Alimpaşa Salavatov (1901, Tersk vilayətinin Yaxsay kəndi-1942, Ikinci Dünya Savaşı). Ilk yaradıcılığa Zeynalabidin nəşr etdirdiyi „Tanq çolpan“ jurnalında və „Işçi xalq“ qəzetində nəşr edilən əsərlərin təsiri altında başladığını yazırlar. Bakıda təhsil alması onun yaradıcılıq yolunu dəyişmişdir. 1931-ci ildə Dağıstan Pedaqoji Institutunu bitirdikdən sonra kəndlərindəki məktəbdə və Buynakskdakı pedaqoji texnikumda müəllim, SSRI EA Dağıstan filialında Tarix, Dil və Ədəbiyyat Institununda elmi işçi kimi çalışmışdır. Ilk şeirlər kitabı 1925-ci ildə çap olunmuşdur. Folklor materialları və Yırçı Kazakın şeirlərini toplamışdır.
Ədəbiyyata şeirlə gəlsə də sonradan dramçılığa marağı artmış, “Ayqazi”, “Qırmızı partizanlar” “Qarasaç” pyeslərini yazmışdır. Ilk iki pyesi uzun illər fasiləsiz şəkildə Dağıstan teatrlarının səhnələrindən düşməmişdir. Qumuq xalq ədəbiyyatından nümunələri “Çiçəklər” adı altında toplamışdır. Ona Dağıstanın əməkdar incəsənət xadimi fəxri adı vermişlər. “Dəmirçiyə”, “Qulaq as!”, “Məktəb”, “Günəş necə danışır”, “Rezin top” şeirləri Z.Cabbarzadənin tərcüməsində Azərbaycanda çap olunmuşdur (Dağıstan ədəbiyyatı antologiyası, 1959:36-38).
Bakıda Bəkir Çobanzadə, Əziz Ubaydullin, Xalid Səid Xocayev, Abdulla Şərifov və b. araşdırıcılarla yaxından tanış olmuş və öyrətmənlərinin yaratmış olduğu əksinqilabi qrupa qoşulmuşdur. Bəkir Çobanzadənin 1937-ci ildə həbs edilərkən müstəntiqə verdiyi ifadədən aydın olur ki, SSRI-dən ayrılmaq şərtilə türk-tatar xalqlarının vahid müstəqil dövlət halında birləşməsi (Vahid Turan Dövləti) məqsədini qarşıya qoymuş qrupların birinin tərkibində Alimpaşa Salavatov da varmış (Istintaq sənədlərində onun adı Alim Paşa-Solqar kimi qeyd olunur) (Babayev Adil, 2003:85). Onun daxil olduğu 3-cü qrupda Atababa Musaxanlı, Hənəfi Zeynallı, Abdulla Tağızadə, Xalid Səid Xocayev kimi elm xadimləri ilə yanaşı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq kimi şairlər və başqa elmi-pedaqoji işçilər də olmuşdur. (Babayev Adil, 2003:89).
Alimpaşa Salavatovun 1937-ci ildə həbs edilib edilmədiyindən və həmin illərdəki taleyindən xəbərsizik. Bildiyimiz odur ki, Ikinci Dünya Savaşına göndərilmiş və Kırımda gedən döyüşlərdə ölmüşdür.
Dostları ilə paylaş: |