(Üüsek kuşlar,1982:73-74)
Qaqauzlar arasında geniş yayılmış bir çox manı - bayatı nümunələrinin ilk iki misrasını saxlamaqla son iki misralarını özü yazmışdır. Bəzən də tamamilə yeni manı - bayatı növündə dördlüklər yazmışdır:
Yarimä gelip, geldim
Kendimä gelämedim
Sevgimi sevip sevdim
Elinä diiyamedim
Ne kasêrsın ayolum
Yıraa enseni?
Önündeyim “saa oolu”
Say canabini (Üüsek kuşlar, 1982:83-84)
Azərbaycanı candan sevən, dəfələrlə respublikamıza gələrək Sabir, Nizami günlərində iştirak edən, Nəsiminin yubiley tədbirlərinə qayıdan, geri döndükdən sonra gördüklərini şeirə çevirən S.Kuroğlu universitetlərimizdə müəllim və tələbələrlə görüşər, akademiyanın institutlarına gedərək yeni nəşrlərlə tanış olar, şeirlərini oxuyar, qəzet və jurnallarda, televiziya və radioda qaqauzlar haqqında bilgi verərdi. Bakının küçələrini gəzərək tanımadığı adamlarla belə şirin söhbət etməkdən ləzzət alar, sonra da onları həvəslə dost-tanışına danışardı.
Stepan SSRI-nin Bessarabiyanı işğal edərək Ukraynanın tərkibinə qatandan az sonra doğulmuşdu. Onun uşaqlığı çox çətin və ağır illərə təsadüf etmişdir. Sovetlərdən sonra faşist Almaniyasının bu yerləri işğalı, Rumın polislərinin özbaşınalığı, yenidən SSRI-nin oraya sahiblənməsi böyük qarışıqlıq yaratmış, əli silah tutanları savaşa cəlb etmişlər, iş qabiliyyəti olanları cəbhə xətti üçün işlətmişlər, beləliklə təsərrüfat dağılmış minlərlə insan acından ölmüşdür.
Indi həmin günləri qaqauzlar böyük aclıq deyə xatırlayır, acından ölənlərə xatirə abidəsi ucaldılır, kitablar yazılır, filmlər çəkilir. Sovetlər zamanı onu xatırlamaq belə yasaq olduğu halda, sonralar bu işin önündə gedən, xalqının məruz qaldığı zülmdən söz açanlardan biri də Stepan Stepanoviç Kuroğlu olmuşdur.
Yeniyetmə yaşlarından xalq mahnılarını təsiri ilə şeirlər yazan S.Kuroğlu orta məktəbi bitirib Kişinyov Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunur. Ali təhsil aldıqdan sonra kəndlərinə dönərək bir müddət müəllimik edir. 1969-72-ci illər arasında Moldova Elmlər Akademiyasının aspiranturasında oxuyur. Etnoqrafiyadan elmi iş götürür. Vaxtında müdafiə edərək tarix elmləri namizədi adını alır.
Moldova Elmlər Akademiyasında elmi işçi kimi çalışmaqla kifayətlənmir, Qaqauzşünaslıq şöbəsini açılmasına nail olur və şöbəyə uzun illər rəhbərlik edir, kadrlar toplayır, yeni mütəxəssislər hazırlanması qayğısına qalır.
1977-ci ildə Moskvada çap etdirə bildiyi “Liçnsе imеnа u qаqаuzоv. Istоriçеskая оnоmаstikа” kitabı qaqauzların bolqar, yunan, hətta rumın kökənli olduğunu təbliğ edənlərə sərt bir cavab olur. Qaqauzların türk kökənli olduğunu sanballı faktlarla ortaya qoyduğuna görə onun elm aləmində nüfuzu daha da artır.
Ana dilində lirik və səmimi şeirlər yazmaqla qaqauz türkcəsinin yazılı ədəbi dilinin formalaşmasına təsir göstərir. Qaqauz dilində çap olunan ilk şeirlər toplusuna onun da şeirləri daxil edilir. Az sonra özünün şeirlər kitabını oxucuların mühakiməsinə verir. Onu SSRI Yazıçılar Ittifaqına üzv seçirlər. S.Kuroğlu Moldova Yazıçılar Ittifaqının nəzdində qaqauz bölümünün yaradılması üçün də çox əmək sərf edən insanlardandır.
