HAMIMIZ BİR GÜNƏŞİN ZƏRRƏSİYİZ (s.34-35)
«Gülzar», Bakı 1912, s.70. Birinci və dördüncü nəşrlərə daxil edilmişdir. Avtoqraflarda şerin yazılış tarixi 1910-cu il göstərilir. Burada axırıncı nəşr əsas götürülmüşdür.
SÜKUTUMDAN ŞİKAYƏTÇİ BİR QADINA (s.35)
«İqbal» qəzetində «Sükutumdan şikayət edənə» adı ilə çıxmışdır (29 dekabr 1913, № 541). Birinci, ikinci və dördüncü nəşrlərə daxil edilmişdir. Avtoqraflarda şerin yazılış tarixi 1910-cu il göstərilmişdir. Müəllifin bəzi düzəlişlər etdiyi son variant əsas götürülmüşdür.
SON BAHAR (s.36)
«Gülzar», Bakı, 1912, s.60. Bütün nəşrlərə daxil edilmişdir. Burada son nəşr əsas götürülmüşdür. Avtoqraflarda şerin yazılış tarixi 1910-cu il göstərilmişdir.
QIŞ (s.36)
«Gülzar», Bakı, 1912, s.66-67. Bütün nəşrlərə daxil edilmişdir. Son nəşrin mətni əsas götürülmüşdür. Avtoqraflarda şerin 1910-cu ildə yazıldığı göstərilir.
DAĞLAR SULTANI (s.37-38)
«Məktəb» jurnalı, 9 iyun 1912, № 14, s.211-212. Bütün nəşrlərə daxil edilmişdir. Şerin avtoqrafları ilə ilk nəşri arasında əhəmiyyətsiz fərqlər vardır. Burada son nəşr əsas götürülmüşdür. Nəşr tarixi avtoqraflarda və nəşrlərdə yanlış olaraq «1913-cü il» göstərilmişdir. F.Köçərlinin Qoridən A.Şaiqə göndərdiyi 10 oktyabr 1911-ci il tarixli mətbuatdan görünür ki, şer həmin ilin yayında yazılmışdır. Məktubda deyilir: «…bizim dağların gözəl mənzərələri təbi-şeriyyənizə bir növ təhrik verib təzə fikirlərin və təzə xəyalların doğmasına səbəb olubdur, …»Dağlar sultanı» kimi gözəl bir əsərin vücuda gəlməsidir».
Bu məktubdan aydın olur ki, A.Şaiq F.Köçərliyə çobanlara həsr edilmiş bir neçə şer göndəribmiş. Bunların bizə ancaq biri məlumdur.
İNTİZAR (s.38-39)
«Gülzar», Bakı, 1912, s.111-112. Bütün nəşrlərə daxil olan bu şer rus şairi İ.V.Nikitindən (1824-1861) təbdil edilmişdir. Avtoqraflarda şerin yazılış tarixi 1911-ci il göstərilir.