Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə192/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   188   189   190   191   192   193   194   195   ...   211
5. Son dönəm ədəbiyyatı
Sovetlərdə yuxarıdan başlayan yenidənqurma və aşkarlıq hərəkatı qumuq ədəbiyyatına da öz təsirini göstərdi. Beş ilə yaxın gözləmə mövqeyi tutan yazıçı və şairlər 1990-cı ildən sonra daha cəsarətli görünməyə başladılar. 70 il adının çəkil­məsı belə yasaq olan, xüsusən dini mövzuda yazılan əsərlər araşdırıldı, nəşr edildi. Bu baxımdan Erpeli Şıxammat Qadının Kərbəlada peyğəmbər Məhəmməd Əleyhissəlamın nəvəsi Imam Hüseynin dəstəsi ilə birlikdə qətlə yetirilməsinə həsr edil­miş “Hüseyinin xəbəri” ağısı (mərsiyə) diqqətiçəkəndir.

Şeyit Xanım Alişeva (1949), Badrutdin Mahammadov (1943), Atav Atayev (1949), Jaminat Kerimova (1949), Baha­vut­din Hacıyev (1950), Supiyanat Mamayeva (1958) və b. milli və dini mövzulara diqqəti artırdılar. Xalqın həqiqi tari­xinin bədii əksi olan bir sıra maraqlı əsərlər də ortaya çıxdı.

Lakin bu proses uzun sürmədi. Çeçenistanda başlayan milli azadlıq hərəkatı, Dağıstandakı Rusiya rejiminə qarşı açıq və gizli müqavimətlər hakimiyyət dairələrini bərk qorxuya saldı. Milli və dini mövzular terrorçuluq kimi qiymət­lən­diril­məyə başladı. Təqib və təzyiqlər formasını dəyişsə də davam etdirildi. Beləcə sözdə demokratiyadan dəm vurulsa da əməldə yenə qadağalar hökm sürməyə başladı.

Iqtisadi sıxıntılar, çap olunan kitabların alınmaması da milli və dini mövzuda bədii əsərlərin çoxalmasına əngəl oldu. Buna görə də ədəbiyyatda yenidənqurma, keçmişin tənqidi əsas mövzu olsa da Rusiyanın bölgədəki işğalçılıq siyasəti hələ də olduğu kimi verilən bədii əsərlərə rast gəlinmir. Yazıçı və şairlər həyatlarını, dolanışıqlarını təmin etmək üçün bədii yara­dıcılıqdan çox başqa işlərlə məşğul olurlar. Teatrların durumu ağırlaşdığından yeni tamaşalar hazırlaya bilmirlər.

Qumuqlar Azərbaycanın lap yaxınlığında olan türk toplumu olmasına baxmayaraq ədəbi əlaqələrimiz kəsilmiş kimidir. Sovetlərin çöküşündən sonra milli məsələyə diqqət artsa da qumuq ədəbiyyatının son nailiyyətini özündə əks etdirən elə bir ciddi əsərə Azərbaycanda rast gəlinmir. Toplantılarda türkçülükdən, türk xalqlarının yaxınlaşmasından çox danışılsa da Rusiyanın təzyiqindən ehtiyatlanan Azərbaycan hökuməti qumuqlara 1920-ci illərdə olduğu kimi yardım edə bilmir. Nəinki yardım etmir, heç mövzunu gündəmə gətirmək, onlar üçün kadrlar hazırlanması qayğısına qalınmır. Televiziya və radiolarda ən yaxın qonşularımızdan olan qumuqlar haqqında verilişlər də yox dərəcəsindədir. Təkəmseyrək, az tirajla çap olunan qəzet-jurnallardakı kiçik nümunələri nəzərə almasaq son otuz ildə qumuq ədəbiyyatından Azərbaycan türkcəsinə çevrilmiş irihəçmli əsər yoxdur.

Qumuq ədəbiyyatı tarixinin öyrənilməsində əsas ağırlıq Abdulkadir Abdullatipovun üzərinə düşmüşdür. Indiyədək onun 8 monoqrafiyası, ali məktəblər üçün proqramları və. s. çap olunmuşdur. Qumuq ədəbiyyatşünaslarının fikrincə, Da­ğıs­tan xalqları içərisində qumuqların ədəbiyyatı Azərbaycan ədəbiyyatı ilə daha yaxından səsləşir.


