayrı bir başçı seçin”. Quşlar səs-səsə verib: “Biz sənsiz dolana bilmərik”- dedilər. Dünya görmüş qoca qartal: “Yox, səhv edirsiniz, - dedi. – Bax. Bu cavan qartalı özünüzə başçı seçın, - dedi. Indi onun qanadları mənimkindən qüvvətlidir. Onun gözləri daha uzaqları görür”. Quşlar fikirləşdilər, sonra ah çəkib, qoca qartalın sözünü təsdiq etdilər.
R.Rza
ALAGÖZ
İlyasın ala gözlərində maraq qığılcımları parlayırdı. Atasının danışdığı bu şirin tarixin hər sözü onun uşaq qəlbini dərin bir həyəcanla çırpındırırdı. Ata danışdıqca İlyasın xəyalında əfsanəvi bir aləmin, sirli bir dünyanın qorxunc gözəlliklərlə dolu səhnələri canlanırdı. Hələ İlyas dörd yaşında olanda qonşuları Püstə qarının nağıllarını yorulmadan dinlərdi. Çox vaxt balaca İlyası yatırmaq üçün ona Püstə qarının nağıllarını söyləmək, ya Püstə qarının özünü çağırıb söylətmək lazım gəlirdi. Ilyasın anası kürd qızı idi. Kürd qızı öz ellərinin qəhrəmanlığı, təhlükələrlə dolu əfsanələrini söylədikcə İlyas bütün varlığı ilə ona qulaq asar, nağılın qəhrəmanları ilə gülər, onlarla ağlardı. Bir dəfə İlyas səkkiz aylıq ikən anası onu otağın ortasından asılmış yüyürükdə yelləyə-yelləyə qəmli bir kürd mahnısı mızıldayırdı. Körpə nəğməni diqqətlə dinləməyə başladı. Nəğmənin həzin və riqqətlə dolu ahəngi uzandıqca, körpə dodaqlarını büzərək ağlamağa başladı. Anası bu hadısəyə o qədər diqqət vermədi. Belə təsadüf azmı olur... lakin sağlam və həmişə gülər uşağın birdən yanıqlı-yanıqlı ağlaması qadında bir “maraq” oyatdı. O, balaca İlyası güldürməyə çalışaraq “pişt-pişt” deyə, onun çökəkli çənəsini barmağı ilə basdı; bir az əvvəl gözündən yaş tökən İlyas şirin-şirin güldü. Uşağın bayaq nə üçün ağladığını müəyyən etmək istəyən anası bir az əvvəl oxuduğu həzin, qəmli nəğməsini təkrar başladı. Uşağın gülən dodaqları qönçə kimi büküldü, o, yenə ağladı.
Bu hadisədən sonra İlyasın yanında qəmli mahnılar oxumurdular. Uşağın belə həssaslığını görən anası: “Allah vergisidir, uşaq bəlkə də müqəddəs zat olacaqdır. Yaradan onu övliy-yalar torpağından yaratmışdır” – deyə düşündü.
Kiçik qəlbin çırpıntılarında gələcək böyük cahan şairinin ruhunu duyan olmadı.
İndi İlyasın on yaşı var idi. Onlar hər il bu yoldan gəlib yaylağa gedərdilər. Təbiətin xarüqəli əli bu sakit gölün zümrüd sinəsini yaradırkən nə böyük sənətkarlıq göstərmişdir. İnsan xəruqalından yüksəkdə duran, rəngdən-rəngə çalan büllur göl, buludların, çiçəklərin titrəyən görkəmlərini, əlvan rənglərini sinəsinə alaraq axıdır və heç bir zaman axıdıb qurtara bilmirdi. Onu bürüyən varlıqla, əfsanələr, köl-gələr bu dalğalardan çıxmaq istəmir, ondan ayrılmırdı. Yalnız qoca dağların arxasında gizlənən axşam günəşinin nar çiçəyi kimi qızaran şəfəqləri alovlu bir qılınc kimi suların göy qınından sıyrılıb çıxdığı, zaman, bütün meşələrin, buludların, çıçəklərin, qayaların titrəşən görkəmli xallı kəpənək qanadı kimi çırpınaraq, dərinliklərə batır, yox olurdu. Lakin təbiət öz gözəlliklərini yalniz buraxmırdı. Həris bir qısqanclıqla bu nadir gözəli qoynuna almış dağlarda kölgələr də əriyincə, təbiət öz xəyal pərisinə ulduzlar karvanından bir alay elçi göndərir, sirli gecələrin boşluğunda ağ novruz-gülünə bənzər ulduzlar yerə tökülür, sularda üzür, oynayırdı. Bəzən də ləkəsiz üfüqlərdən qalxan qırmızı ayın saldığı ləkəsiz işıq sütunu bu canlı aynanı ikiyə bölür, sonra da ay qalxdıqca işıq qısılaraq, qaynayan bir nur bulağı kimi gölün ortasında xırda qızıl parçaları halında atılıb-düşürdü.
Bu, dağlar gözəli Göy göldür. İndi İlyas atası ilə onun yanında dayanmışdı. Bir kənarda ala palazla örtülmüş arabanın yanında saxsı qabda xörək bişirdi. İlyasın atası ailəsini ördək gölündən bir az yuxarıda qurulmuş binələrə yaylağa - aparırdı.
Gölün qırağında düşərgə salmışdılar. İlyas hər il buradan keçəndə, saatlarla dayanıb, suyu kimi rəngi də axan, dəyişilən gözəl gölə heyran-heyran baxırdı. Ancaq atasının söylədiyi bu əfsanə kimi sirli həqiqəti, atasının gözü ilə görüb danışdığı bu tarixi İlyas birinci dəfə idi ki, eşidirdi.
İlyasın atası göy sahilə doğru gələn bir balığı göstərərək:
- Görürsənmi, İlyas, - dedi, - sənin keçən il bura buraxdığın balığın balalarıdır. Bir neçə il sonra onların sayı-hesabı olmayacaq.
İlyas mənalı gözlərini atasına dikərək dinmədi. Sonra balaca əlləri ilə atasının ətəyindən yapışıb:
- Atacan, söhbətini kəsmə, - dedi, saxsı qab qayıran Aslan kim idi?
Atası davam etdi:
- O, Xəlilin oğlu idi. Ağır təbiətli, boylu-buxunlu bir igid idi. Atası qocalmışdı. Aslan Gəncəçayının günçıxanındakı rastabazarda olan bir komacıqda səhəng, küp saxsı qazan qayırıb, onunla güzəran edirdi. Bir gün səhəng almağa gələn bir kəndlinin yanındakı qız Aslanı valeh eləyir. Bütün qonşulara səs yayılır ki, Mürsəlin oğlu aşıq olub, Məcnun kimi nə gecəsi, nə də gündüzü var. Demə, qız da oğlanı görən kimi ona vurulub. Biz iki könülün arasına girmərik. Doğrudan da, həm qız oğlana, həm də oğlan qıza layiq idi, hər ikisi tovuz kimi rəng verib. rəng alır, qoşa ceyran kimi bir-birinə bənzəyirdi. Qızın atası şəhərimizin yanındakı Sərkərli kəndindən idi. Bir gün, payızın əvvəl ayı köç dağdan qayıdanda, həmin indi bu Göy göl olan yerdə bizim kimi, Mürsəl kişi düşərgə salıb. Qızın məhəbbətindən gecə-gündüz bilməyən Aslan da Alagözlünü hər gün görmək, ondan təsəlli almaq üçün köçün izini tutub dağa gəlib: üç ay yayı ördək dərəsinin meşələrində quşlayıb, ovlayıb dolanıb. Hər gün səhər Ağ bulağın başına gələr, səhənglə su daşıyan Alagözə baxar, Alagöz də ona baxar, uzaqdan-uzağa gözlərinin dili ilə bir-birinə könüllərinin yaralı dastanını danışar, ayrılarlarmış...
Deyirlər ki, Aslan bu səhəngi qayıranda, onun torpağına bir damcı öz qanından qatıbmış. Ona görə də Alagöz səhəngdən sevgilisinin iyini duyarmış. Dediyim kimi, səkkiz il bundan irəli payızın əvvəl ayında Mürsəl kişinin düşərgəsi həmin bu yerdə düşüb, Aslan da o taydakı meşənin bir yerində dayanıb Alagözün bulaq başına gəlməsini gözləyirmiş.
Söz vaxtına çəkər. Belə bir axşamüstü imiş. Birdən hay-haray qopur, atlılar çaparaq düşərgənin yanındakı Kəpəzə tərəf qaçırlar. Bunlar Balaxanın adamları idi. Onlar yaraladıqları bir maralı qovurdular. Bir qaşqa kəhər belində çaparaq keçən Balaxan, çiynində səhəng, suya gedən Alagözü görüb atını saxlayır. Yoldaşlarını səsləyərək:
- Mən maralımı tapdım, - deyərək, - atdan düşür, qıza yaxınlaşır:
- Sən kimin qızısan?
Qız gözləri qan çanağı kimi qızarmış xanı görəndə nitqi quruyur. Xan:
- O səhəng nəkarədir ki, sənin kimi nazəninin çiyninə minib! – deyə, vurub səhəngi sındirmaq istərkən, Alagöz səhəngi qucaqlayır. Bunları uzaqdan görən Aslan ley kimi xanın başının üstünü alır və ikicə kəlmə:
- Ona dəymə! – deyir.
Gözü qızmış xan dağınıq saçlı, cındır paltarlı bu adamı görüncə:
-
Bu kimdir? – deyə soruşur.
Alagöz başını qaldıraraq dik xanın gözlərinə baxır:
-
O mənim yavuqlumdur, - deyir.
Xan qəzəbindən durduğu yerdən sıçrayır və qayalardan səs qaytaran bir gurultu ilə:
- Qız, yaxşı bax, mənə də bax, ona da. De görüm sən kimin ovusan? - deyə soruşur.
Alagözün yanaqları lalə kimi qızarır. Ala gözlərində yaş damlaları:
-
Xan sağolsun, mən bu oğlanı sevirəm, - deyir.
Bu sözləri eşidən xan haray çəkib dəstəsini başına yığır və yanındakı kəndbaşıya:
- Çıxart bu qızın sağ gözünü, belə bir cındırı məndən artıq görən bir göz yerə tökülməlidir, – deyir.
Qoca Mürsəl kişinin fəryadına, göz yaşlarına baxmayaraq, Alagözün sağ gözünü çıxarırlar. Qızın çıxmış gözü buradan axan ağ bulağa düşür. Yetmiş adam tərəfindən zəncir ilə qolları bağlanıb qoca palıd ağacına sarılmış Aslan Alagözün yuvarlanıb suya düşən gözünü, yerə sərilmiş cansız bədənini görəndə, deyirlər, bir nərə çəkir, bir nərə çəkir ki, Kəpəzin başı silkələnir. Qopan bir tufan ətraf meşələrin ağaclarını, yüz illik palıdları yarpaq-yarpaq tıtrədir. Kəpəzin sinəsi yarıq-yarıq olaraq, başındakı daş qayalar yerindən qopub üzüaşağı gəlir. Xanın bütün adamları daşların altında qalıb məhv olur. Kəpəzin qopub gələn qayaları Ağ suyun qabağını kəsir. Nərəsindən dağları titrədən Aslanın ruhu da bu nərə ilə bədənindən çıxır. O gündən bəri bu gördüyün göl Alagözün sağ gözü kimi dolğun və aladır. Burada gördüyün bu qoca palıd Aslanın bağlandığı ağacdır. Görürsən, budaqları elə uzanıb ki, elə bil qollarını uzadıb öz sevgilisinin gözünə bənzəyən bu Göy gölü qoruyur. O qanlı faciənin baş verdiyi payızın əvvəl ayında, həmin bu günkü gün hər il Göy gölün rəngi qızarır. Bəziləri deyirlər ki, onu batan günəşin işıqları qızardır. Ancaq bu ətraflarda dolaşan və sonra daşların altından yaralı çıxardıqları Mürsəl kişini bir gün sonra o dikdirin üzərində basdıran çobanlar deyirlər ki, bu qızartı Alagözün xan tərəfindən çıxarılmış qanlı gözüdür. Bu gözü o vaxtdan bəri qoynunda saxlayan Göy göl ildə bir dəfə qanlı ala göz kimi görünür.
Oğlum, sənə vəd elədiyim hekayət budur.
İlyasın gözlərindən axan yaşlar sakit-sakit yanaqlarından süzülürdü. O, durduğu yerdən bir daha Göy gölə baxdı. Doğrudan da, batan günəşin son işıqlarında göl ala bir gözə oxşayırdı. Ancaq bu ala gözün titrəyən sahillərində qan kimi qırmızılıq vardı.
Balaca İlyasın qəlbində azad sevgini qanla susdurmaq istəyən azğınların qəzəbinə qurban olan gözəl Alagözün xatirəsi üçün belə gözəl bir abidə yaradan təbiətə mehriban bir duyğu oyandı. O fikirləşdi: Bəlkə də bu tarix atasının danışdığı kimi olmamışdır. Bəlkə də bu bir əfsanədir. İlyas bunu düşünərkən, qurumuş gözləri təzədən yaşardı. Lakin bu yaşlar artıq kədər yaşları deyildi. Bu, sevinc yaşı idi. O düşünürdü, bu tarix belə olmasa da, xalq onu belə yaratmışdir. Xalq öz məhəbbətinin, öz nifrətinin ölməz abidəsini belə qurmuşdur.
A.Zöhrabbəyov
Dostları ilə paylaş: |