Abdulxamid Şarşembi ulu Canıbekov (1879-1955). Çağdaş noqay ədəbiyyatının inkişafında və formalaşmasında böyük xidməti olan Abdulxamid etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1926-cı ildə Bakıda kecirilən Birinci Türkoloji Qurultayda iştirakı onu yaradıcılığına təsir etmiş, milli məsələyə diqqətini artırmış və o, türk xalqlarının latın qrafikalı vahid əlifbasının yaradılması uğrunda çalışan aydınların sırasına qoşulmuşdur.
1928-ci ildə Moskvada “Karaydar man Qızılgül” lirik poeması işıq üzü görmüşdür. O, Moskvada, eləcə də Kazanda çap olunan “Beznen yol” (Bizim yol) jurnalında folklor materiallarını çap etdirmişdir. Onun topladığı folklor nümunələri 1935-ci ildə Mahaçqalada “Avıl poezyası”, 1940-cı ildə Pyatiqorskda (Beş tau) “Xalk yırları em erteqiler” (S. Dautovla birlikdə), 1949-cu ildə I.Kapayevin tərcüməsi ilə rus dilində Stavropolda çap olunmuşdur. O, yaşlaşdıqca bədii yaradıcılıqdan daha çox elmi araşdırmalarla məşğul olmuşdur. Karaçay-Çərkəz Vilayətinin arxivində onun dördcildlik “Söz xazinası” və “Istoriceskiy oçerk noqayskoy literaturı” kitablarının əlyazması saxlanılır.
Abdulxamid Canıbeyovun 1918-ci ildə “Noqay toyu” adlı pyes yazdığı qaynaqlarda göstərilsə də, günümüzədək gəlib çatmamışdır.
Abdulxamid Canıbeyov çoxsahəli ədəbi, elmi, pedaqoji fəaliyyətlə yeni bir ədəbi nəsil yetişdirmişdir (Litеrаturа..., 1999:234).
Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybeliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışmışlar. Bununla yanaşı, Xasan Bulatıkov 1936-cı ildə yazdığı “Fatimat” pyesi ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoymuşdur.
Dostları ilə paylaş: |