Tina Petrov qızı Sürme (1965, indiki Ukrayna Respublikası Odessa vilayəti Bolqrad rayonunun Kurcu kəndi). Pedaqoji məktəbi bitirdikdən sonra Komrat Dövlət Universitetinə daxil olmuş, yeniyetməlik çağlarından şeir yazmağa başlamışdır. Yaradicılığında lirik şeirlər və uşaqları təlim-tərbiyəyə, elmə həvəsləndirən əsərlər çoxluq təşkil edir. Aldığı pedaqoji təhsil ona uşaq dünyasını anlamağa kömək etdiyi kimi, uşaqlara təsir göstərə bilmə yollarını tapmaqda da yardımçı olur. Əsərlərinin əksəriyyəti qaqauz türkcəsində nəşr edilən qəzet və jurnallarda çap olunmuşdur. Ilk şeir kitabı 1996-cı ildə “Kır çiçeği” adı ilə çixmışdır. Çapa hazırladığı iki şeir kitabı da vardır.
Çağdaş qaqauz şairləri arasında istedadı ilə seçilən Tina Sürmeli hansı mövzuda, hansı təbəqə üçün yazmasından asılı olmayaraq milli düşüncəni həmişə öndə saxlayır. “Türklər bizə qardaş” şeirində yazır:
Sölardı dädular bizim –
Türklär bizä kardaş!
Inanmeenm, ani buluştuk-
Gözlerimdän aker yaş.
Sevinmeliktän Kurcu uçer havada,
En paalı musaafirlär
Onun topraanda.
Bizä siz nasıl saadıç,
Paalı dostlarımız,
Sizä oynaycez karşı,
-Hiç yorulmaycez.
Te neredä haliz yortu,
Birerdä kardaşlar toplu,
Kol-kola tutunuk
Oyneerlar horu büük.
Bu misralar qaqauz şairlərinin əksəriyyətində olduğu kimi, Tina Sürmenin də böyük müstəmləkəçilərin millətini “əridəcəyi” qorxusunu ifadə edir. Onlar bundan qurtarmağın yolunu da soydaşları, qardaşları ilə yaxınlaşmaqda, eyni dilin və mədəniyyətin daşıyıcısı olduqları xalqlarla sıx birlikdə görürlər.
Tanas (Afanasi) Dmitri oğlu Karaçoban (21.08.1965, indiki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Beşalma kəndi). Tanas Karaçobanın əsas işi heykəltəraşlıqdır. Görünür, bədii yazılarını az-az və gec-gec oxucu mühakiməsinə verdiyindən onun adını bu dövrün ədibləri ilə birgə çəkirlər.
Ikinci dövr ədibləri qaqauz ədəbiyyatına fəlsəfə, mistik mövzular gətirdilər. Onlardan sonra gələnlər də həmin mövzuları daha da dərinləşdirdilər. Şairlər həyatdan aldıqları duyğuları içlərindəki ruhlar aləminin mühakiməsinə verməyə, oradan gəldikləri nəticələri oxucu ilə bölüşməyə başladılar. Bu, Tanas Karaçobanın da yaradıcılığında özünü göstərir. T.Karaçoban sərbəst şeirlərindən birində fikirlərini oxucuya belə çatdırır:
Te “sud” gider,
Te su serperlar
Bitti..
Yalın iki oldu...
Birisini, ya, bak
Gömerlär
Ikincisi kendi sündü.
Dostları ilə paylaş: |