O, poeziyaya sadəcə bir sənət kimi baxmır, hiss və duyğulara təsir etməklə xalqını oyatmaq, maarifləndirmək, dünyanın inkişaf etmiş xalqları sırasına çıxarmaq vasitəsi kimi yanaşırdı. Dilini, tarixini, vətənini sevməyin vacibliyindən söz açanda Mixail Çakırı nümunə göstərərək yazır:
Bir düş görmüşdü Mixail Çakır
Da okumayı istermiş kendisi.
Manasını düşün, çağrısını duy…
Duasında anlamış: Bu Allahdan izin.
Mixail Çakır XIX-XX yüzillərdə yaşamış nüfuzlu din adamı olmaqla yanaşı, xalqının tarixinə, etnoqrafiyasına dair sanballı əsərlər yazmış, qəzet nəşr etmiş, dini kitabları və çox oxunan duaları qaqauz dilinə çevirərək kilsələrdə oxutmuşdur. S.Kuroğlu da soydaşlarını hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq Mixail Çakır kimi vətənpərvər olmağa çağırır. S.Kuroğlu şeirlərində sadə və kiçik görünən mövzulara müraciət edərək onları ümumiləşdirə bilir. Yazda pəncərəsinə dayanan bir şaftalı ağacının çiçəkləməsindən təsirlənən şair “Şefteli” şeirini belə tamamlayır:
Elcääzinnän urma sırçaya,
Pencereyä dikmä çiçeeni,
Görüşelim çaarma başçaya,
Gelinä benzäär bir şefteli !
Yaxud “Tatlı ses” şeirində anasızlıqdan doğan acılarını şirin bir xatirə ilə belə başlayır:
Anacıım işler yapaa
Hem bana masal söleer,
Bu eski masal bana
Nicä düş geleer.
Insan üçün əbədi olan mövzulardan S.Kuroğlu da yan keçə bilmir. “Sənsiz” şeirində yazır:
Sensiz
Ak dünnää da – tersinä,
Raatlık – cendemdän beter,
Hem pişmansın kendinä,
Zeedesinnän zeet eder.
Sensiz
Nicä kör – kafadarsız,
Nicä kırlangaç – eşsiz,
Nicä zin gecä – şafksız,
Sensiz zor, nicä sensiz...
Həyatını qaqauz türklərini dünyaya tanıtmağa həsr etmiş bu insan ölkə daxilində və xaricində təşkil olunmuş çox sayda toplantılarda iştirak edərək qaqauz tarixi, dili, folkloru və başqa bir çox mövzularda məruzələr oxumuş, bir çox qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir.
Dəfələrlə Azərbaycanda olan şair buradan aldığı təəssüratlarını “Nizaminin cavabı”, “Nizam –Nizam yıllar göçer…”, “Geminməz Sabir durer…” və b. şeirlərində əks etdirmişdir. “Nizamiyə cavab” şeirində yazda yaşıllığa bürünmüş Gəncə çöllərini, Nizami məqbərəsi önündə şeir oxuyan Azərbaycan şairlərini qaqauz oxucusuna belə tanıdır:
Bayırlar -yeşil tınaz
Biri-biri ardına.
Göy Gölü almış Kəpəz
Taşlı avuçlarına.
… Te Cabir Novruz baarêr,
Mamed Ismail, Fikret
Peet incelerni aarêêr..
Te bir ses verdi Nüsret…
Şirvana səfərini, Şamaxıda M.Ə.Sabirin, S.Ə.Şirvaninin məzarlarını ziyarət etmələrini, Sabir günlərində iştirakını S.Kuroğlu belə xatırlayır:
Maalim Şirvani divan,
Mezardan kalkıp durêr,
Herbir peet sevän insan
Seslemää onu uurêêr.
..Çaar konaa, Fikret Sadık,
Şemahayı çok andık,
Sabiri görmää artık
Hepsiciimiz uyandık.
Sovetlər Birliyinin dağılmasından sonra qaqauzların müstəqilliyi uğrunda dayanmadan mübarizə aparan S.Kuroğlu bir müddət Moldova parlamentində, bir müddət isə Qaqauz Muxtar Vilayətinin Xalq Məclisində deputat kimi fəaliyyət göstərmişdir. Qaqauzların siyasi taleyini müəyyənləşdirən Moldaviya parlamentində kəskin, sərt və milli çıxışları moldav millətçilərinin narazılığına səbəb olmuşdur.
Stepan Kuroğlunun elmi əsərləri ilə yanaşı, ədəbi əsələri də milli yönümlü, təbliğ xarakterli olmuşdur. Şeirlərini toplayaraq “Bir kucak güneş” (Bir qucaq günəş, 1969) kitabını nəşr etdirmişdir. Amma onun nəsr əsərlərindən daha çox nəzm əsərləri diqqəti çəkmiş, o, şair kimi tanınmışdır. Onun “Bir kucak güneş” kitabı ilə yanaşı, həm də “Yollar” (1970), “Kızqın çiyler” (1974), “Kauş avaları” (1977), “Çık, çık güneş” (1981), “Üüsek kuşları” (Yüksəklik quşları, 1982), “Rodoslovnoye derevo” (1988), “Ilkyaz türküsü” (1969), “Maanelər” (1998), “Yol ildızı” (2000), “Laleler” (2001) kimi bədii, 4 elmi kitabın yazarı olan, bir neçə kitaba redaktorluq edən şair romantizmi və fəlsəfəni poeziyada ən çox işlədən sənətkarlardandır. Incə bir lirizmə əsərlərində yer verən şair mistik düşüncələrini çeşidli idiomatik ifadələrlə anlatmaqdadır.
Şeirlərinin başlıca mövzusu təbiətin gözəlliyi, qaqauz xalqının taleyi, azadlıq uğrunda mübarizə, insanlar arasında dostluğun, sevginin geniş yayılması kimi mövzulardır. “Qoruyun günəşi” şeirində o, Ikinci Dünya Savaşının nəticələrini göstərərək bunları unutmamağa və dünyada sülhü qoruyub saxlamağa çağırır.
“Samanyolu” şeirində hər insanın göydə bir ulduzunun olduğunu, insana həyatı boyunca o ulduzun işıq verdiyini və insanla birgə ulduzun da öldüyünü mistik bir tərzdə ifadə etmişdir. Bu şeirdə xalq inanclarına və anonim xalq ədəbiyyatının önəmli janrlarında nağıl və rəvayətlərə ağırlıq verən şair yenə Böyük Araba (Böyük Ayı) və Kiçik Araba (Kiçik Ayı) bürcləri ilə bağlı bir misal anlatmaqda, bu ulduzların göydə saman daşıdıqları üçün Saman yolu adını aldıqlarını oxucuya bildirməkdədir.
S.Kuroğlu savaş mövzusuna tez-tez müraciət edən şairlərdən olmuşdur. Ikinci Dünya Savaşında əmisi Fedor Kuroğlunu itirməsi şairi həmişə üzmuş, ona görə də qaqauz ədəbiyyatına vətənpərvərliyi təbliğ edən, savaşlara nifrət oyadan bir neçə əsər bəxş etmişdir. O, bu əsələri ilə insanları dostluğa, qardaşlığa, barışa səsləmişdir. “Uyer soldat”, “Mezar başında”, “Sus aalama”, “Menevşa”, “Ana vətənim” və b. əsərləri bu mövzudadır. Məsələn:
Cenk etmää biz diil kayıl,
Onu kimsä istemez.
Dünnää cengä diil mail,
Birinä islää gelmez.
Onuştan, biz insannar,
Kol-kola tuttuk birlii.
Bizim dişli duşmannar
Görmezlär bizdan iilik.
Dostları ilə paylaş: |