Sonuc
Sovetlər Birliyinin çöküşü ərəfəsində M.S.Qorbaçovun baş­ladığı „yenidənqurma“ hərəkatı ədəbiyyata da öz təsirini gös­tərdi. Dağıstanda yaşayan qumuqlar „Tenglik“ adlı ictimai təş­kilatlarını qurdular. Salav Aliyev, Şeyit Xanım Alişeva kimi aydınlar bu təşkilatın öncüllərinə çevrildilər. Rusiyanın xüsusi xidmət orqanları milli dəyərlərə yiyə çıxmaq uğrunda başlanan hərəkatı zəiflətmək üçün çoxmillətli Dağıstan xalqları arasında nifaq saldı. Lakin siyasi sıxıntıya, iqtisadi çətinliklərə bax­ma­yaraq, bölgədə ədəbiyyat inkişafdadır.

Onlar ata-babalarının yaratdığı mənəvi sərvətlərə yiyələn­məyə, həqiqəti, öz köklərini öyrənib bədii dillə xalqa çatdır­ma­ğa çalışırlar, buna görə də qumuq yazıçı və şairlərinin yara­dicılığında publisistika son illər daha qabarıq şəkildə özünü gös­tərir. Bu proses qumuq ədəbiyyatşünaslarını keçmişə yenidən baxmağa, ədəbiyyat tarixlərini XIX yüzildə yaşamış Yırçı Ka­zakdan deyil, kökləri miladdan öncəyə gedən ümumtürk ədə­biyyatından başlamağa sövq edir.



Qumuq ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük xid­məti olmuş prof.dr. Çetin Pekaçar yazır: “Kumuk edebiyatının geliş­me­­sine katkı sağlayan şu şair ve yazarları da gösterebiliriz: H. Anvar, Ibrahim Kerimov, Absalam Askerhanov, Sracdin Tok­bolatov, Aliberiyev, Alipaşa Umalatov, Izamit Asekov, Ab­dulla Abakarov, Abdurahim Abdurahmanov, Muhtar Ali­yev, Patimat Abukova, Israpil Isayev, Akay Akayev, Biysoltan Hacimuradov, Abdulhamit Tatamov, Vahit Atayev, Maham­mat Kadırov, Abdulmecit Mecidov, Mahammatbek Osmanov, Ma­hammat-Şapi Minatullayev, Abzaydin Hamidov, Maham­mat Ata­bayev, Ahmat Caçayev, Sahadulla Abusuyev, Uzlipat Ib­rahimova, Mahammat-Nabi Halilov, Badrutdin, Abdul-Ke­rim Zalimhanov, Latip (Hacakayev), Mahammat-Amin Adil­ha­­nov, Şeyit-Hanum Alişeva, Atav Atayev, Caminat Kerimo­va, H.(Ha­ciyev) Bahavdin. Bu saydıklarımızın hepsi de Tan­çolpan der­gisinin 1994'te çıkan Xaligi Qumuq Şairler “Bugün­kü Kumuk Şairleri” özel sayısında seçme şiirleriyle yer almıştır.”

Badrutdin “Yoldaş” qəzetinə 1 iyul 2011-ci ildə verdiyi müsahibəsində ədəbiyyatın sabahına ümidlə baxdığını söyləyir və Musa Şixavovun, Kazim Kazimovun, Nabiyulla Maham­madovun, Gebek Qonaqbiyevin, Gereyxan Hacıyevin, Supiy­nat Mamayevanın, Gögürçün Atayevanın, Ruqiyat Ustarxa­no­vanın, Zulayxa Atakişiyevanın, Alpiyat Zakavovanın, Gülü­sümün adlarını çəkir (Harunov Reşit, 2011:1 iyul)

Çox təəssüf ki, Azərbaycanda Çetin Pekacar kimi qumuq ədəbiyyatını ardıcıl öyrənən və tanıdan, əlaqələri yeni mərhə­lədə və yeni baxışla işıqlandıran bir araşdırıcıya rast gəlmirik. Elmi texniki inkişafın belə sürətlə gəlişdiyi bir dövrdə, bil­gisayarın hər şeyi asanlaşdırdığı və sürətləndirdiyi bir zamanda Azərbaycanda qumuqlara maraq 1920-ci illərdəki qədər ol­maması ürəkağrıdıcı bir haldır.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin