2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.
Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələn-dirilir: "Beynəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcı-lar, satıcılar və vasitəçilər arasında həyata keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1
Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların arasındakı nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə dünya ticarətinin həcmi və dinamikası haqqında məlumatlar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xidmətlərin ümumi məbləği kimi verilir.
Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, geniş-lənmiş və beynəlxalq əmtəə-pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sənayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal etdikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər.
Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhran-larla üzləşmişdir. Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böh-ran ikinci dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri ara-dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci dünya müharibəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəlmişdir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2% olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həcmi də artmışdır. Məsələn, o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd., 1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir.
Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, detalların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasiyalaşdırma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommersiya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xidmət göstərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miqyasda ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dünya ticarətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qarşısının alınmasına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |